İrani xalqların yaranması - YAZI I

İrani xalqların yaranması - YAZI I
 

Qurban Qurbanov

YAZI I

"Turan-Türk irqi" başlıqlı yazımda türklərin 40 min il bundan əvvəl Şimali Sibirdə, Altaydan Şərqi Baykala qədər, Sayan və Şimali Monqolustan da daxil olmaqla geniş bir coğrafiyada
yarandığını, 20 min il bundan əvvəl Orta Şərqə və Avropaya gəldiklərini və onların yerli G, J, L, E, İ genomlu semit xalqları ilə qarşılaşdığını və bu qarışıqdan müxtəlif xalqların meydana gəldiyini, həmçinin, bu tayfaların 12 min il bundan əvvəl Anadoluda "Göbəkli- Təpə",10-9 min il bundan əvvəl Mərkəzi Asiyada Anau, 7 min il bundan əvvəl Şumer və Misir sivilizasiyalarını qurduqlarını da yazmışam.

Təxminən 5 min il bundan əvvəl Cənubi Sibir mərkəzli Turan sivilizasiyası yenidən parçalandı. Əvvəlcə Fin-Uqor, daha sonra cənub-şərqə yayılan Tibet-Birma sivilizasiyası ayrıldı. Bununla paralel olaraq daoizm, buddizm və şamanizm meydana gəldi. Daha sonra qədim türklər 4,5- 4 min il bundan əvvəl indiki Nepal, Əfqanıstan, Pakistan və Hindistana köç etdilər. Onlar burada yerli C, D, L, G, J genomlu tayfalar ilə qarşılaşdılar və nəticədə bu ölkələrin xalqları yarandı. Tanrıçılığın dravidlərin kultları ilə sinkretizmindən Mitraizm meydana gəldi.

Təxminən eyni zamanda 4,5- 4 min il bundan əvvəl Anadoluda formalaşan sivilizasiyanın Avropaya, Volqa-Kama hövzəsinə və Mərkəzi Asiyaya köçü başlayır. Bu köçlər Mərkəzi Asiyada və Şimali Monqolustanda öz əcdadları ilə qarşılaşdılar. Bu qarışıqdan skif, sak, massaget, sarmat, avar, parf, hun və s. adlandırdığımız tayfalar meydana gəldi. Onların bir hissəsi təxminən 2500 il bundan əvvəl Xəzərin cənubu ilə Ön Asiyaya, diğər hissəsi isə Xəzərin şimalı ilə Şimali Qafqaza və Avropaya getdilər. Bu, böyük hun köçü idi.

Prototürklər getdikləri ərazilərdə yerli xalqları özlərinə tabe edib yeni sivilizasiyalar qururdular. Zaman keçdikcə onların yerli xalqlarla qarışmasından yeni xalqlar meydana gəlirdi. Bu xalqların inanc sistemləri və etno-mədəni xüsusiyyətləri, formalaşdıqları hər iki cəmiyyətin xüsusiyyətlərindən bəhrələnirdi. Ona görə də yeni yaranan sivilizasiyalarda Turançılıq və Tanrıçılıq elementləri getdikcə azalırdı.

Bu günkü mövzumuz irani xalqlar olduğundan onların necə meydana gəldiyini araşdıracağam.

Azərbaycan dilində vikipediyada farslar haqqında yazılır: "Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyaya, oradan da Fars körfəzinin şimal-şərq ərazilərindəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar. Bu ərazi onların adı ilə Parsa (Persiya, Persiana, müasir dövrdə Fars ostanı) adlanırdı. E.ə. IX əsrin II yarısında isə farslar tayfa ittifaqı yaratmışlar. Ona Əhəmənilər sülaləsi başçılıq etmişdir. Sülalənin banisi Əhəmən olmuşdur. Onlar əvvəl Assurun, sonra Midiyanın tərkibində olmuşlar. E.ə. 550-ci ildə Midiyada hakimiyyəti ələ alan Parsa hakimi II Kir (Kuruş) Əhəmənilər dövlətinin əsasını qoymuşdur. Əhəməni Fars imperiyası e.ə.331-ci ilə qədər mövcud olmuş və fars xalqının formalaşmasında müstəsna rol oynamışdır".

