130 min yəhudinin qətlində iştirak edən Brunner heç vaxt ələ keçməyib -Maraqlı faktlar
Ən yeni tarix
Şanslı hərbi cani – 130 min yəhudinin qətlində iştirak edən Brunner heç vaxt ələ keçməyib.
Tarixə əsrin məhkəməsi kimi düşən Nürnberq prosesindən sonra bəzi tarixçilər və siyasi ekspertlər məhkəməyə olduqca az sayda hərbi cinayətkarın cəlb edilməsini vurğulayıblar. Düzdür, ayrı-ayrı ölkələrdə də faşist hərbi cinayətkarların məhkəməsi keçirilib və belə proseslər müharibədən sonra illər boyu davam edib. Amma bununla yanaşı, sülhə və insanlığa qarşı cinayət törədənlərin arasında ədalət məhkəməsindən yaynanların sayı da az olmayıb. Onlardan biri də Aloiz Brunner olub. Brunner hiyləgərliyi və “çevik”liyi sayəsində ömrünün sonuna, 2001-ci ilə qədər azadlıqda gəzib...
Aloiz Brunner 1912-ci ildə Avstriyada, Hadkut kəndində anadan olub. Yeniyetməlik yaşlarından kənd həyatı onun üçün darıxdırıcı göründüyündən Brunner orta təhsilni başa vurduqdan sonra Fyurstenfeld şəhərinə üz tutub. Onun əsas məqsədi təhsil almaq və bir daha kəndə qayıtmamaq olub.
Brunner əvvəcə maliyyə kurslarını bitirib, daha sonra orta sahibkarlıq məktəbində (həmin dövrdə Avstriyada belə məktəblər fəaliyyət göstərib) oxuyub. İşlə təmin edilsə də, gündəlik tələbatlarını ödəyə bilsə də, Brunner özünə daha zəngin həyat arzulayıb.
1930-cu illərin əvvəllərində nasist ideyasının təbliğatı gücləndiriləndə, nasist partiyasının sıraları genişləndiriləndə Brunner də seçim qarşısında qalıb. Onun qarşısında ya partiyanın üzvü olmaq, ya da gələcək karyerasından əlini üzmək şərti qoyulub. Brunner daha asan yol keçib, gələcək fəaliyyətini partiyanın sıralarında daha parlaq görüb.
Mülki işlərdə yüksələ bilməyəcəyini anlayan Brunner SS-də qərarlaşmağa cəhd edib və onuin bu cəhdi uğurla alınıb. Artıq 1938-ci ildə o, SS-də kifayət qədər böyük vəzifə tutub, bu qurumun yəhudilərin köçürülməsi mərkəzi idarəsinin rəis müavini vəzifəsini daşıyıb. O, 1939-1945-ci illərdə yəhudilərin deportasiya edilməsi, ölüm düşərgələrinə göndərilməsində həlledici simalardan biri sayılıb. Brunner qatı antisemit kimi (yəhudiləri sevməyən, onlara nifrət və ədavət bəsləyən şəxs) fəaliyyətini Almaniya ilə yanaşı digər ölkələrdə də, Polşa, Fransa və Yunanıstanda da davam etdirib.
Rəsmi statistikaya görə, Brunner 130 mindən artıq yəhudinin fiziki cəhətdən məhv edilməsində şəxsən iştirak edib. Məhz onun təşəbbüsü ilə yəhudilərin məhv edilməsində kütləvi şəkildə “qazvagen”lərdən (yəhudiləri daşıyan yük maşınlarının kuzasına zəhərli qaz buraxan qurğuların yerləşdirildiyi avtomobillər) istifadə edilib. Bəzi hallarda Brunner bu maşınların sükanı arxasına özü keçib, bu işdən zövq alıb.
Almaniyanın məğlubiyyəti yaxınlaşdıqca Brunnerin qorxusu da çoxalıb və xilası, ələ keçməməsi üçün o, bütün mümkün variantlar haqqında düşünüb.
