Bəqərə Surəsinin mesajları - Siracəddin Hacı 
XL YAZI

Bəqərə Surəsinin mesajları - Siracəddin Hacı XL YAZI
 

(əvvəli ötən saylarımızda)
Allah ayədə buyurur ki, Adəm Rəbbindən aldığı kəlmələrə sarıldı. Ayədəki
“kəlmə” sözü fərqli anlamların ortaya çıxmasına yol açmışdır. Biz öncə “kəlmə”
sözünün mənasını izah edək.
“Kəlmə” sözü ərəbcədir, “k-l-m” kökündəndir, Qurani-Kərimdə eyni kökdən
olan sözlərin sayı yetmiş beşdir, bu anlamları var:
“danışmaq”: “O elçilərin bir qismini o birilərindən fərqli qıldıq. Allah
onlardan bir qismi ilə danışmış, bəzilərini də dərəcə-dərəcə yüksəltmişdi” (Bəqərə,
2/253).
“Allahın vəhyi”: “Halbuki bunlardan bir qrupu vardı ki, Allahın sözünü
eşidirdilər, düşündükdən (qavradıqdan) sonra isə bilə-bilə onu dəyişdirirdilər”
(Bəqərə, 2/75).
“söz”: “Rəbbinin sözü həm doğruluq, həm də ədalət baxımından
tamamlanmışdır” (Ənam, 6/11 Ənam, 6/115).
hz.İsa: “Məryəm oğlu İsa Məsih Allahın elçisi və kəlməsidir” (Nisa, 4/171).
“Allahın elmi”: “Yer üzündə ağaclar qələm olsa, dəniz(lər) də (mürəkkəb),
arxasından yeddi dəniz ona yardım etsə (Allahın kəlmələri yazılsa), yenə (bunlar
tükənər), Allahın kəlmələri tükənməz” (Loğman, 31/27).
“Allahın əmrləri”: “Bir zamanlar Rəbbi İbrahimi bir sıra kəlmələrlə
sınamışdı” (Bəqərə, 2/124).
Böyük İslam alimi Rağıb əl-İsfahani “kəlmə”nin təsirli söz anlamını önə
çıxarmışdır.
Dəyərli təfsir alimi Mustafa İslamoğlu yazır: “... əl-Kəlmin qulaqla
qavranılan növünə “kəlam”, göz ilə dərk edilən çeşidinə “kəlm” deyilir. Dilimizdə
söz üçün istifadə edilən “dil yarası” deyiminin mənasına uyğundur. Bu söz
“yaralamaq” anlamı ilə birgə müalicə üçün yaralamaq (yarmaq) mənasını daşıyan
“əməliyyat” sözünün anlam dünyasını da əhatə edir. “Kəlmə” həm anlamlı bir söz,
həm anlamlı bir cümlə, həm də uzun bir danışıq mənalarını daşıyır. Etimoloji
baxımdan qulağın və gözün qavradığı anlamlı, təsirli hər şeyə kəlmə adı verilə
bilər. Adəmin aldığı (bir oxunuşa görə Adəmə verilən) kəlmələrin qulaqla
qavranılan (eşidilən) bildiyimiz kəlmələr ola biləcəyi kimi, gözlə qavranılan feili
kəlmələr, könüllə qavranılan qəlbi iztirab və peşmanlıq da ola bilər...”.
Böyük təfsir alimi Təbəri hz.Adəmin aldığı kəlmələrlə bağlı dörd görüş
sıralamışdır:
bu görüşü Həsən Bəsri, Mücahid, Katadə, İbn Zeyd irəli sürmüşlər. Onlara
görə, “alınan kəlmələr”in mənası Allahın bu ayəsi ilə açıqlanmışdır: “Ey
Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlamaz və bizə mərhəmət
etməzsən, şübhəsiz (mütləq), qeyb edənlər (itirənlər) arasına girərik” (Əraf, 7/23).
bu görüşü Səid bin Cübeyr, Abdullah bin Abbas irəli sürmüşlər. Onlara
görə Allahla hz.Adəm arasında bu dialoq olmuşdur:
- Ey Rəbbim, məni öz əlinlə yaratmadınmı?
Bəli.
Ey Rəbbim, Sən mənə öz ruhundan üfürmədinmi?
Bəli.
Sən məni cənnətə yerləşdirmədinmi?
Bəli.
Ey Rəbbim, rəhmətin qəzəbindən çox deyilmi?
