Ruhu şad olsun!

Ruhu şad olsun!
 

Sən demə, dünyanın ən gözəl adamları ilə eyni dövrü bölüşmüşük, eyni vaxtlarda yaşamışıq. Kərbəlayi Niftulla kişi həmin insanlardan biri idi. Nə vəzifəsi vardı, nə də var-dövləti. Sadə, səmimi, təvəzökar adam idi. Sumqayıta ucqar dağ rayonu Yardımlıdan gəlmişdi. Öz halal zəhmətilə ailə qurmuşdu, ev-eşik sahibi olmuşdu. Böyük bir ailənin başçısıydı. O dövrün kişilərinin gözəl bir qaydası vardı- Kişi səhər işə, axşam isə evinə-ocağına tələsməlidir...

Müəssisələrin birində fəhlə işləyirdi. Amma buna baxmayaraq təpədən dırnağa ziyalı idi. Halallığı özünə meyar seçmişdi. Haram olan yerdə görünməzdi. Bir də görürdün ki, məğrur duruşu, qürurlu baxışları ilə nəisə müşahidə edir. Bu duruş, bu baxışlar adama çox şey deyirdi. Sanki əzəmətli bir heykəl idi...

2001-ci ildə Sumqayıtda yaşayan Yardımlı əsillilər haqqında “Bir elin övladları” adlı yaddaş kitabını yazanda onunla ilk dəfə görüşüb həmsöhbət olmuşdum. Ağayanə davranışı, əsl ağsaqqal təfəkkürü ilə məni heyran etmişdi. Həyat və onu necə halal yaşamaq haqqında elə gözəl mülahizələr yürüdürdü ki, ondan eşitdiklərim mənim heç vaxt eşitmədiyim yeniliklər idi...

2007-ci ildə mərhum şair Mirzəli Cəfərin Sumqayıtda ədəbi-bədii gecəsini təşkil etmişdim. Eşitdim ki, Niftulla kişinin əhvalı pərişandır, yataq xəstəsidir. Tədbirdən sonra xahiş etdim ki, Mirzəli müəllimlə onu ziyarət edək. Çox şad oldu. Ziyarətimizi yüksək dəyərləndirib, bizimlə xeyli söhbət də etdi. Hər kəlməsində, hər cümləsində bir hikmət var idi...

Deyirdi ki,- “Adəm oğlu elə bilir ki, əbədidir, səhvini sonra da düzəldə bilər. Amma bunu bilə-bilə dərk etməyə çalışmır ki, ömür gözlə qaşın arasındadır. Hər an gözlərini əbədi yuma bilərsən, dünyadan köç edərsən. Gərək heç zaman günaha batmayasan. Elə yaşayasan ki, “Allah rəhmət etsin!”- sözlərini sağlığında haqq edəsən...”

Artıq dünya çox dəyişib, onların bizə miras qoyub getdiyi dəyərlərin çoxunu qoruya bilmədik, yeni nəsilə ötürməyi bacarmadıq. Və bunun da altını hər iki nəsilin arasında qalan bizlər çəkirik. Necə deyərlər, ondan da olmuşuq, bundan da...

Sağlığında Kərbəlanı ziyarət etmişdi. İndi bizim gördüyümüz kərbəlayilərin çoxundan fərqlənirdi- halallığı, mərdliyi, imanı ilə...

Bəlkə də bu sözləri yazmağa çox tələsdim, ad günündə və ya anım günündə yazsaydım lap yerinə düşərdi. Amma yaxşı bilirəm ki, belə kişilərin həyat yolu büsbütün örnəkdən ibarət olduğu üçün hər gün xatırlanmalı, əməlləri yada salınmalıdır...

Bəli, bu dünyada Kərbəlayi Niftulla Şükürov adlı bir KİŞİ də yaşayıb. Və elə yaşayıb ki, varlığı ilə- Yer üzünün Əşrəfi necə olmalıdır- nümunəsini miras qoyub gedib.
Allah Kərbəlayi Niftulla kişinin timsalında dünyadan köçmüş yaxşı insanlara, BÖYÜK KİŞİlərə rəhmət eləsin!
Bizi onların qarşısında üzüqara etməsin!

Elman Eldaroğlu

"Paralel.az"

 

0.012527942657471