“Azərbaycana 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub” - KOBİA sədri

“Azərbaycana 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub” - KOBİA sədri
 

“Ötən 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxını qeyri-neft sektoruna yönəlib”.

“Report”un xəbərinə görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarının təntənəsi: şanlı Zəfərdən yeni zirvələrə” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, SSRİ-nin süqutu nəticəsində ötən əsrin 90-cı illərinin əvvəlində postsovet məkanında başlamış transformasiya prosesləri Azərbaycanda daha gərgin məcrada davam edirdi:

“Sadəcə bir neçə rəqəm ilə ölkə iqtisadiyyatının o zaman mövcud olan vəziyyətini izah etmək olar. Belə ki, bu dövrdə sənayedə illik geriləmə 20-24 faizə, kənd təsərrüfatında 15-20 faizə, kapital qoyuluşlarında isə 40 faizə çatmışdı. İnflyasiya min faizlərlə ölçülürdü, manatın məzənnəsi 100 dəfədən çox azalmışdı.

Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi tarixi imkandan faydalanaraq müstəqil dövlətçilik arzusunu əbədi reallaşdırmasını təmin etdi.

1993-2003-cü illər ərzində Heydər Əliyevin dövlətçilik doktrinası əsasında quruculuq strategiyası uğurla həyata keçirildi və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş fiskal stimullar tətbiq edilir, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır”.

O. Məmmədov bildirib ki, son 20 ildə Azərbaycanda milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15 dəfədən çox artıb: “İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib. Özəl sektorun ÜDM-də payı 83 faizi keçib, məşğulluqda isə 78 faizə yaxınlaşıb”.

 

0.033962965011597