Bakıdakı qətlin təfərrüatı

Bakıdakı qətlin təfərrüatı
 

Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Vüsal Neymətovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Qətl hadisəsi Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. Həmin qəsəbədə keçirilən toy məclisi zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Neymətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Vüsal Neymətov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib.

İş üzrə dindirilmiş Vüsal Neymətov ifadəsində göstərib ki, ət dükanında qəssab işləyib. Mərhum Fəxri Kərimovu qəsəbə sakini kimi tanıyıb. 

2013-cü ilin payızında qəsəbədə fəaliyyət göstərən kafedə dostları ilə söhbət edərkən o, ucadan danışdığı üçün qonşu masada oturan Fəxri Kərimov ona irad tutub. 

"2013-cü ildə dostlarımla kafedə idik. Fəxri də yan masada oturmuşdu. Fəxri bizə dedi ki, "yavaş deyib-gülün". Mən də ona dedim ki, kafedə deyib gülərlər. Sözüm ona xoş gəlmədi. Mənə "ağıllı ol" deyib üstümə gəldi. Amma mən heç nə demədim. Durub gedəndə təpiklə məni yerə yıxdı. Yumruq, təpik zərbələri ilə məni döyməyə başladı. Hamı ondan qorxurdu deyə, əlindən almadılar. Dostlarım isə axırda zorla məni Fəxrinin əlindən aldılar. Burnum və dişim qırılmışdı. Bu barədə polisə xəbər vermədim".

Bu hadisədən sonra Kərimov ədavəti davam etdirərək ayrı-ayrı vaxtlarda qəsəbə ərazisində onu görüb söz ataraq qəzəbləndirib. Hadisə gününə qədər kiçik sataşmalar olsa da, aralarında ciddi qarşıdurma baş verməyib. 

2016-cı il dekabrın 4-də qəsəbə sakini Asif Əliyev uşaqlarının toy məclisi ilə əlaqədar onu şadlıq sarayına dəvət edib. Onunla bir masada 7 nəfər əyləşib. Təqribən 400 qr araq içib. Əvvəlcədən Fəxrinin həmin məclisdə iştirak etməsini bilməyib. Toyun gedişatında Kərimov 2-3 dəfə oturduğu masaya yaxınlaşıb onu çölə çağırıb. Bu Vüsala pis təsir edib. 

"Toya getdim, bilmirdim ki, Fəxri də ora gələcək. Çıxıb getmək istəyəndə uşaqlar qoymadı. Spirtli içki içməyə başladım. Fəxri toyda da məni qıcıqlandırırdı. Birdən Fəxridən qisas almağı düşündüm. Peşəkar idmançı idi. Ona gücüm çatmayacaqdı. Bıçağı götürüb ona tərəf getdim. Cibimdən bıçağı çıxarıb bir dəfə vurdum. Ayağa qalxıb yaxamdan tutdu, özüm də bilmədən bir dəfə də bıçaqla ona vurdum. Məni döyə-döyə restorandan çıxartdılar".

Fəxrini öldürmək məqsədinin olmadığını deyən Vüsal Neymətov hadisədən sonra nənəsigilə getdiyini, gecəni orada qalandan sonra polisə təslim olduğunu bildirib.

Məhkəmə prosesində Vüsal Neymətov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş Kamal Kərimov bildirib ki, Vüsal 4 il müddətində qisas hissi ilə yaşayıb və axırda oğlunu öldürüb 5 uşağını başsız qoymaqla niyyətinə çatıb. 

O, məhkəmədən təqsirləndirilən şəxsə ən sərt cəza təyin olunmasını xahiş edib. 

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayəti verib.

Qərara əsasən, Vüsal Neymətovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

 

 

0.030550003051758