Əsgəran qalasının baglanmasi - Akif Mirsiyaboğlu yazır...
1991-ci ilin sonuna yaxın şəxsi avtomobillə Əsgəran qəsəbəsindən keçib getmək, müşkül bir işə çevrilmişdi. Ona görə də öz maşınımı Qaraağacı postunda qoyub Xocalı istiqamətində tək - tək hərəkət edən hərbi maşınlardan istifadə edirdim. Bir gün yenədə posta gəlib,Xocalıya getmək üçün hərbi maşın gözləyirdim .Xankəndi hərbi komendatlığına məxsus olan BTR – i saxlatdım. Qeyri vaxt etiraz etmədən yol yoldaşlığı edən ruslar, bu dəfə nədənsə tərəddüd edirdilər, sonda razılaşdıq, mənim xahişimlə qonşumuz Azad kişinin oğlu Asifidə götürdülər. Yola düşdük,rus podpolkovniki bizi lap arxada əyləşdirib, xəbərdarlıq etdi ki, nə olsada dinməyin. Onun bu hərəkəti mənə çox qəribə gəldi. Əsgəranın girişində BTR – i saxlatdılar. Podpolkovnik əlini dodaqlarının üstünə qoyub mənə dinməmək işarəsi verib, lyuku açdı.Saqqallı bir baş lyukdan içəri baxıb hökmlə soruşdu. "Hara gedirsiniz, maşında azərbaycanlı var?" Podpolkovnik Xankəndi komendantlığından olmalarını bildirdi. Maşında azərbaycanlı olmamasını bildirsədə, saqqallı erməni bir azda əyilib, diqqətlə içəri baxdı. BTR-n arxa hissəsi qaranlıq olduğundan bizi görmədi. Hər ehtimala qarşı tapançanın koburunu açıq qoydum ki, lazım olsa müdafiə oluna bilək. Saqqallı çəkiləndən sonra rus podpolkovniki tərini silib, rahatlıqla dərindən nəfəs aldı. Yola düşəndə həmişə rus əsgərlərinin dayandığı postda artıq saqqallı ermənilərin dayandığını gördüm.
Artıb nəvələri Qara keşişin Lələlik eyləmir, lələ qorxudan, misralarında deyildiyi kimi rusların havadarlıq etdikləri ermənilər , sovet hökuməti dağılan kimi rusa öz sifətlərini göstərmişdilər.
Əsgəran qalasına çatanda yenidən dayandıq, elə bildim yenə də post var. Baxdım ki, qala divarlarını ermənilər beton bloklarla hörüb, yolu bağlayıblar. Ağdamla Xocalının quru yolunu tam kəsiblər. Ğeri döndük, Əsgəran milis şöbəsinin yoluna çatanda dedim ki, sola dönün.Xanabad kəndi istiqamətində gedərək Əsgəran qəsəbəsindən çıxanda dedim ki, yenidən sola dönüb, Boz dağının ətəyi ilə irəliləyin.
Atımızı uşaq vaxtlarında Xanabad kəndinə erməni nalbəndin,Şaşanın yanına nal vurdurmağa aparanda o yolu görüb yadımda saxlamışdım . Çətinliklə ordan keçib qala divarlarından bir qədər irəlidə işıq yarımstansiyasının yanından ötüb, yenidən şosse yola çıxdıq. Xocalı körpüsünə çatanda düşüb evə getdik. Kənddə dedim ki , ermənilər qalanı hörüb, yolu tam bağlayiblar.Bundan sonra ancaq vertolyot ilə Xocalıya gedib - gəlmək mümkün olurdu. Mülki vertolyotumuz Şuşa səmasında vurulandan sonra isə vertolyotların hərəkəti dayandırıldı və Xocalı şəhəri tam muhasirəyə düşdü.
Əsrin faciəsinə isə iki aydan bir qədər az vaxt qalırdı.
"Paralel.az"