Bəli.
Mən tövbəyə yönəlsəm, özümü islah etsəm, məni yenidən cənnətə
qoyarsanmı?
Bəli.
Qeyd edək ki, bu, bir rəvayətdir, Qurani-Kərimdə qarşılığı yoxdur.
bu görüşü Ubeyd bin Umeyr irəli sürmüşdür. Ona görə hz.Adəm günah
etdikdən sonra Allaha belə demişdir: “Ey Rəbbim, bu günahımı alnıma məni
yaratmazdan öncə Sən yazdın, yoxsa onu mən icad etdim?” Allah da cavab olaraq
buyurmuşdur ki, onu səni yaratmazdan öncə mən yazdım. Hz.Adəm bu cavabdan
sonra: “Bunu mənə yazdığın kimi, tövbəmi də qəbul et, məni bağışla!”
Qeyd edək ki, bu, bir uydurmadır, saxta qədər anlayışının ortaya çıxardığı
xurafədir, Qurani-Kərimin ölçüləri ilə daban-dabana ziddir, hz.Adəmin deyil,
Şeytanın tezisidir.
bu görüşü Abdurrəhman bin Yezid irəli sürmüşdür. Ona görə hz.Adəmin
Rəbbindən aldığı kəlmələrin anlamı budur: hz.Adəm Allaha bu sözlərlə tövbə
etmişdir: “Ey Allahım, Səndən başqa heç bir ilah yoxdur. Mən Səni həmd ilə təsbih
edirəm. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm. Sən mənim tövbəmi qəbul
et. Belə ki Sən tövbələri çox qəbul edənsən, çox mərhəmət sahibisən”.
Qeyd edək ki, bu da bir rəvayətdir. Qurani-Kərimdə və hədislərdə hz.Adəmin
dilindən belə bir dua verilməmişdir.
Təbəri bu dörd görüşdən birincisini qəbul etmiş, dəlil olaraq da bunun Qurani-
Kərimdən bir ayə olduğunu göstərmişdir.
İmam Dəhhaq isə İbn Abbasdan rəvayət edərək Allahın hz.Adəmə bu üç
kəlməni öyrətdiyini söyləmişdir:
birinci kəlmə: “Allahım, Sənə həmd edirəm. Səni hər cür nöqsanlardan
uzaq tuturam. Səndən başqa ilah olmadığına, Rəbbimin Sən olduğuna şahidlik
edirəm. Xəta işləyərək özümə zülm etdiyimi anladım. Tövbəmi qəbul et. Şübhəsiz,
Sən tövbələri çox qəbul edənsən”.
ikinci kəlmə: “Rəbbim, məni bağışla, Sən bağışlayanların ən xeyirlisisən”.
üçüncü kəlmə: “Rəbbim, mənə mərhəmət et. Belə ki sən mərhəmət
edənlərin ən xeyirlisisən”.
Qeyd edək ki, Allahın hz.Adəmə bu üç kəlməni öyrətməsi də bir rəvayətdir,
Qurani-Kərimdə qarşılığı yoxdur.
Biz hz.Adəmin Rəbbindən aldığı kəlmələrin Qurani-Kərimin bu ayəsi
olduğuna inanırıq: “(O ikisi, Adəm və Havva) dedilər ki, ey Rəbbimiz, biz özümüz
özümüzə zülm etmişik. Əgər bizi bağışlamaz, bizə mərhəmət etməzsən, şübhəsiz
(mütləq), qeyb edənlər (itirənlər) arasına girərik” (Əraf, 7/23).
Hz.Adəm Rəbbindən aldığı kəlmələrə (vəhyə) sarılaraq qurtuldu. Biz də
Allahın ipi (“həblullah”) (Ali-İmran, 3/103) olan Qurani-Kərimdən sımsıx tutaraq,
yəni Onu anlayaraq, dəyərlərini həyatımıza daşıyaraq, ölçüləri ilə yaşayaraq xilas
olacağıq.
