Əziz Hidayev- 55

Əziz Hidayev- 55
 

Atası Şahmurad Hidayev uzun illər Ali Məhkəmədə çalışmışdı. Əslən Yardımlının Oncaqala kəndindən, müdrik, istiqanlı, mehriban insan idi. Təmtəraqdan uzaq, sadə həyat yaşayırdı. Ölkədə ədalətli, vicdanlı hakimlərdən biri kimi tanınırdı. Hələ SSRİ dövründə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdu. "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdü. 2012-ci ildən təqaüddə idi. Allah rəhmət etsin, 2021-ci ildə 79 yaşında ikən vəfat edib...

Oğlu Əziz müəllimi isə sonuncu dəfə bəlkə də on beş il bundan əvvəl el toylarının birində görmüşdüm. O vaxtdan bu günədək ondan xəbərsiz idim. Bilirdim ki, Daxili İşlər Nazirliyində mühüm idarələrdən birində çalışır.
O da atası, rəhmətlik Şahmurad müəllim kimi çox istiqanlı və mehriban adamdır. Təmkini, geniş təfəkkürü və təvazökarlığı ilə seçilir.
Bu gün feyzbukda olan dostlarımın ad günlərinə nəzər yetirəndə gördüm ki, sentyabrın 17-si Əziz müəllimin növbəti ad günüdür, 55 yaşı tamam olur və artıq polisdən polkovnik kimi təqaüdə çıxıb...

Əziz Hidayev elə bir kişinin yadigarıdır ki, polisdə çalışdığı müddətdə inanmıram ki, nə vaxtsa polis şərəfinə layiq olmayan bir iş görüb. Buna onun nə tərbiyəsi, nə də alicənablığı yol verməzdi. Yəqin ki, Allahın ona verdiyi bu fürsətdən çox insanlara yardımçı olub...

Üzeyir Hacıbəylini “O olmasın, bu olsun” əsərində Məşədi İbadı 50 yaşında qoca kişi kimi qələmə verməsinə görə qınayanlar çox olub. Elə böyük bəstəkarın özü də 50 illik yubileyində bunu özünə irad tutub. Amma dahi sənətkara bunu yazdıran Allah həqiqəti onun dili ilə nahaq söyləməyib. Bəli, 50-60 yaş arası qocalığın uşaqlıq, yeniyetməlik dövrüdür. 60-70 yaş arası gənclik çağlarıdır. 70-80 yaş arası qocalığın cavanlığıdır. Qocalıq özü isə 80 yaşda gəlir…

Əziz Hidayev 55-i qarşılayır, deməli, qocalığın yeniyetməlik dövrünü yaşayır. Bu dövr qocalığın ən enerjili, qıvraq vaxtlarıdır. Qarşıda yaşanası illər hələ çoxdur.
Əziz və mehriban eloğluma Allahdan möhkəm can sağlığı, firəvan həyat diləyirəm.
Arzuları çin olsun!

Hörmətlə, Elman Eldaroğlu

0.008465051651001