Bizim hörmətli tarixçilərimiz "farslar e.ə. II minillikdə ...qədim yurdlarına qayıdaraq məskunlaşmışlar"- yazmaqla guya farsların əcdadlarının əvvəllər bu coğrafiyada yaşadığını, buradan köçüb getdiyini və təkrar geri qayıtdıqlarını iddia edirlər. Keçən əsrdə arilər haqqında formalaşmış nəzəriyyədə iddia edirdi ki, guya 12-10 min il bundan əvvəl Zaqros dağlarının ətəklərindən Avropaya bir qrup əkinçi fermerlərin -arilərin köçü olmuşdur. Bununla da avropalıların əcdadı kimi irani xalqlar qəbul edilirdi. Eyni zamanda iddia edilirdi ki, Zaqros ətəklərindən Avropaya köçən bu xalqlar 5-4 min il bundan əvvəl Şərqi Avropadan Qafqaza, Mərkəzi Asiyaya və oradan İran yaylasına gəlmişlər. Ona görə də bizim hörmətli tarixçilərimiz bu nəzəriyyəyə əsasən farsların "qədim yurdlarına qayıtdıqlarından" bəhs edirlər.

Amma aparılan genetik araşdırmalar bu nəzəriyyənin yanlış olduğunu sübut etdi. 2016-cı ildə Almaniyanın Mainz Universitetindən Yoahim Burger və onun həmkarları İranın Zaqros dağının ətəklərində tapılan sümüklərin DNT-ni tədqiq edərək, Avropa sakinlərinin genetik cəhətdən əslində Zaqros ətəklərindən getmədiklərini sübut etdilər. Zaqros sakinləri ilə müasir avropalıların və asiyalıların, onların qədim əcdadlarının DNT-nin müqayisəsi göstərdi ki, “Aypara”nın bu küncündən Yer kürəsinin "ilk əkinçiləri" kənd təsərrüfatının sirlərini avropalılara deyil, asiyalılara vermişlər. Bu, müasir Pakistan və Şimali Hindistan ərazisində 14 min il əvvəldən 300 il əvvələ qədər yaşamış 523 nəfərin genomunun araşdırılması zamanı məlum oldu. Araşdırma göstərdi ki, 7,4- 5,7 min il əvvəl zaman intervalında "Zaqros fermerlər"i ilə Cənubi Asiyanın yerli sakinləri qarışıblar. Həmçinin, Y-xromosom O2a1-M95 haploqrupunun genişlənməsinin təxminlərinə əsaslanaraq, avstroasiatik dillərdə danışanların Cənubi Asiyaya gəlişinin tarixi 5 -4 min il bundan əvvələ təsadüf etdi.

Diğər bir araşdırmanı 2019-cu ildə Stenford, Vena və Roma universitetlərinin alimlərindən ibarət bir qrup apardı. Onlar Roma şəhərində və onun ətrafında yerləşən 29 arxeoloji abidədən (qədim məzarlıqdan) toplanmış 127 genetik nümunəni tədqiq edərək belə nəticəyə gəldilər ki, qədim romalıların böyük bir hissəsi Romaya, təxminən, 3000 il əvvəl Xəzəryanı ərazilərdən gəlmişlər. Bu kəşfdən sonra avropalıların iran və hind xalqları ilə eyni kökdən gəlməsi, yəni qədim farsların əvvəlcə Zaqros ətəklərindən Avropaya, oradan Mərkəzi Asiyaya, daha sonra İran yaylasına gəldikləri barədə əfsanə puç oldu.