Ayədə buyurulur ki, Adəm kəlmələri Rəbbindən aldı. Burada Allahın məhz
ər-Rəbb adı seçilmişdir ki, bu, təsadüfi deyil. Belə ki Allahın ər-Rəbb adı birbaşa
tərbiyə ilə bağlıdır. Ər-Rəbb olan Allah tərbiyə edən, tərbiyəsində tayı-bərabəri,
bənzəri olmayandır. O, hər şeyin Rəbbidir (Ənam, 6/164), O, göylərin, yerin və
bunlar arasındakı hər şeyin Rəbbidir (Şuara, 26/24)... Hz.Adəm kəlmələri
Rəbbindən aldı, yəni Allah kəlmələrin də Rəbbidir, O, hz. İbrahimi kəlmələrlə
sınadığı kimi, hz.Adəmi də kəlmələrlə təmizlədi (tərbiyə etdi). İmtahanda məğlub
olan hz.Adəmin kəlmələrlə tövbəsi, bu tövbənin qəbulu Allahın ər-Rəbb adının
bərəkəti ilə gerçəkləşdi.
Allahın ər-Rəbb adı Onun sonsuz şəfqət və mərhəmətinə işarə edir. Belə ki O,
tərbiyənin əsasına sevgini, mərhəməti, bağışlamağı qoymuşdur. Ona görə də xəta
edən hz.Adəmin üstündən xətt çəkmədi, Ona kəlmələr öyrətdi, bu kəlmələrlə
tövbəyə yönələn hz.Adəmin tövbəsini qəbul etdi, Onu yer üzünün xəlifəsi seçdi...
Ayədən çıxış edərək bir suala da cavab vermək istəyirik. Allahın elçiləri
günah edə bilərlərmi? Elçilər Allahın vəhyinin insanlara çatdırılmasında heç bir
xətaya yol verməzlər. Ancaq birbaşa vəhylə bağlı olmayan məsələlərdə kiçik
xətaları ola bilər. Qurani-Kərim elçilərin xətalarına örnəklər vermişdir (Hud,
11/37; Muminun, 23/27).
2) “(Allah) da onun tövbəsini qəbul etdi. Çünki O, bəli, O idi tövbələri qəbul
etmə məqamında olan, hər işində mərhəmət sahibi olan”.
Allah Adəmi və xanımını cənnətə (gözəl bir bağçaya) yerləşdirdi. Yasaq
ağaca yaxınlaşmayın buyurdu. Yasaq ağacın (yasaq qoymaq Allahın haqqıdır) bir
necə işi var. Birincisi, o, insana həddini öyrədir, deyir ki, insan Allahın qoyduğu
həddi aşmamalıdır, həddini aşan ziddinə çevrilər (insan şeytanlaşar). İkincisi,
yasaq ağac imtahanın simvoludur, hz.Adəm və Havva bu imtahanda məğlub
oldular. Ey insan, bu dünya imtahan dünyasıdır, hər an imtahandasan, sən Allaha
qarşı gələrək bu imtahanı qazana bilməzsən, imtahanı qazanmağın tək yolu var, o
da Allaha təslim olmaq, yəni Onun buyurduğu kimi yaşamaqdır. Üçüncüsü, yasaq
öyrətmə metodudur, belə ki yasaq marağa səbəb olur (öyrənməyin əsası maraqdır),
iradəni hərəkətə keçirir, maraq axtarışa yönəldir, axtarış kəşfin yolunu açır, kəşf də
inkişafa təkan verir. Allah varlıqlara qoyduğu elmi onun içində gizləmiş, maraq
yaratmışdır, məsələn, çiçəklərin içində şəfa var, ancaq o şəfanı axtarıb tapmaq
insanın işidir, bu da maraqla, elmlə, axtarış və kəşflə mümkündür.
Hz.Adəm yasaq ağac vasitəsi ilə bunları öyrənmişdir: iradəsini kəşf etmiş,
həddini bilmiş, mükəmməl varlıq olmadığını anlamış, imtahan dünyasında
yaşadığını qavramış, şeytanın onun düşməni olduğunu dərk etmiş, günahlardan
təmizlənmə yolunun tövbə olduğunu, tövbənin necə ediləcəyini başa düşmüş,
ümidə, Allahdan heç vaxt, heç bir şərt altında ümidin kəsilməyəcəyinə
inanmışdır... Adəm şeytanın düşmən olduğunu bilirdi, təcrübə ilə də öyrəndi.
Adəm və Havvanın günahının hamısını Şeytanın üzərinə atmaq da doğru deyil. Bu
aldanışda onların da məsuliyyəti var. Adəmin sıxıntısı Şeytanın onun düşməni
olduğunu unutmasıdır. Düşməninə inanmaq insanı günahlara sürükləyər, məğlub
edər.
Allahın Adəmin tövbəsini qəbul etməsi “əsl/ilk günah” anlayışını rədd edir.
