AQTA vitrinlərdə köhnəlmiş saqqızlara niyə nəzarət etmir?

AQTA vitrinlərdə köhnəlmiş saqqızlara niyə nəzarət etmir?
 

Son iki həftədir ki, marketlərdə saqqız çeşidlərinə qiymət artımı tətbiq edilib. Belə ki, marketlərdə 60-70 qəpiyə satılan “Orbit”, “Dirol” markalı saqqız növləri artıq 1 manata təklif olunur. 

Qiyməti artan saqqızların keyfiyyəti, istifadəyə yararlığı və etiket problemi uzun müddətdir ki, çözümü tapılmayan məsələlərdəndir.

Müşahidələr göstərir ki, uzun müddət vitrinlərdə köhnəlib qalmış saqqızlar belə satışa buraxılır. Həddindən artıq kiçik şriftlərlə yazılmış bu məhsulun tərkibini nə oxumaq, nə də istifadə müddəti və yararlığı barədə məlumatlara sahib olmaq mümkündür. Çox vaxt istehlakçılar qablaşma üzərində olan xırda şriftlərlə yazılmış yazıları oxumağa belə səbirsizlik nümayiş etdirirlər. 

Bu gün saqqızla yanaşı bir çox belə məhsulların etiket probleminə nəzarət mexanizmi mövcud deyil. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad istehlakçılar Birliyinin rəhbri Eyyub Hüseynovun sözlərinə görə Qida Təhlükəsizliyi Agentliyi qanunvericilik aktları çərçivəsində ərzaq mallarının, o cümlədən saqqızların nəzarət məsələsini bu ilin yanvarından etibarən öz üzərinə götürüb. Amma faktiki bu məsələ ilə bağlı nəzartsizlik hökm sürür:

“İllərdir bu məsələ Azad istehlakçılar Birliyinin də nəzarətindədir. Buna bənzər digər mallar və uşaqlar üçün şirniyyatlar var. İstənilən malın xüsusi  hissəsində, aydın ifadə olunan şriflərlə və Azərbaycan dilində informasiyası olmalıdır. Azərbaycanda belə bir standart hüquqi cəhətdən mövcud deyil. 

İki ay əvvəl İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Standartlaşdırma İnstitutu belə bir standartın qəbul olunması ilə bağlı məlumat yaydı. Baxmayaraq ki, mən orada texniki komissiyanın üzvüyəm. Lakin heç bir müzakirə olmadan belə bir məlumat açıqlandı. Belə bir standart olmalıdır və o standarta əməl olunmamasına görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər  edilməlidir. Eyni zamanda cəza mexanimi işlənməlidir”. 

İllər boyu sözügedən məsələnin açıq və həll olunmamış qaldığını vurğulayan hüquq müdafiəçisi problemin birbaşa AQTA-nın diqqətində olduğunu vacib sayır:

“AQTA bu məsələyə xüsusi diqqət ayırmalıdır və səlahiyyətindəki məsələ ilə bağlı mütəmadi yoxlamalar keçirməlidir. İstehlakçı heç bir halda aldadılmamalıdır. Onların keyfiyyətli və təhlükəsiz məhsul istehlak etmələri üçün lazımi standartlar qəbul olmalı, icrası həyata keçməlidir.  Ümumiyyətlə saqqız çeynəmək tum çırtdamaq qədər mədəniyyətsizlik əlamətidir. Bu məhsul heç də insana xeyirli bir şey deyil”. 

0.016228914260864