Bufetdə kitab oxuyan tələbələrin qovulmasına reaksiya: Yerləri həddən artıq məşğul edirlər - VİDEO

Bufetdə kitab oxuyan tələbələrin qovulmasına reaksiya: Yerləri həddən artıq məşğul edirlər - VİDEO
 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbələri təhsil müəssisəsinin bufetində kitab-dəftərlə oturan tələbələrin qovulduğunu iddia edib.

"Paralel.az" xəbər verir ki, bununla bağlı "Azərbaycan Universitetləri" səhifəsi video paylaşıb:

"ADPU-nun əsas korpusunda bu adam 3 gündür ki, bufetə girib qabağında kitab olan bütün tələbələri qovur.  Səbəb də onu gətirir ki, bufetdə oturmağa yer yoxdur. Hətta kitab bağlı olsa belə, stolda kitab görsə, sərt formada xüsusən də qız tələbələri zaldan qovmağa çalışır. Deyir ki, oxu zalı var, orada oxuyun. Biz magistratura imtahanına hazırlaşan tələbələrik, o testləri müzakirə edə bilək deyə açıb işləyirik. Oxu zalında 2 nəfərin pıçıldaşmağına belə icazə verilmir, necə müzakirə edə bilərik ki?",- deyə məlumatda bildirilir.

Sözügedən iddialarla bağlı  ADPU-dan bildirilib ki, bufetin dolu olması ilə bağlı universitetin professor-müəllim və tələbə heyətindən dəfələrlə şikayət daxil olub:

"Hər hansı qida qəbul etmədikləri halda yeməkxanadakı yerləri həddən artıq məşğul edən tələbələr var və buna görə də digər müəllim və tələbələr yeməkxanadan istifadə edə bilmir. Sözügedən videodakı səlahiyyətli şəxs isə univeristetin İnzibati departamentinin müdiridir və universitetin infrastrukturu ilə bağlı şikayət və təkliflər həmin struktura yönləndirilir. 

Mövcud vəziyyətlə bağlı yeməkxanadakı həmin tələbələrlə bir neçə gün ərzində izahat söhbətləri aparılıb. Lakin təəssüf ki, eyni  tələbələrə bu məsələ dəfələrlə izah edilsə də, bəziləri bunu anlayışla qarşılamayıb və tövsiyələrə məhəl qoymayıb".

Ali təhsil ocağından tələbələrə oxu zalından istifadə etmək tövsiyə olunub: 

"Pedaqoji Universitetin yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi və əlavə geniş oxu zalında tələbələrimizin oxumaq, tapşırıqlar işləmək, internetdən istifadə etmək və elektron kitabxanaya daxil olmaq üçün bütün şəraitlər mövcuddur. Kitabxana-İnformasiya Mərkəzində ümumi oxu zalından əlavə hermetik arakəsmələrlə ayrılan və səskeçirməyən bir neçə müzakirə otaqları da var. Hansı ki, bu otaqlarda təkcə kitab oxumaq deyil, internetə qoşulmaq, təqdimatlar etmək üçün də hər bir şərait var və burada bir neçə tələbə rahatlıqla müzakirə apara bilər. Eyni zamanda mərkəzdə tələbələrin rahatlıqla çay-kofe və qəlyanaltı ala və müzakirələr apara biləcəkləri minikafe də fəaliyyət göstərir. 

Bu səbəbdən də tövsiyə olunur ki, tələbələr bu məqsədlə  yeməkxanadan yox, oxu zalından və ya müzakirə otaqlarından istifadə etsinlər. Həmçinin, nəzərə almaq lazımdır ki, yeməkxanadakı səs-küydə dərs oxumaq demək olar ki, mümkünsüzdür və tələbələrin bu məqsədlə digər imkanlardan istifadə etməsi daha məqbuldur".

 

0.020064115524292