Xocalıya ilk hücum -18 sentyabr 1988 - Akif Mirsiyaboğlu yazır...

Xocalıya ilk hücum -18 sentyabr 1988 - Akif Mirsiyaboğlu yazır...
 

Xocalı mühasirə vəziyyətində olsa da, həyat öz axarı ilə davam edir, geniş quruculuq, abadlıq işləri səngimirdi. Yeni qəsəbələr salınır, fabriklər, zavodlar inşa edilirdi. Sovet dövründə zəruri tikinti materialları əldə edə bilməyən yerli sakinlər də, tikinti materialları bolluğundan istifadə edərək öz evlərində təmir, tikinti işləri görürdülər. Mən də kürsülü dörd otaqlı evimizin yerində, ikimərtəbəli yeni ev inşa etdirmək istəyirdim. Atam icazə vermədi ki, mənə öz tikdiyim ev daha rahatdir. Bundan sonra birtəhər razılığını alıb, evin damını dəyişməyə, əlavə otaqlar artırmağa razı sala bildim.Işdən asudə vaxtlarda Xocalıya tikinti materialları daşıyırdım. Evində qaldığım rəhmətlik Süsər xala deyirdi ki, "hamı aşaği daşıyır, səndə yuxari, oranın axırı yoxdur, bu materiallar heyifdir, aparma Xocalıya, ondansa Üçoğlan kəndində bir ev tikdir". Sonradan onun sözünə gecdə olsa əməl etdim. Kolxoz sədri olan dostum Zahid müəllimdən həyətyanı torpaq sahəsi aldım. Otuz sota yaxın olan su tutar yerdə torpaq sahəsi götürsəm də, orda ev tikmək qismət olmadı . Xocalı faciəsində həyat yoldaşı şəhid olmuş beş uşaq anası olan qızı Naziləyə verdim.
Xocalının bütün ustaları tikintidə çalışdıqları üçün Xocalıya , aran kəndlərindən ustalar aparırdım. Evin damını sökəndə Həsən adlı usta hündürlükdən yaxınlıqdakı erməni kəndi Noraguğu görüb yarızarafat, yarı gerçək dedi ki, mən gecə burda, erməni kəndinin yaxınlığında qala bilmərəm. Böyuk qızım yeddi yaşlı Aynurə bunu eşidəndə ustanı evə çağırıb, atamın çarpayısının baş tərəfində, həmişə hazır vəziyyətdə olan tüfəngini və patrondaşını göstərərək dedi : Əmi sən qorxma, erməni gəlsə babam onları tüfənglə vuracaq. Bundan sonra usta Həsən Xocalıda qalıb gecələməklə işini başa çatdırdı .
Günlərin birində tanışım KAMAZ sürücüsünə bir maşın mingəçevir qumu gətirməsini tapşırdım.O , günorta saatlarında qumu gətirdi.Dedim ki , imarət stadionunda Agdam komandası futbol matçı keçirəcək, stadionda asayişin qorunmasında iştirak etməliyəm . Futbol qurtarsın , aparıb qumu Xocalıya boşaldıb qayıdarıq.Futbol oyunundan sonra Xocalıya yola düşdük.Əsgəranın girişində olan posta çatanda əsgərlər şlaqbaumu üzümüzə bağladılar. Düşüb komendatura hərbiçisinə yaxınlaşdım, nə üçün yolu bağlamasının səbəbini demədi.Ağdam tərəfdən gələn digər maşınlar da postun qarşısında yığılıb gözləyirdilər. Bu zaman Ağdamın yanğın söndürən və təcili yardım maşınlarıda ora yaxınlaşdılar .Bunlarıda ruslar postdan buraxmadılar. O , vaxtlar yanğınsöndürən komandada işləyən rəhmətlik Faiq Baxşəliyevə yaxınlaşıb, nə baş verdiyini soruşdum. Faiq dedi ki, ermənilər Xocalıya hücum edib, evlərə, ot tayalarına od vurublar, nə Əsgəran , nə də Stepanakert yanğınsöndürənləri ora getmir, ona görə də yanğını söndürməyə bizi göndəriblər. Rusa yaxınlaşıb vəziyyəti ona dedim və tələb etdim ki, heç olmasa yanğınsöndürən və təcili yardım maşınlarını postdan buraxsınlar. Eşitmədiklərini görub qərara aldıq ki, yanğınsöndürən maşınlar və kamazla şlaqbaumu vurub aşıraraq , Xocalıya köməyə gedək .Bu zaman hardansa peyda olan 20 nəfərlik tam döyüş hazırlıqlı sovet əsgəri yolumuzu kəsdilər .Havaya xəbərdarlıq atəşi açaraq bizi postdan uzaqlaşdırdılar.
