HƏMAS-ı terror təşkilatı kimi tanımayan siyasətçiləri tanış olun...

HƏMAS-ı terror təşkilatı kimi tanımayan siyasətçiləri tanış olun...
 

HƏMAS-İsrail müharibəsi ölkəmizdə də ciddi müzakirə edilir. Cəmiyyətdə İsrailin tərəfini tutanlarla yanaşı, HƏMAS-ı müdafiə edənlərə də rast gəlinir. Əsas arqument budur: “İsrail 44 günlük müharibədə Azərbaycana dəstək verib, Fələstin isə ermənilərin tərəfini tutub”.

Azərbaycanda HƏMAS-ı terror təşkilatı kimi sayanlar da var, onu Fələstin xalqının müstəqilliyi üçün döyüşən azadlıq ordusu kimi görənlər də.

Maraqlıdır, bəs azərbaycanlı siyasilər necə düşünür: HƏMAS terror təşkilatıdır, yoxsa azadlıq ordusu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, dünyanın hər yerində müxtəlif təşkilatlara qarşı münasibət eyni deyil:

Tural Abbaslı

“Misal üçün, Əfqanıstanda fəaliyyət göstərən Talibanı ABŞ 20 ilə yaxın terror təşkilatı kimi tanıdı, lakin yekunda bir masa arxasına əyləşib danışıqlara getmək məcburiyyətində qaldı.

Türkiyə, Azərbaycan və bir çox dövlət PKK-nı terror təşkilatı kimi tanıyır, lakin əksər Avropa ölkələri terror təşkilatı kimi tanımır. Buna görə də məsələyə emosional deyil, siyasi yanaşma sərgiləməliyik.

Azərbaycan və Türkiyə HƏMAS-ı terror təşkilatı kimi tanımır. Düşünürəm ki, biz də terror təşkilatı kimi tanınmamalıyıq. Çünki HƏMAS Fələstin torpaqlarının azadlığı uğrunda mübarizə aparan siyasi qrupdur.

HƏMAS necə terror təşkilatı ola bilər ki, 2006-cı ildə keçirilən seçkilərdə qalib gəlib? Hazırda Fələstin parlamentində təmsil olunurlar. Onların hansısa fəaliyyətində cinayət tərkibi ola bilər. Amma mən bütövlükdə HƏMAS-ı terror təşkilatı kimi tanımıram”.

Deputat Arzu Nağıyev isə deyib ki, oktyabr ayının 7-də HƏMAS-ın İsrailə hücumu bu günə qədər edilənlər arasında ən ciddisi idi:

Arzu Nağıyev

“Həyatını itirənlərin sayı da bunu deməyə əsas verir. İsrail təbii olaraq buna cavab verməli oldu. Ölkədə hərbi vəziyyət elan edildi, Qəzza zolağına qarşı çox ciddi əməliyyatlara başladı.

Son zamanlar HƏMAS-ın hərəkat, yoxsa terror təşkilatı olması müzakirə edilir. HƏMAS 1987-ci ildə yaradılıb. Bu təşkilat sünni məzhəblidir.

HƏMAS həm də hərəkat və siyasi partiyadır. HƏMAS təşkilatı hazırda əsasən Qəzza zolağına nəzarət edir. Eyni zamanda İordan çayının qərb sahilində fəaliyyət göstərir.

Onun silahlı qanadı olan İzzəddin Əl Qəssam briqadaları var. Bütün hərbi məsələləri onlar həyatı keçirir. Dünya tərəfindən HƏMAS-ın terror təşkilatı kimi tanınması da məhz bu briqadalara görədir.

Fələstində bir neçə dəfə seçkilər keçirilib və HƏMAS qalib gəlib. HƏMAS həm partiya, həm də hərəkat olaraq qələbə çalıb. Demək olar ki, bütün əraziyə onlar nəzarət edir. Yasir Ərəfatın ölümündən sonra HƏMAS daha çox aktivləşdi.

HƏMAS-ı bəzi ölkələr terror təşkilatı olaraq saymır. Bəzi ölkələr isə sadəcə İzzədin Əl Qəssam briqadalarını terror təşkilat hesab edir. Ümumiyyətlə, HƏMAS-ı terror təşkilatı kimi tanımayanlar da var.

Hesab edirəm, biz terroru pisləməli, insanlığa qarşı atılan addımları dəstəkləməliyik. Biz özümüz bu prosesləri görmüşük. Erməni terrorçularının nələr etdiyini yaxşı bilirik. Buna görə də heç cür terroru, terrorçuluğu dəstəkləyə bilmərik”.

