"Məni nazir kəşf etdi, sözümü yerə salmırlar" - 61 yaşlı Seymur Qasımzadə

 

Şəkidə olarkən fotostudiyaya yolumuz düşdü. Seymur adlı yaşlı fotoqraf bizi o qədər pozitiv qarşıladı ki, haqqında maraqlanası oldum. Məlum oldu ki, həm də sənətçi imiş. Ertəsi gün qayıdıb ondan müsahibə aldım. Söhbətimiz zamanı o da bəlli oldu ki, Seymur Qasımzadəni müğənni kimi fövqəladə hallar naziri Kamaləddin Heydərov kəşf edib. 

Paralel.az müsahibəni təqdim edir:

- Seymur bəy, 61 yaşınız var, necə etmisiniz ki, belə enerjili pozitivsiniz?
- Uşaqlıqdan musiqi və foto sənətinə həvəsim olub. Sadəcə olaraq, atam sovet dövründə heç birinə icazə vermirdi. Deyirdi, universitet oxumalısan, mühəndis olmalısan. Tələbəlik illərimdə ansambl yaratmışam, foto yeri işlətmişəm. Ondan sonra bizim təyinatımızı Bakıya - Hövsana verdilər. 6 il burada işlədim, ta ki 90-ci illərə qədər. Sonra yenidən Şəkiyə qayıtdım. Bundan əlavə, formada qalmaq üçün idmanla da məşğul oluram.

402465

- Bu həvəs sizdə haradan yarandı?
- İxtisasım mühəndis proqramçılıqdır. Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini 1984-cü ildə bitirmişəm. Dayım o vaxtı fotoqraflıqla məşğul idi. Dövrünə görə yaxşı əl işləri olardı. Ondan həvəs yaranıb, yanına getmişəm. Məni işlədə-işlədə sənətkar edib (gülümsəyir). Müğənniliyə isə Allah fövqəladə hallar naziri Kəmaləddin müəllimin canını sağ eləsin, onun restoranında başlamışam. 2009-cu ildə özü dəvət edib. Elan vermişdilər, musiqiçi axtarırdılar, biz də zəng elədik, getdik. Bizi həftənin birinci günü qarşıladılar, videoya çəkdilər. Dedilər ki, şefin (naziri nəzərdə tutur) xoşuna gəlsə, cümə və şənbə günləri işə gələcəksiniz. Oturmuşduq, zəng gəldi ki, işə gəlin. 2009-19-cu illərdə orada müğənni kimi fəaliyyət göstərmişəm. 

İndi mövsümdür, gündüzlər foto ilə məşğul oluram, axşamlar isə “Şəki Park”da ifa edirəm. İstəsəniz, dəvət edə bilərəm sizi. 

- Qolunuzdakı döymə diqqətimi çəkdi. Fotoqrafın qolunda musiqini simvolizə edən rəsm maraqlı gəldi. Yaxın keçmişə aid olan şəkillərinizdə bu döymə yox idi.
- İmicdir, nə bilim. Yaş ötür, insan qocalmaq istəmir. Siz demiş, enerjili bir adam, ümumiyyətlə, istəməz. Həm də insanlar qarşısında çıxış edirəm. Cavan yaşlarımda döymə sənəti belə müasir üslubda deyildi, o vaxt tək iynə ilə çəkirdilər, indi isə aparatla edirlər. Qoyursan önünə, döyəcləyir (gülür-red.).

402466

- Eşitdim ki, hansısa müsabiqədə də iştirak etmisiniz...
- 2013-cü ildə telekanallardan birində “Böyük səhnə” layihəsi vardı. Oraya dəvət etmişdilər. Şəkidə “Kanal S” vardı, orada seçim müsabiqəsi idi. Zəng etdilər ki, seçilmisən, gələrsən. Dedilər ki, sizi bəyəniblər, Bakıdakı “Buta Palace”a gələrsiniz. Gecə saat 1-də zəng ediblər ki, sən filan mahnını oxumalısan (Mənimlə danışarkən qarşı tərəfə ironiya ilə "istəyirsən, ümumiyyətlə, gəlməyim" deyir - red). Yəni belə hazırlıqsız. Mənim öz mahnılarım var. Onları başa düşə bilmədim. Vokal sənəti üzrə Azərbaycanda keçirilən müsabiqədə Azərbaycan mahnısı oxumağa qoymadılar. Yalnız xarici mahnı ifa etməli idim.

- Repertuarınızda xarici mahnıların olduğunu gördüm.
- Var. Ümumiyyətlə, mənim sənətim, yəni səs üslubum vokaldır. Bayağı musiqilərə uyğun deyil. Romanslar, opera mahnıları oxuyuram.

