Tıxac problemindən necə xilas olmaq olar?
Paytaxt Bakının həlli görünməyən və hər ötən gün daha da dərinləşən tıxac problemi artıq şəhər sakinlərinin gündəlik qayğısından çıxıb insanların sağlamlığını (əsəb, stress, işə gecikmələrin gətirdiyi fəsadlar) təhdid səviyyəsinə qədər yüksəlib. Sanki problemin həlli mümkünsüz görünür. Amma, bu belə davam edə bilməz, nəsə bir çıxış yolu olmalı, yaxud tapılmalıdır. Mövzunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovla müzakirə etmək qərarına gəldik.
Tıxacların yaranmasının əsas səbəbi nədir?
İnsanların həyat keyfiyyətini təmin etmək üçün normal mobilliyə sahib olmaq lazımdır. Mobillik bir məsafədən digər məsafəyə getməkdir. Tıxaclarda mobilliyi pozan ən böyük problemlərdən biri də normal mobillik sisteminin olmamasıdır. Bu vəziyyət insanların həyat yaşamına təsir göstərirsə, bu insanların əmək qabiliyyətinə, sağlamlığa, həyatın bütün sahələrinə təsir göstərir. Tıxac niyə yaranır? Buna əsas səbəb odur ki, insanlar böyük yaşayış məntəqələrində sıx məskunlaşırlar və nəqliyyat vasitələrini təmin etmək üçün fərdi avtomobil əldə edirlər. Azərbaycan üçün tıxacların yaranmasının əsas səbəblərindən biri də məskunlaşma problemidir. Tıxaclar əsasən, Bakı daxili və ətraf ərazilərində müşahidə edilir. Məskunlaşma ilə bağlı ən böyük səbəb odur ki, insanlar öz ehtiyaclarını ödəmək, dolanışıqlarını təmin etmək üçün paytaxta axın etməyə başladılar. Həmçinin, paytaxtın günü-gündən inkişafı rayonların geridə qalmasına səbəb oldu. Nəticədə, insanların Bakıya axın etməsi ilə qanunsuz və plansız məskunlaşmalar baş verdi. Nəqliyyat inkişaf etdirilməlidir. Məsələn, Masazırın statusu kənddir. Ancaq orada 100 minə yaxın əhali yaşayır. Orada normal küçə sistemi mövcud deyil. İnsanlar məskunlaşan zaman sosial-iqtisadi ehtiyaclarını ödəyəcək təminat yaxında olmadığı üçün uzaq yerlərə getməyə məcbur olurlar. Yaşadıqları ərazilərdə nəqliyyat vasitələri mövcud olmadığı üçün kütləvi şəkildə fərdi nəqliyyat vasitəsi əldə etməyə, taksilərdən istifadə etməyə başladılar. İkinci ən böyük problem odur ki, ictimai nəqliyyat bərbad vəziyyətdədir. Dünyada insanların mobilliyinin təmin olunmasında prioritetlərdə mövcuddur. Məsələn, insanlar öz ehtiyaclarını ödəmək üçün 15-20 dəqiqəlik məsafədə təmin edə bilməsi üçün hər şeyi sistemli şəkildə qururlar. Məktəblər evlərinə yaxın yerləşdiyi üçün piyada şəklində gedə bilirlər. Eyni zamanda, tibb məntəqəsi, marketlərin və sosial obyektlərdə yaxın məsafədə yerləşir. Həmçinin, dünyanın bir çox yerlərində iş yerlərinin çoxu insanların yaşadıqları əraziyə yaxın olur.
Nəticədə, nəqliyyat vasitələrinə olan ehtiyac çox aşağı səviyyədə olur. İctimai nəqliyyatın böyük problemlərindən biri də metro stansiyaların azlığıdır. Bakı kimi böyük şəhərdə mükəmməl metro nəqliyyatı mövcud olmalıdır. Hazırda Bakının cəmi 27 metro stansiyası mövcuddur. Lakin dünyanın digər böyük şəhərlərində metro stansiyaların sayı 10 dəfə çoxdur. Digər problemlərdən biri də avtobusların ictimaiyyət üçün yararsızlığı və uzaq məsafələri əhatə etməməsidir. Üçüncü arqument isə mobilliyin ən geniş yayılmış variantlarından olan velosipedlərdən istifadənin az olmasıdır. Çoxları bu nəqliyyat növündən əyləncə vasitəsi kimi və ya idman etmək üçün istifadə edirlər. Az sayda insanlar velosipeddən real nəqliyyat vasitəsi kimi istifadə edirlər.
Tıxac problemindən necə xilas ola bilərik?
Birinci olaraq, məskunlaşma ilə bağlı problemləri aradan qaldırmaq lazımdır. Məsələn, Bakının Abşeron rayon ərazisində normal şəhər qurma planı hazırlanmalıdır. Plana uyğun olaraq, məktəblər, iş yerləri, düzgün küçə və nəqliyyat sistemi tətbiq edilməlidir. İkinci çıxış yolu isə nəqliyyat sistemi mükəmməl olmalıdır. Bunun üçün metro şəbəkəsi genişləndirilməlidir. Dünyanın bir çox ölkələrində metro stansiyalar arasında çox az məsafə var. Bakıda 27 stansiyamız olsa da, o stansiyalara getmək üçün bir neçə nəqliyyat vasitələrindən istifadə etməli oluruq. Həmçinin, avtobuslarında nəqliyyat sistemi normal deyil. Nəqliyyat sxemi üzrə dəqiq fəaliyyət göstərmirlər. Piyada hərəkəti üçün sistem qrafiki, gecə vaxtı nəqliyyat vasitələrindən istifadə edilən zaman yollarda işıqlandırma sistemi qurulmalıdır. Velosiped nəqliyyat sistemini genişləndirmək lazımdır. İlkin mərhələ üçün qeyd etdiklərimiz həyata keçirilsə, tıxacların baş vermə faizi nisbətən azala bilər.
İnzibati metodların tətbiq edilməsi ilə nəyəsə nail olmaq olar?
Birinci növbədə, dövlət dəstəyi olmalıdır. Dövlətin nəqliyyat siyasəti olmalıdır. Dövlət siyasəti addım-addım həyata keçirilməlidir. İnzibatçılıqda, təbliğatda olmalı və ən əsası güclü investisiyalar cəlb olunmalıdır. Bu iş üçün mütləq sərmayə qoyulmalıdır. Məsələn, yeni metrolar qurmaq üçün və avtobusları yaxşı vəziyyətdə saxlamaq üçün böyük məbləğdə pul lazımdır. Əlbəttə ki, metronu və avtobusu sərnişinlər maliyyələşdirə bilməzlər. Bunun üçün ciddi dövlət dəstəyi olmalıdır.
Fatimə Mustafayeva, BDU-nun jurnalistika fakultəsinin tələbəsi
"Paralel.az"