Faşizm üzərində qələbədən sonra Brunner özünə bir neçə saxta sənəd düzəldib. Bu sənədlərin birində o, özünü yəhudi, digərində alman-kommunist kimi təqdim edib. Bu saxta sənədlərlə Brunner Almaniyanın ABŞ-ın nəzarəti altında olan işğal ərazisində amerikalıların hərbi hissələrinin birində yük maşınının sürücüsü işinə düzəlib.
Həmin qarışıq ərəfədə Almaniyada Brunnerin həbs olunması haqqında söz-söhbət dolaşıb. Bu söhbətlər onu bir az arxayın etsə də, Brunner ehtiyatını əldən verməyib. O, mərkəzdən uzaqlaşaraq Almaniyanın qərbində Essen şəhərində məskunlaşıb və şaxtada işləyib.
Essendə olarkən Brunner heç kimlə münasibət qurmayıb, yalnız işə gedib-gələrək özünü cəmiyyətdən təcrid edib. Hər an “ilişmək” təhlükəsi altında yaşayan Brunner Almaniyanı tərk etmək haqqında planlar qurub.
1954-cü ildə təsadüf nəticəsində Almaniyadakı düşərgələrin birinin keçmiş məhbusu Brunneri tanıyıb. Brunner məsələ böyüməmiş Almaniyanı tərk etmək planını sürətləndirib. O, növbəti dəfə özünə Georq Fişer adı ilə saxta sənəd düzəldərək Suriyaya qaçmağa nail olub.
Siriyada bir müddət yəhudilərdən “müsadirə” etdiyi qızılları satmaqla yaşayan Brunner bir ildən sonra Suriya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaəqə yaradaraq əməkdaşlıq təklif edib. Qarşı tərəf bu təkliflə razılaşıb, Brunner iki ildən sonra Suriya xüsusi xidmət orqanlarında rəsmi olaraq məsləhətçi vəzifəsində xidmət edib.
Brunner Suriyada mövqelərini o dərəcədə möhkəmlədib ki, o, xarici ölkələrin jurnalistlərinə müsahibələr verib, onlarla sıx əlaqələr yaradıb. 1987-ci ildə isə Amerika nəşrlərindən birinə verdiyi müsahibə daha böyük səs-küyə səbəb olub: “Cəza verdiyimiz insanlar bu haqqı özləri qazanmışdılar. Onlar şeytanın agentləri idi. Mənim xidmətlərimi cinayət adlandıranlara demək istəyirəm ki, əməllərimdən peşman deyiləm və etdiklərimi böyük məmnunniyyətlə bir daha təkrar etmək həvəsindəyəm...”
Brunner haqqında bir neçə ölkədə qiyabi olaraq ən ağır cəzalar, ömürlük həbs və güllələnmə hökmləri çıxarılsa da onu həbs etmək mümkün olmayıb. Suriya hökuməti Brunnerin ölkələrinin ərazisində yaşamağını heç vaxt etiraf etməyib.
Suriyada yaşadığı illərdə Brunner Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlı dəstələrinin hazırlığında da iştirak edib.
Brunnerə qarşı dəfələrlə sui-qəsd də hazırlanıb. Amma şanslı nasist bu cəhdlərdən sağ çıxıb. 1961-ci ildə onun poçtuna minalanmış paket qoyulub. Brunner partlayış nəticəsində görmə qabiliyyətinin əlli faizdən çoxunu itirib. 1980-ci ildə eyni qaydada partlayış zamanı isə sağ əlinin dörd barmağından məhrum olub.
Brunnerin ölümü haqqında bir neçə dəfə xəbər yayılıb. Amma bu xəbərlər az müddətdən sonra təkzib edilib. Sonuncu məlumata görə, o, 2001-ci ildə, 89 yaşında Dəməşqdə vəfat edib.
İlham Cəmiloğlu
"Paralel.az"