Səhərə qədər Əsgəran yolunda həyəcan içində, kənddə nələr baş verməsindən nigaran vəziyyətdə gözlədim .Yol açılan kimi özümü Xocalıya çatdırdım.Kənddə öyrəndim ki, Stepanakertin mərkəzi meydanına mitinqə toplanmış yeddi minə yaxın erməni, mitinqdən bir başa Xocalıya yürüş ediblər. On kilometrlik yolda SSRİ müdafiə və daxili işlər nazirliklərinin muxtar vilayətə ezam olunmiş silahlı qüvvələri həmişə olduğu kimi ,,yoxa çıxmış" və azğınlaşmış kütlənin qarşısını almamışlar .Əlbəyaxa dava başlayıb, ermənilər vahimə yaratmaq üçün aeroport tərəfdən kəndin kənarında olan evlərə və ot tayalarına od vurublar. Davada ermənilərdən biri öldürülüb , bir neçə nəfərdə xəsarət alaraq, kənddən geri çəkiliblər. Kənd sakinlərindən isə yüngül xəsarət alanlardan başqa yeddi nəfərdə ciddi yaralanıbdır. Kəndin mərkəzinə getdim.Aeroport yaxınlığında kənd nümayəndələri ilə respublika daxili işlər nazirinin müavininin söhbət etdiyini görüb, onlara yaxınlaşdım.General mənə dedi ki, mənim gəldiyim UAZ maşınını götür, xəsarət alanları müəyyənləşdir, bir neçə saatdan sonra hərbi konvoyun müşaiyəti ilə maşın karvanı Ağdama keçəcəkdir.Həmin yaralıları gətir mərkəzi xəstəxanaya , orda məhkəmə tibb eksperti müayinə edib, cinayət işi başlanması üçün istintaq qrupuna rəy verə bilsinlər.
Generalı aerportdan mi – 8 vertolyotu ilə yola salandan sonra, kəndimizin həkimi Eldəniz Allahverdiyevlə görüşüb söhbət etdik. Dedi ki, yaralılardan birinin vəziyyəti çox ağırdır, tərpətmək olmaz, daxili qanaxma baş verə bilər .Altı nəfər yaralını avtobusda yerbəyer etdikdən sonra,gəlib evdən anamla uşaqlarıda götürüb , qarşıda BTR və əsgərlər ilə dolu bir hərbi yük maşını, sonra bizim UAZ, ardınca ona qədər avtobus və digər maşınlar olmaqla, sonda yenə bir BTR və hərbi yük maşınının müşaiyəti ilə qaranlıq düşənə yaxın Ağdama yola düşdük.
Əsgəranın girişində sakitlik olsada, profilaktoriyanın qarşısında hündür barrikada qurulmuş , yolun hər iki tərəfinə daş, dəmir parçaları ilə silahlanmış ermənilər toplanmışdılar. BTR barrikadanı dağıda bilmədi, maşın karvanı dayanan kimi hər tərəfdən üstümüzə daş, dəmir parçaları yağmağa başladı. Yük maşınından düşən əsgərlər bir əli ilə qalxanı başına tutur, o biri əli ilə barrikadanı sökürdülər. Mən uşaqların paltarları yığılmış sumkaları hər iki tərəfdən maşının pəncərəsinə söykədim ki , şüşə qırıqları uşaqlara xəsarət yetirməsin. Nəhayət yol bir qədər açıldı, maşın karvanı yola davam etdi. Maşınların şüşəsi qırılmış, maşında olanlardan neçəsi xəsarət almışdı. Onları Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, şöbəyə gəldim.
Baş verənləri ezamiyyət müddətində rəisin iş otağında əyləşən generala məruzə etdim. Bir nəfərin gətirilməməsinə qəzəblənən general, Xocalıya gedib həmin xəstənidə gətirməyi əmr etdi. Aşağıda gözləyən milis starşinası Yusif adlı sürücüyə bizə bir saat vaxt verilməsini dedim. Əmr icra olunmarsa orqandan xaric olunacağımızı ona çatdırdım. Yusif maşını işə salmaq əvəzinə ikinci mərtəbəyə qalxdı, məndə onun ardınca yenidən rəisin qəbul otağına gəldim. Yusif rəisin kabinetində əyləşən generalın yanına keçdi. "Özünüz çiyninizdə general paqonu Xocalıdan vertolyotla qayıtdınız, Əsgərandan xəbəriniz var " deyərək maşının açarınıda tullayıb, otaqdan çıxdı. Yusif gedəndən xeyli sonra da generaldan bir xəbər çıxmadığını görüb uşaqları həmin vaxtlarda qaldığım Ballar kəndinə gətirdim. Aradan bir neçə gün keçdikdən sonra vəziyyətin nisbətən sabitləşməsini və qonaq evində olan narahatlıqları nəzərə alaraq onları yenidən Xocalıya qaytardım. Bu ərəfədə tək bizim ailə deyil, demək olar ki, bütün ailələr şəhərdə vəziyyət gərginləşən kimi azyaşlı uşaqları şəhərdən şıxarır, dost - tanış , qohum evində qonaq qalır, vəziyyət bir qədər sabitləşən kimi Xocalıya dönürdülər. Məsəl var el - elə sığar, ev - evə sığmaz. Hər kəs geri dönəndə mühasirədə olsada , atəş sədaları altında zirzəmilərdə gecələsələr də tam rahatlıqlarını öz evlərində tapırdılar.

"Paralel.az"

 

0.014688014984131