Bu anlayışa sahib olanlar iddia edirlər ki, güya hz.Adəmin tövbəsi qəbul
olunmamış, günah onun nəslinə keçmişdir. Yəni bütün uşaqlar anadan günahkar
doğulurlar, hz.İsa da insanlığı bu günah ləkəsindən təmizləmək üçün özünü fəda
etmişdir.
Ayədə Allahın ət-Təvvab adına yer verilmişdir. O, ət-Təvvab olan Allahdır,
tövbə edənə yönələn, qullarını tövbəyə yönəldən, tövbələri hər zaman qəbul
edəndir. Tövbə şüurlu davranışdır, ağıl öz işini yerinə yetirir, nəticədə, insan
xətasını anlayır. İkinci addımda insan xətasında israr etmir, peşman olur, sonda da
Allaha söz verir və sözünü yerinə yetirir.
Tövbə deyir ki, ey insan, sən mükəmməl deyilsən, günah etmək imkanın var,
günah işləsən, hz.Adəm kimi ol, günahını müdafiə etmə ki, bağışlanasan. Tövbə
fitrətə dönüş, arınma, özünütənqiddir, iradənin haqqını verməkdir. Tövbə ümiddir,
ümid etməyən tövbəyə yönəlməz. Tövbə öyrədir ki, insan dəyişə bilən varlıqdır.
Allah insandan qüsursuzluq istəmir, buyurur ki, xəta edəndə tövbəyə yönəl. Örnək
və ibrətə bax. Örnək olan hz.Adəmdir, O, tövbə etdi, nəticədə, bağışlandı, üstəlik,
yer üzünün xəlifəsi seçildi. İbrət olan da Şeytandır, o, xətasında israr etdi, Allaha
iftira atdı, tövbəyə yönəlmədi, nəticədə, lənətləndi, Allahın rəhmətindən uzaq
qaldı.
Ayə bizə öyrədir ki, Allahın tövbə qapısı hər an açıqdır: “Ey hədlərini aşıb
özlərini israf edən qullarım! Allahın rəhmətindən əsla ümid kəsməyin! Allah bütün
günahları əfv edə bilər. Çünki O, bəli, Odur, sınırsız bağışlayıcı olan, mərhəmət
qaynağı olan” (Zumər, 39/53).
Ayə Allahın ər-Rəhim adı ilə bitir. O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
Ər-Rəhim olan Allah daima mərhəmət edən, işində çox mərhəmətli olandır.
Qurani-Kərimdə ər-Rəhim adı ət-Təvvab adı ilə doqquz dəfə birlikdə gəlmişdir
(hamısı Mədinədə nazil olan surələrdədir). Hamısında da ət-Təvvab adı ər-Rəhim
adından öncədir. Yəni O, tövbə edənin tövbəsini qəbul edər, üstəlik, ona ər-Rəhim
ismindən də pay ayıraraq üzərinə mərhəmət yağışı yağdırar. Günah etmək
kirlənmə, fitrətdən uzaqlaşma, Allahla araya pərdə qoymadır. Sən günahını tövbə
suyu ilə yu ki, O sınırsız mərhəmət sahibinin rəhmətini qazanasan.
Qurani-Kərimdə “nasuh tövbə” anlayışı da var (Təhrim, 66/8), “səmimi
tövbə” anlamını daşıyır, yəni etdiyin günaha bir daha geri dönməmək şərti ilə
tövbə et (tövbədən sonra günah təkrar olunursa, bu, səmimiyyətsizlik,
ciddiyyətsizlikdir).
Qurani-Kərim buyurur ki, ölənədək günah işləyib, ölüm anında “tövbə etdim”
deyənin tövbəsi qəbul olunmaz (Nisa, 4/18). Belə ki tövbə etməyin dəlili tövbədən
sonrakı əməllərdir. Ölənin tövbəsini sübut edəcək dəlil (iş) ortaya qoymaq imkanı
yoxdur.
Səmimi tövbənin şərti əməldir (əməllə təsdiq olunan tövbə). Məsələn, haqsız
olaraq bir insanın malını yeyənin tövbəsi o malı geri qaytarmaqdır, yoxsa, sözlə,
tövbə etdim deməklə canını qurtara bilməzsən. Səmimi tövbə deyir ki, sözünü
(tövbəni) əməlinlə sübut et.
Ardı var...

"Paralel.az"

0.017462968826294