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə deyib ki, HƏMAS-ı terror təşkilatı kimi tanımaq qətiyyən doğru deyil:

Sərdar Cəlaloğlu

“Əvvəlcə onu deyim ki, HƏMAS Fələstin xalqının siyasi iradəsini təmsil edən tək təşkilat deyil. Bir çox siyasi, hərbi, o cümlədən mülki təşkilatlar var ki, Fələstin üçün mübarizə aparır. Faktiki olaraq bu gün Fələstinin rəhbəri Mahmud Abbasdır.

Lakin bununla belə problemi dinc yolla deyil, hərbi yolla həll etmək istəyən, bu yolu izləyən tərəflər var. HƏMAS-ı anlamaq üçün Azərbaycan örnəyini misal gətirmək olar. Necə ki, Azərbaycan 30 illik münaqişəni yekunda hərbi yolla həll etdi, HƏMAS da siyasi yolun bağlı olduğunu gördüyü üçün hərbi yola əl atdı. Bu baxımdan mən düşünmürəm ki, HƏMAS terror təşkilatıdır.

HƏMAS liderləri bu gün dövlətlər səviyyəsində görüşlər keçirir, səfərlər edir. Misal üçün, HƏMAS-ın nümayəndəsi bu gün Rusiyada səfərdədir. Bundan öncə isə Türkiyəyə səfər edildi. Terrorçu təşkilatlar bu qədər açıq fəaliyyət ilə məşğul deyillər.

HƏMAS silahlı mübarizə aparan təşkilatdır. Özü də BMT-nin Fələstinlə bağlı qəbul etdiyi qərarları icra edən bir təşkilatdır. Bu qərar illərdir ki, icra edilmirdi. HƏMAS məhz bu qərarı icra edir”.

YAP-çı deputatı Elman Nəsirovun sözlərinə görə, HƏMAS-ın terror təşkilatı olub-olmadığını aydınlaşdırmaq üçün ümumi mənada “terrorçuluq nədir?” sualına cavab tapmaq lazımdır:

Elman Nəsirov

“Ümumiyyətlə, bu məsələ ölkələrin mövqeyindən asılı olaraq dəyişir. Bizim üçün terrorçu olan bir təşkilat başqa ölkə üçün terrorçu olmaya bilər. Terrorizmin tərifi buna görə yoxdur. Müəyyən bir kriteriya ilə izah vermək olmur.

Beynəlxalq terrorizm var. Onlar ilk növbədə mülki şəxsləri hədəf alır, öz siyasi məqsədləri üçün istifadə edir. Hesab edirəm hansı təşkilat terrorçudur, ya da deyil sualına cavab taparkən onları erməni terrorizmi ilə müqayisə etmək daha doğru olar.

HƏMAS erməni terrorçuların Xocalıda etdiyini edirsə, mülki əhalini hədəf alırsa, siyasi məqsədlərinə nail olmaq üçün mülki şəxslərə qarşı vəhşilik edirsə, insanlıq cinayəti törədirsə, bu, terrorçuluqdur. Bunları etməyibsə, onu necə terrorçu adlandırmaq olar?”.

REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, HƏMAS təşkilatı siyasi təşkilat kimi yaranıb və seçkilərdə iştirak edib:

Natiq Cəfərli

“2006-2007-ci ildə Qəzzada keçirilən seçkilərdə qalib gəlib. Yəni seçki yolu ilə yerli idarəetmə formalaşdırmış bir təşkilatdır. Kökündə siyasi hərəkat kimi əməllər dayanır.

Təəssüf ki, HƏMAS-ın sonradan icra etdiyi bir çox əməllər və İsrailə qarşı başlatdığı son hücum terror əməlidir. Bütün hallarda dinc insanlara qarşı zorakılığın edilməsi, silahdan istifadə edilməsi doğru deyil. Necə ki, İsrail ordusunun Qəzzada mülki insanları qətl etməsi qeyri-qanunidir, HƏMAS-ın etdiyi də qanunsuzdur.

HƏMAS təkcə İsrailə qarşı terror hücumları etmir həm də Fələstin Azadlıq Təşkilatına qarşı da bənzər davranışlara yol verir. Bu baxımdan atılan addımlar terrorçu addımlardır. HƏMAS siyasi təşkilat kimi qalsaydı, daha doğru olardı”.

Turan Rzayev

0.01295018196106