İrani xalqların yaranması - Yazı II
II Yazı
Antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsi, sonralar isə Qarabağın dağlıq hissəsi də daxil olmaqla Kür, Araz çaylarının qovuşduğu ərazi və Mil- Muğan düzünün bir hissəsi Aran adlanıb. "Aran" etnonim olaraq yəqin ki, "Ərən" sözündən yaranıb, "ərənlərin yurdu", "ərənlərin ölkəsi" mənasında işlənilib. Paytakaran- Beyləqan şəhərinin köhnə adı olub, paytaxt Aran, yəni Aranın paytaxtı deməkdir. Türk mənbələri bu şəhərin Alp Ər Tonqa tərəfindən salındığını yazır.
Mənbələrdə "İran" etnonimi eynilə buna uyğun izah edilir, - "Qədim iran dilində -a(i)ryāna (arilərin torpağı), orta avesta dilində -airyana, airyō.šayana (arilərin məskəni), airyå daiŋʹhāwō (arilərin ölkəsi), парф və согд dillərində -"Orien", "aryān" (Aryanlar ölkəsi) mənasında işlədilir". Belə başa düşülür ki, "İran" etnonimi "Aran" etnoniminin dəyişilmiş formasıdır.
Pəhləvicə "İran" "Eran" yazılır. Yəqin ki, bu da "Aran"ın pəhləvicə adıdır. Ölkənin İran adlandırılması 1935 ci ilə təsadüf edir. Buna qədər Əhəməni, Parfiya, Sasani, Səfəvi və Qacarların dövründə İran adına rast gəlinmir. "İran" adına yalnız Firdovsinin "Şahnamə"sində rast gəlinir ki, bunun haqqında da aşağıda bəhs edəcəyəm.
Müasir tarixşünaslıqda "arilər/aryanlar" və ya "ari irqi" - layiqli, hörmətli, nəcib mənasında işlədilir, hind-avropa xalqlarına və onların əcdadlarına aid edilir. İddia edilir ki, arilər fiziki və intellektual cəhətdən digər irqlərdən üstündürlər. İdeya proto-hind- avropalıların və onların nəsillərinin avropoid/qafqazoid irqinin xüsusi bir alt irqini təşkil etdiyi anlayışına əsaslanır. Aryanlar yüksək mədəniyyətin daşıyıcıları və paylayıcıları kimi qədim və müasir böyük sivilizasiyaların baniləri hesab edilirlər. Təəssüf ki, mənbələrdə "ari" sözünün etnonimi izah edilmir. Yuxarıda “ari” sözünün etnonimi haqqında danışdım, onun “er” sözündən yarandığını izah etdim.
Hesab edirəm ki, "As-Ər/Az-Ər" sözü də bu qəbildəndir.
Avropada ilk dəfə "ari xalqları" terminini 1853 cü ildə fransız yazıçısı Jozef Artyur de Qobino işlətmişdir. XIX əsrin əvvəllərində dillərinin mənşəyini araşdıran alman alimi F.Şleqer Hindistanın şimalında yaşayan brahmanların dili ilə alman dilinin uyğunluğuna görə "hind- german" dil qrupu barədə tezis irəli sürdü. Bunun əsasında "hind-avropa" dil ailəsi anlayışı meydana gəldi və bu dildə danışan xalqları "hind-avropa" xalqları, 1853 cü ildən sonra isə "ari xalqları" adlandırdılar.
Amma son zamanlar brahmanların genomunun araşdırılması zamanı onların ari haploqrupu hesab edilən R1a deyil, R2a nın daşıyıcıları olduqları məlum oldu -67%. Bu haploqrup Almaniya qaraçılarında 53 % dir.
Digər məqam "Avesta" və Zərdüştiliklə bağlıdır. "Avesta" Zərdüştiliyin kitabıdır, bu kitab Tanrı Ahura Mazda tərəfindən Zərdüşt peyğəmbərə nazil olunub. Bu gün əlimizdə olan Avestanın, yəni Zend- Avestanın ən qədim əlyazması 1288 ci ilə aiddir, Sasanilər dövründə pəhləvi dilinə tərcümə edildiyi deyilir.
