Qız qalalarının sirləri - 2-ci hissə
Kamil Allahyarov

Qız qalalarının sirləri - 2-ci hissəKamil Allahyarov
 

İndi görək Qız qalaları qədim türk tayfalarındаn hansına mənsub olublar. Biz Qız qalalarının yayıldığı areala nəzər salarkən görürük ki, bu ərazilər 4-5-ci əsrlərdə Şimali Qafqazda və Şərqi Avropada gücle dövlət qurmuş və tez-tez müxtəlif Avropa ölkələrinə, eləcə də İran və Suriyaya qədər uzanan ərazilərə qarətkarlıq yürüşləri keçirmiş hunların (Avropa mənbələrində onlar "qun" adlanırlar) əraziləri və marşurutları ilə tam üst-üstə düşür. Məsələn, 447-ci ildə Atillanın qoşunları Konstantinopolu (İstanbulu) mühasirəyə alaraq, burada düşərgə salıb, şəhərə hücuma hazırlaşırdılar. Ancaq bir neçə aylıq mühasirədən sonra onlar böyük həcmdə bac almaq müqabilində geri qayıtdılar. Bakı ərazisindəki "sualtı qayalardan qalxan alovlar" barədəki məlumat da ilk dəfə hunların dilindən tarixə düşmüşdür. Bunu Roma səfiri Romul Atillanın qərargahında eşitmişdir. Akademik Dorn tərəfindən 19-cu əsrdə Bakıda toplanmış rəvayətlərdən birində də deyilir ki, Bakının əsasını Qunsar (və ya Xunsar) qoymuşdur. "Quni-sar" ifadəsi isə fars və tat dillərində məhz "quzğun qun" deməkdir. Səməd Vurğunda da "Tərlan oylağında sar ola bilməz" misrası vardır. Elə Qız qalasının özünün də başqa bir adı Qunsar qalasıdır. "Bakı" toponiminin ilk dəfə məhz 5-ci əsrdə "Atli Baquan" (tatların hunlara dediyi "Atli baqi-qun", yəni "Atilla qun bölüyü" ifadəsinin qısa formasıdır) şəklində tarixə düşməsi də təsadüfi deyildir.
Konstantinopol yürüşünə Atillanın özünün başçılıq etməsi və burada da Qız qalası olması belə düşünməyə əsas verir ki, məhz Atillanın özünün mənsub olduğu tayfa "Qız hun" tayfası adlanırmış. Əslində isə hun tayfalarının ümumi adı "hun" yox, "ğun" (həmtayfa, qohum deməkdir) olmuşdur. Çunki qədim türk dilində nə "h", nə də "x" səsi olub. Dillərində "ğ" səsi olmayan başqa xalqlar onlara hun, xun, qun demişlər. Ona ğorə də digər hun tayfaları bu qız (quzğun) tayfasına "qız ğun" (qız ğunlar) demişlər. Bu ifadə tədricən birləşərək, bir ada çevrildikdən sonra "qızğun", ahəng qanununun tələbi ilə isə "quzğun" forması alır. "Yırtıcı quş" mənasında "quzğun" sözü ortaya çıxandan sonra isə "qız" sözü daha həmin mənada işlənmir və onun bu mənası unudulur. O, yalnız "gənc qadın" mənasında işlənməyə başlayır. Qız qalalarının adında yaranmış məna anlaşılmazlığının səbəbi də elə bu olur. Sonradan bu anlaşılmazlıq həmçinin Qız qalalarının mənşəyinə dair qızla ("gənc qadın" mənasında) bağlı olan məlum əfsanələrin uydurulmasına gətirib çıxarır.

"Paralel.az"

0.01517391204834