402471

- Bu gün daha çox ara müğənnilər adlandırılan şəxslər gündəmdədir. Niyə sizin kimi peşəkar repertuarlarla çıxış edənlər üzdə deyil?
- Bilirsiniz, nədən irəli gəlir? İnsanlar buna yönəldilir. İnsanlar səviyyəli, klassik mahnılara qulaq asmırlar. Çıxırlar, çıkka-çıko oxuyurlar, vəssalam, ayrı bir şey yoxdur. Yaxşı, oxuyursan, heç olmasa, Azərbaycan ritmində ifa et. Görürsən ki, İran, özbək tərzində mahnılar oxuyurlar. 

- Siz Şəki kimi bir yerdə belə imici seçməyi necə bacarmısınız? Yəni belə yerdə cəsarətli addım saymaq olar.
- Həvəs olmalıdır. Elə bilirsiniz, maneələr yoxdur? Mən prinsipial adamam, qarşıma məqsədi qoyub buna nail olmalıyam, irəli getməliyəm. “Şəki Park”da çıxış edəndə, bir nəfər dedi ki, İncəsənət Universitetinin prorektorudur. Soruşdu ki, niyə Bakıya getmirəm. Mən də dedim ki, buraya gəlmisiniz, istirahət edirsiniz, musiqilər xoşunuza gəlirmi? Cavab verdi ki, bəli. Yaxşı, siz gəlmisiniz, mən Bakıdayam, kim oxuyacaqdı Şəkidə (gülür)? 

402472

- İndi mövsümdür, istirahət mərkəzində çıxış edirsiniz. Bəs qışda nə edirsiniz, yalnız fotoqraflıqla məşğul olursunuz?
- Qışda foto fəaliyyətimi davam etdirirəm. Boş vaxtlarımda isə musiqi dinləyirəm və yeni mahnılar öyrənirəm. Repertuarımı artırıram. Özümü professional saymıram. Musiqi təhsilim məktəb illərində öyrəndiklərimdən ibarətdir. 

- Belə deyək, özünüz özünüzü kəşf etmisiniz?
- Məni Kəmaləddin müəllim kəşf edib. Yəqin ki, ifama özü şəxsən qulaq asıb. Çıxışlarım zamanı restorana qonaqları ilə gəlirdilər. O vaxt Qəbələdə cəmi bir dənə restoran vardı - “Resort Qafqaz”. Sonrada digər restoranlar, obyektlər tikildi.

- İndi toylar daha dəbdədir. Siz də el şənliklərində ifa edirsinizmi?
- Bəli, dəvət edirlər, gedirəm toylara. Belə məclislərə uyğun da repertuarlarım var. Dəvətləri də buna əsasən edirlər.

402473

- Sizin oxumaq tərziniz bir qədər fərqlidir, toy mahnısı ifa etmək çətin olmur ki?
- Xeyr, alınır, sintez edə bilirəm. 

- Ailənizin sizə münasibət necədir?
- Yaxşıdır, dəstək olurlar. Mahnılar tapırlar ki, bəs bu sənin tərzindir. Məndə xarici mahnılar yaxşı alınır. Azərbaycanın retro mahnılarını ifa edirəm. Rus mahnıları da oxuyuram. İtaliyanın romanslarına müraciət edirəm. Bakıya gedəndə də çıxışlarımda bu repertuarlar yer alır. 

402474

- Fotostudiya şəxsən özünüzündür?
- Bəli, 1998-ci ildən fəaliyyət göstərir. Musiqiyə isə 2009-cu ildən başlamışam. Foto ölməyən bir sənətdir. O vaxt plyonka ilə çıxırdı, indi rəqəmsaldır. Yəqin ki, gələcəkdə çapa da ehtiyac olmayacaq. Çox güman, elektron şəkillər olacaq.

- Bakıya köçmək istəyirsinizmi? Bəzilərinə sual verirəm, Bakı, yoxsa Şəki... Deyirlər ki, əlçatanlığa görə Bakı yaxşıdır. Paytaxtda hər şey var.
- İmkan olsaydı, istəyərdim. Bakıda inkişaf etmək olur. Şəkidə məhdud çərçivədir. Belə bir vaxtda, məsələn, Şəkidə məni hamı tanıyır, yuxarıdan tutmuş aşağıya qədər. Nəsə sözüm olanda, gedib ürəklə deyə bilirəm, həll edirlər. Bakıda mən kiməm ki... 10 il öncə getmək olardı. Bakıdan restoranlara dəvətlər alıram, fikirləşirəm ki, bu yaşda çətin olacaq. Paytaxtda evim var, oğlum orada yaşayır. 

- Musiqi sahəsi ilə bağlı nə ürək sözünüz var?
- Bizim çox gözəl musiqilərimiz var. Çox gözəl bəstəkarlarımız olub. Bilirəm ki, yenə də var. Onları bayağı musiqilərə satmasınlar.

Söhbətləşdi: Samir Mirzə (Miri)

 

 

0.029965162277222