Mənbələrdə Zərdüşt peyğəmbər haqqında dəqiq məlumat yoxdur, türk mənbələri onun e.ə XV əsrdə, iran mənbələri isə e.ə. VI əsrdə yaşadığını yazırlar.
Vikipediyada Zərdüştilik barədə yazılır: "Zərdüştilik - avestaca (vahvī- daēnā- māzdayasna) "müdriklərə ehtiramın xoş niyyəti” mənasını verir, başlanğıcını Spitama Zərdüşt peyğəmbərin vəhyindən götürür. Zərdüşt peyğəmbər bu vəhyi Tanrı Ahura Mazdadan qəbul etmişdir.
...Avestanın qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya (Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalışır, qanlı qurbanlara və "xaum" ayininin həyata keçirilməsinə qarşı çıxırdı. Öz moizələrində Zərdüşt təbiətcə bir-birinə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şəri Tanrının iki başlanğıc enerjisi kimi qələmə verir. İnsanlara xeyirə tabe olub (xeyirli işlər görüb) şərdən qaçmağı təbliğ edirdi."
"Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya (Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalışırdı"- ifadəsində Ariya (Əryan) dinlərinin əsasının tək Tanrıya söykəndiyi, yəni Tanrıçılıq olduğu və Zərdüstün bu inancı yenidən geri qaytarmaq istədiyi başa düşülür.
İkinci bir tərəfdən Zərdüştün Tanrıçılığa qayıtmaq istəyi onun kimliyindən xəbər verir. Son zamanlar irani mənbələr Zərdüştü skif adlandırırlar, yəni onun türk olduğunu etiraf edirlər.
Diğır məlumat Veda sivilizasiyası barəsindədir, onların hind-arilər olduğu yazılır, dini kitabları "Veda" adlanır. "Veda" hinduizmin ən qədim müqəddəs kitablarının toplusudur və sanskritcədi. Eyni zamanda sanskrit orta avesta dilidir. Bu məntiqlə 3 "Avesta"nın və buna uyğun olaraq 3 avesta dilinin olduğu başa düşülür. Orta avesta vedaların dilidirsə, son avesta da yəqin ki, "Avesta"nın pəhləvi dilinə tərcümə edilənə qədərki variantıdır. Bəs onda ilkin avesta dili hansıdır? Hesab edirəm ki, bu, şimaldan gələn tayfaların dili idi. Zərdüştiliyin simvolundakı "mələk qanadları" həm də saxa Tanrıçılığının simvoludur, bu isə Zərdüştiliyin mənbəyini saxa Tanrıçılığından götürdüyünü deməyə əsas verir. Diğər bir mənbədə Hindistanın şimalı da daxil olmaqla hindlərin dini bayramlarını saxaların təqvimi ilə qeyd etdikləri yazılır. Sanskritcə saxa dost deməkdir.
Əslində şimaldan gələn xalqların türk olduğu mənbələrdə olan diğər məlumatlarla da təsdiqini tapırdı, amma bu məlumatlar gizlədilirdi.
Qədim hind lövhələrində əllərində qızıl xaç tutan insanların Hindistana şimaldan gəldiyi yazılır.
Keçən əsrdə rus tarixi yazılarkən özlərini Avropa xalqlari ilə eyni ali irqə mənsub etmək üçün rus tarixçiləri
slavyanların mənşəyini irani xalqlardan götürdüyünü iddia etdilər. Bu məsələ Stalinin şəxsi nəzarətində idi. O, həmyerlisi, osetin əsilli V.Abayevə iran və türk xalqlarının tarixini yazmağı və bu zaman "türk" sözündən istifadə etməməyi tapşırmışdı. V.Abayevin "türk" sözünün əvəzinə nə yazım sualına, Rəhbər "şeytan yaz, amma türk yazma" demişdi. Buna görə də müəllif Şərqdən gələn eyni bir tayfanı iki yerə bölərək birini skif-arilər, yəni irani xalqların əcdadı, digərini isə vəhşi prototürk və protomonqol adlandırdı. Bu yanaşma Avropa mərkəzçilərinin, daha doğrusu Katolik kilsəsinin ənənələrinə də uyğun idi.
