Büdcə proqnozlarına yenidən baxıla bilər - Samir Şərifov

Büdcə proqnozlarına yenidən baxıla bilər - Samir Şərifov
 

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis deyil.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin büdcə proqnozlarındakı qiymətlə müqayisədə dəyişməsi ilə əlaqədar 2024-cü ilin büdcəsinə yenidən baxılmasını şərh edərkən deyib.

“Heç nəyi istisna etmək olmaz, bir qayda olaraq, biz ötən dövrün, yəni dörd ayın yekunlarına nəzər salırıq ki, qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı pis deyil, kifayət qədər yüksəkdir, neft sektoru, eləcə də vergi və gömrük daxilolmaları xətti ilə əlavə gəlirlər mövcuddur”, - nazir bildirib.

Onun sözlərinə görə, bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir:

"Bildiyiniz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 60 dollar səviyyəsində müəyyən edilib. Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərə alınacaq, bizim neftlə yanaşı, qazdan da gəlirimiz var”, - S.Şərifov vurğulayıb.

Nazir qeyd edib ki, beynəlxalq qaz bazarlarında qiymətlər çox dəyişkəndir, belə ki, son vaxtlar qazın qiyməti ucuzlaşmağa başlayıb.

“Bütün deyilənləri nəzərə alaraq, bu gün müəyyən hesablamalar aparılır. Buna görə də həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək”, - S.Şərifov söyləyib.

 

0.02254581451416