İlk İrani xalqların qurduğu dövlət kimi e.ə. VIII əsrin sonu - VII əsrin əvvəllərində paytaxtı Həmədan (Ekbatana) şəhəri olan Midiya Krallığı hesab edilir. Mənbələrdə bu Krallığın tez bir zamanda İranın qərbində və qismən də şərqində bütün əraziləri tutduğu, babillilərlə birlikdə Assuriya imperiyasını məğlub etdikləri, Şimali Mesopotamiya və Urartunu ələ keçirdikləri yazııır.

İrani xalqların qurduğu ikinci dövlət
Əhəmənilər imperiyası hesab edilir: "Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin tərəfınə keçdilər. Beləliklə, Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı".

Əvvəlcə Əhəmənilər dövrünü araşdıraq. Herodot Əhəməni dövründən bəhs edərkən fars deyil, pars ifadəsindən istifadə edir: "Parslarda Tanrıların heykəllərinə sitayiş etmək və ya çoxsaylı məbədlər tikmək adəti yox idi. Onların dini ayinlərini sehrbazlar yerinə yetirirdilər. Onlar işğal etdikləri xalqların inanclarına hörmətlə yanaşırdılar və yəhudilərin Babil əsirliyinə son qoydular."

Düşünürəm ki, Qərb tarixçiləri Herodotun şəxsiyyətini və onun əsərlərini bəzi məqamlarda saxtalaşdırmışlar. Amma bu başqa söhbətin mövzusudur. Burada maraqlı cəhət Herodotun- "Parslarda tanrıların heykəllərinə sitayiş etmək və çoxlu məbəd tikmək adəti yox idi"- ifadəsidir. Bu, parslarin qonşularından fərqli adət-ənənələrə malik olduğunu göstərir.

Sitatda vurğulanan ikinci məqam "onlar işğal etdikləri xalqların inanclarına hörmətlə yanaşırdılar"- ifadəsidir. Bu xüsusiyyət türklərə məxsusdur. Fəth etdikləri xalqlara tolerant yanaşma ancaq türklərdə mövcud olub, diğər xalqlarda bu xüsusiyyət yoxdur.

Üçüncü məqam isə yəhudiləri Babil əsarətindən azad etmələri barədədir. Bu haqda abxaz əsilli rus tarixçisi V.Kolesnikov çıxışlarının birində deyir: "Altay kökənli çar Kir, yəhudiləri Babil əsarətindən azad etdi və onlara Yerusəlim məbədini bərpa etməyə icazə verdi, bunu Tanrı xatirinə etdi.
Yezdranın birinci kitabında yazılır: 'Pars padşahı Kir deyir ki, Yer üzünün bütün səltənətlərini göylərin Tanrısı mənə verdi və O, mənə Yerusəlimdə Onun üçün ev tikməyimi əmr etdi. Sizdən- onun xalqından kim varsa qoy Yəhudeyada olan Yerusəlimə getsin."

Böyük Kirin türk olduğunu tatar əsilli rus tarixçisi Nikolay Qinov da təsdiq edir. O, "Böyük Kir türk idi" adlı məqaləsində yazır: "Əhəmənilər adlı nəhəng bir imperiya Kral Kir tərəfindən quruldu. Dünyanın yarısını fəth edən - ailəsi Altaydan olan bu şəxsə Böyük Kir deyirdilər. O, Şərq sənəti obrazına girən "bəbir" ( bars/pars, türkcə pələng) tərəfindən himayə edilirdi. Daha sonra İslamın və ərəb dilinin yayılması ilə ərəb dilində "p" hərfi olmadığı üçün "pars" adı fars kimi yazıldı. Sonra yunanlar müdaxilə etdilər. Pars adı yunanlar tərəfindən təhrif edilərək "parsu/parsua/parsa" kimi yazıldı. Qədim türk kökündən "Cyrus" sözünün bir çox mənası var - girmək, nüfuz etmək, batırmaq, qoşulmaq, gəlmək, görünmək, davam etmək, başlamaq, əlaqələndirmək, ifşa etmək, ayaq üstə tutmaq. ...Əhəmənilər imperiyası Kral Darayavaush (Darius) dövründə yazı islahatı keçirməklə ən yüksək zirvəyə çatdılar. Deməli, sözdə qədim fars dili türk köklərinə malik idi, daha doğrusu - Altay kökəninə. Mənə bir şey aydın deyil - yunanların bununla nə əlaqəsi var?"