DNK geneologiya üzrə rusiyalı mütəxəssis, professor A.Klyosov "Qadağan olunmuş tarix" adlı müsahibəsində deyir: "Skiflər qədim zamanlardan Uzaq Şərqdən Avropaya və Mərkəzi Rusiyaya qədər Avrasiyada yaşayıblar. Bu ərazilərə nə fars, nə də İran mədəniyyəti ayaq basmayıb, skiflərin dili əsasən türkcədir. Sovet iranşünas-filoloqu V. Abayevin skif dillərinin iran mənşəli olmasına dair səhv və qərəzli fikri, skif tarixinin bu cür təhrif edilməsinə etiraz edən alimlərin repressiya və təqiblərə məruz qoyma yolu ilə zorla yayılmışdır. Türk dillərinin cəmi 1500 il yaşı olması fikri də yanlış və qərəzlidir. Hind-Avropa dil ailəsinə tətbiq edilən linqvistik formul türk dillərinin tarixini müəyyən etmək üçün onlara da tətbiq edilmişdir. Hind-Avropa dil ailəsinin formulunda, təbii ki, türk dillərinin xüsusiyyətləri nəzərə alınmırdı, bu da ki, türk xalqlarının və dillərinin tarixində aşkar səhvlərə gətirib çıxarmışdır." Professor həmçinin, akademik elmin İranın qədim skif mədəniyyəti və dili haqqında, eləcə də fars dili haqqında gəldiyi nəticələrini də əsassız hesab edir.
Hələ keçən əsrin əvvəllərində 25 il Çində araşdırma aparan ingilis sinoloqu E.H. Parker skif, hun və türklərin tarixin müxtəlif mərhələlərində yaşamış eyni bir xalqın müxtəlif adları olduğunu deyirdi. Lakin o vaxt alimin fikri nəzərə alınmadı, o hətta işlədiyi institutdan qovuldu.
Məşhur ingilis alimi Qordon Çayld "Aryanlar. Avropa sivilizasiyasının baniləri" kitabında skiflər haqqında yazır: "Bir çox tədqiqatçılar skiflərin iranlı olduqlarına inanırlar. Əsasən son dövrlərə aid bir neçə xüsusi adla məhdudlaşan dilçilik məlumatları var ki, bu da çox inandırıcı deyil. Skiflərin etnik identifikasiyası üçün həlledici əhəmiyyət kəsb edən onların dəfn mərasiminin öyrənilməsidir. Bu, iranlılara və ya hindlilərə xas olan ritualdan çox fərqlidir."
L.S.Klein isə iranilərin və skiflərin dəfn mərasimini belə təsvir edir: "Skif kurüanları İran kurqanlarından kəskin şəkildə fərqlənir, çünki onların ölüləri yerlə təmasdan qorumaqla bağlı iranlıların adi qayğısı ilə heç bir əlaqəsi yoxdur... Ümumiyyətlə, tarixi iranlılar arasında məzdaist təbiətli dəfn adətləri üstünlük təşkil edir. Bu adətlər sükut qüllələri, astodanlar, ossuarilər, ölüləri itlərə və quşlara yedizdirmək, sümüklərdən ət kəsmək və s. ibarətdir.”
Skiflərin türk olduğu 2018 ci ildə elmi cəhətdən sübut olundu. Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunun alimləri Almaniya, ABŞ və Fransadan olan həmkarları ilə birlikdə skiflərin tarixini, demoqrafik inkişafını başa düşmək üçün bütün Avrasiyanın hər yerindən skif mədəniyyətinin daşıyıcılarının genetik tədqiqatını apardılar. Məlum oldu ki, Avrasiya çölünün müxtəlif yerlərindən olan skiflər digər xalqlardan daha çox bir-birinə yaxındırlar və onların törəmələri türk dillərində danışırlar. Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olundu.
1) Nature Communications. V. 8, num.: 14615. 17
2) Nature. V. 557: p. 369–374 · May 2018.
Mövzunun əvvəlində mənbələrdə ilk fars dövləti kimi Midiya imperatorluğunun yazıldığını qeyd etdim. Uzun müddət idi ki, mütəxəssislər bu imperatorluğa aid gil lövhələri oxuya bilmirdilər. Bu lövhələrin qədim fars dilində yazıldığı ehtimal edilirdi. Lakin son zamanlar türk mütəxəssislər bu lövhələri oxudular, onların Orxon- Yenisey əlifbası ilə türk dilində yazıldığı məlum oldu.
