Minimum imtahan, maksimum tələb - Məmməd Talıblı

Minimum imtahan, maksimum tələb - Məmməd Talıblı
 

Bu gün elmi-akademik sferada baş verən bəzi narahatçılıqdan yazacam. Elmi sferada olan süni maneələrdən, elmi yenilikləri və təşəbbüsləri boğan neqativ tendensiyadan bəhs edəcəm.

Dünyada elə dillər vardır ki, onların bir neçəsindən dünya əhalisinin əhəmiyyətli bir hissəsi istifadə edir. Məsələn, belə dillərdən biri ingilis dilidir. Hazırda dünyada ingiliscə danışanların sayı 1,7 milyard nəfərdir. Yəni hər 4 nəfərdən 1 nəfəri ingilis dilində danışır. 2040-cı ildə bu rəqəm 3 milyard nəfərə çatacaq. Avropanın 38 faiz əhalisi ingilis dilindən istifadə edir.

Dünyada elə dillər də vardır ki, onlardan dünya əhalisinin yalnız müəyyən bir qismi istifadə edir. Onları öyrənmək insanın bilik səviyyəsinin artmasını şərtləndirmir. Belə ki, dünyada 7000 dil mövcuddur. Lakib həmin dillərin 97 faizi dünyadakı əhalinin 3 faizi tərəfindən istifadə olunur. Demək, çoxlu dil bilmək deyil, işlək və ciddi mənbə rolunu oynayan dilləri öyrənmək faydalıdır. Nəzərə almalıyıq ki, xarici dil bilgi deyil, bilik qazanmaq üçün vasitədir.

Təhsil keyfiyyətini şərtləndirən amillərdən biri də xarici dillərdən istifadə imkanı ilə bağlıdır. Xarici dil üstünlüyü geniş bilgilərə çıxış fürsəti tanıdır. Bu birmənalı olaraq imkan deyil, məhz fürsətdir.

Bu mənada elmi karyerası üzərində düşünən insan xarici dillərdən birini və ya bir neçəsini bilməsi yalnız faydalı hesab oluna bilər. Məhz buna görə doktorantlar üçün Dövlət İmtahan Mərkəzi(DİM) xarici dillərdən biri üzrə minimum imtahan tələbini irəli sürmüşdür.

Doktoranturaya qəbul olunanlar və fəlsəfə doktorluğu elmi dərəcəsini almaq istəyənlər xarici dillərdən biri ilə bağlı minimum imtahan verməlidirlər.

Uzun illərdir Azərbaycanda çoxsaylı narazılıqlar onu deməyə imkan verir ki, minimum imtahanlarının standartları çox yüksək səviyyədə tərtib olunur. Hətta elə bir səviyyədə tələblər irəli sürülür ki, ona heç bir halda “minimim imtahan” adın vermək olmaz.

Minimum imtahan tələbindən yüksək elə şərtlər qoyulub ki, dissertantlar sanki xarici dilin tam dərinliklərin və ya incəliklərin bilmək üçün hazırlaşmalıdırlar.

Adında “minimum” sözü olan imtahan prosesinin özü və ona qoyulan şərtlər minimum tələblərə deyil, maksimum həddə daha çox yaxındır.

Məhz bu səbəbdəndir ki, çoxsaylı dissertantlar elmi işləri hazır olduqları halda xarici dildən minimum imtahanı verə bilmədiyi üçün elmi işini müdafiə edə bilmirlər. Öz elmi işlərini Elmi Şuraların müzakirəsinə təqdim edə bilmir.

Növbəti dəfə yenidən minimum imtahanına daxil olur, yenə də keçə bilmirlər. Bir neçə cəhddən sonra elmi işini yarımçıq buraxıb, dissertasiyasını bir kənara atmış olurlar.

Narahatedici məqam bundan ibarətdir ki, bu tendensiya kütləvi hal almaqdadır. Deməli, dil faktoru elmi uğurların açarı rolunu deyil, kilid rolunu oynamış olur.

Xarici dil tələblərini yüksəltmək xarici dili mənimsəyən dissertantları inkişaf baxımından irəli aparmır, əksinə onlarda ixtisas imkanlarını dərinləşdirmək baxımından geriyə atır. Əgər xarici dillə bağlı minimum tələblər tədqiqatçılarda elmi qaynaqlara çıxış fürsətini əldə etmək üçün nəzərdə tutulubsa, o zaman imtahanlar yazma-oxuma səviyyəsinin minimum şərtləri uyğun olaraq tərtib olunmalıdır. Yox əgər, dil bilgisinin dərinlikləri ilə mənimsəməyə hesablanıbsa, o zamanda bu imtahanın adını heç bir halda “minimum imtahan” qoymaq olmaz.

Əgər xarici dilləri bilmək dünyada elmi yenilikləri təqib etmək, dünyanın danışdığı dildən doğan üstünlüklərdən faydalanmaqdırsa, o zaman dilin sərhəddinin müəyyən mərhələsi ilə kifayətlənmək lazımdır. Yox, əgər dilin yüksək tələblərə cavab verən qramatikasını öyrənməkdirsə, o zaman biz dilə bilgi əldə etmək vasitəsi kimi deyil, bilginin özü olaraq baxmış oluruq.

Bu isə elmi baxımdan qəbuledilməz sayılmalıdır. Deməli DİM xarici dil üstünlüyünə yalnız elmi qaynaqlardan istifadə üçün minimal standartlar baxımından yanaşmalıdır. Dilin səviyyəsini artırması isə tədqiqatçının ehtiyaclarına bağlı olmalıdır.

Azərbaycanda doktorantlar üçün xarici dil tələbini artırdıqca dilin dərinliklərinə yiyələnənlərin sayı artmır, əksinə azalır. Məhz dil baryerinə görə elmi işini yarıda saxlayanların sayı durmadan artır.

Onsuzda dövlət büdcəsinin kiçik bir küncündə yer alan elm xərcləri bu sahəyə axını təşvit etmədiyi halda, “minimum imtahan” tələsi də bu prosesdə başqa bir zərbə vurur.

Nəticədə peşəkarlığı və dar ixtisaslaşmannın önəmini azaldıb, dilin xüsusiyyətlərini mənimsəyənlərin sayını təşviq etməklə biz elmi yenilikləri də ona proporsional artırmış olmuruq.
Bununla da elmə sferaya axını demotivasiya etmiş oluruq.

Azərbaycanın elmi ictimaiyyətinə, elmi-akademik çevrələrə və Dövlət İmtahan Mərkəzinə xitabən demək istəyirəm ki, dil elmi uğurlar da açar olmaq yerinə, tormoz rolunu oynamağa başlayıb.

Xarici dillə bağlı minimum tələb dissertantlar üçün maksimum maneələrə çevrilib.

"Paralel.az"

0.032466888427734