Tövratda yəhidilərə və babillilərə ünvanlanmış belə bir xəbər var: "Quzeydən bir ordu gəlir. Dünyanın o başından böyük bir ulus hərəkətə keçir. Atlara minib gələrkən səsləri kükrəyən dənizi xatırladır".

Beləliklə, Böyük Kirin Şərqdən gəldiyi, onun türk olduğu, Tanrıçılığa sitayiş etdiyi və yəhudiləri Babil əsarətindən azad etdiyi məlum olur. Amma zaman keçdikcə Əhəmənilər yerli adətlərin təsiri altında tədricən iraniləşdilər, necə ki, Xubilayın komandası çinliləşdi.

Tomrisin II Kirin başını kəsməsi hamıya məlumdur. Bu hadisənin e.ə. 529 cu ildə baş verdiyi yazılır. Rəsmi tarixdə II Kirdən sonra hakimiyyətə onun oğlu II Kambizin, sonra isə I Daranın gəldiyi yazılır. Antik dövrdə bir sülalə digərini məğlub edəndə, məğlub sülalə hakimiyyətdən gedirdi, yəni bu hadisədən sonra Əhəmənilər hakimiyyətdən getməli idi. Amma rəsmi tarixdə belə yazılmır.

Тövratda Kir (Kuruş) pars, Dara isə midiyalı adlanır. Bu məntiqlə belə başa düşülür ki, II Kirin başı kəsildikdən sonra hakimiyyət midiyalıların ələ keçmişdir.

Herodot yazır ki, hakimiyyəti midiyalılardan almış parslarin üzərinə gedən ordunun başında Saka çarı Madi dayanırdı. Fars mənbələri onu "iraniləşdirib" Əfrasiyab adlandırır. O, həm də Alp Ər Tonqadır. Türk mənbələrində e.ə. VII əsrdə sakaların Mərkəzi Asiyadan Ön Asiyaya qədər, Xəzərin şimalı da daxil olmaqla geniş bir coğrafiyada Saka imperatorluğu qurduğu barədə məlumatlar var.

Bu barədə Azər Turan yazır: "Saka imperatorluğuna xaqanlıq etdiyi illərdə Alp Ər Tonqa az qala həm də dünyanın hökmdarına çevrildi. Xəzəri həm şimalından, həm də cənubundan dolaşmış (Z.V.Toğan) ilk fatehimizin hakimiyyət arealı Azərbaycan və Anadolu da daxil olmaqla Türküstanın içərilərinə qədər yayılmışdı. Alp Ər Tonqa Balkanlardan Çin səddinə qədər, Türküstan və İranı da içərisinə almaqla Misirədək uzanan bir cahanın imperatoru idi. Qıpçaq çölləri, Əfqanıstan, Seyhun, Məkkə, Mədinə, Qüds Alp Ər Tonqanın hakimiyyətini tanıyırdı. Çinin də sahibi o idi. Assur kralı Esarhaddon, Misir fironu I Psammetik Alp Ər Tonqa ilə sülh bağlamağa can atırdı ki, Misir Alp Ər Tonqa ordularının ayaqları altında qalıb əzilməsin. Türküstan fəthindən sonra Əfrasiyab Hindistanın, Suriyanın, Yahudeyanın, Misirin də fatehi oldu, Urartu dövlətinin cahan səhnəsindən çəkilməsinə səbəb də Alp Ər Tonqa olmuşdu. O, İranı fəth etdiyi və İran taxtına sahib olduğu illərdə İrana hücum edən ərəblərlə də savaşmışdı. Hətta "Şahnamə"nin bir yerində Firdovsi ərəblərə qızaraq - 'Bir zamanlar çöldə dəvə südü və kərtənkələ ətiylə keçinən ərəblər işi o qədər artırdılar ki, Keylərin taclarını istəməyə başladılar. Tfu, sənin üzünə, ey qə*bə fələk, tfu'- deyir."