Bu hadisədən sonra avropalılar midiyalıların Azərbaycan xalqının əcdadı olduğunu qəbul etdilər, eyni zamanda parfiyalıların/ərsakilərin də türk olduğunu etiraf etdilər. Amma hələ də Azərbaycan dilində vikipediyada parfiya və midiyalılar irani xalq kimi yazılırlar.
Amerikalı professor Riçard N.Fray keçən əsrin 60 cı illərində yazdığı
"İran irsi" əsərində bu dili qədim pers dili adlandırırdı. Əsərin 2002 ci ildə rus dilinə tərcümə edilmiş son variantında yazılır: "Qədim müəlliflər perslərı və midiyalıları aryan hesab edirdilər. Parfiyalıların gəlişi ilə aryan (ariya və ya arian) sözü o qədər geniş yayıldı ki, "Böyük Aryan/Aryanların Krallığı" mənalarını kəsb etməyə başladı. (səh. 20).
Beləliklə müəllif keçən əsrdə yazdığı əsərdə midiyalıları, perslərı/parsları və parfiyalıları aryan hesab edir.
Midiya imperatorluğuna aid tabletlər oxunduqdan sonra isə müəllif keçən əsrdə yazdıqlarına düzəliş edərək 2005 ci ildə çap etdirdiyi “Böyük İran: 20-ci əsrin Odisseyi” əsərində midiyalıları Azərbaycan xalqının əcdadı adlandırdı və onların dilini aşağıdakı 3 dövrə böldü;
1) e.ə. 400-cü ilə qədərki - qədim Azərbaycan dili,
2) e.ə. 400-cü ildən - eramızın 900-cü ilə qədər - orta Azərbaycan dili,
3) 900-dən indiyə qədər yeni Azərbaycan dili.
Ərəb tarixçisi Həmzə İbrahimi (893–961) "Ət-Tənbih" əsərində yazır: "Sasani çarları məclislərində pəhləvicə danışırdılar. Şərqdə bəlx, Xuzistanda xuzi dilində danışırdılar. ..İsfahan, Rey, Həmədan, Man-Məhavan və Azərbaycanda pəhləvicə danışırdılar".
Buradan belə başa düşülür ki, pəhləvicə ölkənin rəsmi dili idi, amma Sasani çarlarının öz dili deyildi, çünki onlar ancaq məclislərdə bu dildə danışırdılar. İsfahan, Rey, Həmədan, Man-Məhavan və Azərbaycanda yaşayan xalqların danışıq dili isə pəhləvicə idi. Daha doğrusu bu dil ərsakilərin/parfiyalıların dili idi. Burada vacib olan diğər məqam X əsrdə Azərbaycan adlı məmləkətin adının çəkilməsidir.
Beləliklə, parsların, midiyalıların və parfiyalıların aryan irqinə mənsub, yəni türk olduqları aydın olur.
Diğər məqam rus və bəzi avropa tarixçiləri tərəfindən ilk irani xalq kimi təqdim edilən kimmerlər barəsindədir. Antik mənbələr kimmerlərin türk olduğunu qeyd edir. "İlyada" və "Odisseya"nın müəllifi Homer kimmerləri "at südü sağan" xalq kimi təsvir edir. Erkən orta əsr tarixçisi Prokopiya isə onlar haqqında yazırdı: "Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən, Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar." Bu isə kimmerlərin və utiqurların (hunların) eyni xalq olduğu anlamına gəlir.
Özbək milli dastanı "Xannamə"də Yafəsin oğlu Kimerin (Qamərin) Oğuz xanın vəziri olduğu yazılır. Bu isə kimmerlərin türk olduğunu sübut edir.
Amma keçın əsrdə rus tarixçiləri kimmerləri irani xalq adlandıraraq, onları Şərqi Avropa slavyanlarının, o cümlədən rusların əcdadı hesab edirdilər.
"Paralel.az"
(Yazının 1-ci hissəsi https://paralel.az/az/article/462082)