Təəssüf ki, Avropa və rus mənbələrində türklərin qurduğu Saka imperatorluğu barədə heç bir məlumat yoxdur, əksinə həmin dövrdə irani xalqların qurduğu deyilən Kimmer-Skif-Sak çarlığından bəhs edilir. Bu isə tarixin qərblilərin istəyinə uyğun saxtalaşdılmasından xəbər verir. Bu ənənə eynilə Parfiya və Sasani dövrlərinə də aiddir.

Rəsmi tarixdə e.ə. 247-ci ildə Mərkəzi Asiyadan gələn parni tayfalarının Xorasanın şərqinə soxularaq tayfa başçısı I Ərsak Pəhləvinin başçılığı altında Sələvkilər dövlətini məğlub edərək Parfiya imperiyasını qurduğu və bu imperiyanın eramızın 224 cü ilinə qədər mövcud olduğu, həmçinin, 224-cü ildə Fars (Parsua) vilayətinin hökmdarı I Ərdəşir Papakanın Pəhləvi padşahı V Ərtabanı məğlub edərək Sasani imperiyasının (226-651) əsasını qoyduğu yazılır.

Əslində Xorasanı zəbt edənlər parni tayfaları deyil, türk saklar/sakalar idi. Tayfa başçısı Ərsakın adı "sakların Ərəni, başçısı" anlamına gəlir. Yəqin o dövrün türk tayfa başçılarında "Ər", "Ərən" titulu qəbul etmək bir ənənə olub. Bunu Alp Əp Tonqanın, Ərdəşirin, Ərtabanın timsalında da görürük. Düşünürəm ki, "Ər", "Ərən" - "igid", "cəsur" mənaları ilə yanaşı, həm də "düzgün", "ədalətli" mənasında işlənib. Yəqin ki, "ari", "Aran", "As/Az-ər" sözlərinin də kökləri eynidir.

V.Bartold türklərin ədaləti barədə yazır: "Türklər dünyaya hökmranlıq etdikləri vaxt, bir çox xalqlar, irqlər türkcə danışırdı. Türklərin qonşuları onların doymuş, ədalətli həyatlarını görərək deyirdilər: 'türk olmaq cox xoşbəxtlikdir' və imkan düşdükcə türk olurdular. Türklər çinli hərbi əsirləri evlərinə buraxdıqda onlar getmirdilər, türklərin azad və əyləncəli həyat sürdüyünü deyirdilər."

Yuxarıda vikipediyada farslar haqqındakı məlumatın yalan olduğunu sübut etdim. Yəni həmin dövrdə nə Fars (Parsua) vilayəti var idi, nə də ki, onun hakimi. Yəqin ki, I ci Ərdəşir Papakan (Babakan) diğər bir türk tayfasının başçısı idi və Ərsakilərin zəifləməsindən istifadə edərək onları devirmişdi.

Mənbələrdə Ərdəşir barədə fərqli məlumatlar var. Bəzi mənbələrdə o, Sasanın oğul nəvəsi kimi, bəzilərində isə atasının Sasan, anasının isə Babakanın qızı olduğu yazılır. Əgər o, Sasanın oğlu idisə, niyə ana babası Babakanın adını özünə soyad götürmüşdü? Burda ən düzgün variant Sasanın onun ana babası olmasıdır.

İrani xalqlarda "ana xəttinin" üstün olması səbəbindən yeni yaranan imperiyada fərqli adətlər meydana gəldi, türk qadınlarına xas, at belində döyüşmək xüsusiyyəti aradan qalxdı. II Şapurun (309-379) dövründə Zərdüştilik yeni məzmunda- Maniçilik (manixeizm) formasında dövlət dini elan edildi.

"Paralel.az"

0.016732931137085