İran əsgərləri Ermənistan ordusunda Azərbaycana qarşı döyüşəcək? - SEPAH

İran əsgərləri Ermənistan ordusunda Azərbaycana qarşı döyüşəcək? - SEPAH
 

Tehran bir tərəfdən Əliəkbər Vilayətinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vasitəsilə Azərbaycana sülh mesajları səsləndirdiyi vaxt, SEPAH və Müdafiə Nazirliyi tərəfindən tam əks məzmunda xəbərlər sızdırılır.

Bu dəfə də II Qarabağ savaşından üzü bəri müşahidə olunan metod yenidən təkrarlanır, Azərbaycanla bağlı etiraflar və xəbərdarlıqlar xaricdə saxlanan proksi media vasitəsilə sızdırılır. Güman ki, həmişə olduğu kimi, növbəti mərhələdə bu mesajların az sonra Tehran mediasının özündə də dərcini görəcəyik:

İranın Müdafiə Nazirliyindəki mənbə təsdiqləyir ki, Tehran son vaxtlar Ermənistana kəşfiyyat və kamikadze dronlar, çoxlu sayda raket və silah-sursat verib. Mənbə bunu İran və Azərbaycan arasında gərginliyin artmasına və “ İsrailin Bakıdakı fəaliyyətinə“ cavab olaraq, Ermənistanın Azərbaycanın hücumlarından qorumaq məqsədilə etdiyini bildirib. İranın tədarük etdiyi silahlar arasında Ukraynada Rusiya texnikasına qarşı uğur qazanmış Amerikanın “Stinger” və “Javelin” raketlərinə bənzər portativ zenit-raket kompleksləri olub.

Mənbə ötən həftə sərhəddə baş verən qarşıdurma zamanı Ermənistan ordusunun artıq bu silahın bir hissəsindən istifadə etdiyini, nəticədə hər iki tərəfdən 7 əsgərin şəhid olduğunu qeyd edərək, “Azərbaycan qüvvələrinin silahın keyfiyyətindən təəccübləndiyini” bildirib. İddia edilir ki, Ermənistan ordusu əvvəllər arsenalında olmayan silahlardan istifadə etməklə hücum edən qüvvələri geri çəkilməyə məcbur edib.

Deyilir ki, Tehran Ermənistanla quru əlaqəsi üçün həyati əhəmiyyət kəsb edən Laçın(?) və Zəngəzur keçid məntəqələrinə nəzarət etmək üçün Azərbaycan-Türkiyə layihəsini dayandırmaqda tamamilə qərarlıdır. “Çünki bu layihənin məqsədi Ermənistanın Sünik vilayətinə nəzarət etmək, həmçinin Azərbaycan vasitəsilə Türkiyəni Xəzər dənizinə birləşdirmək və İranla Rusiya arasında əlaqəni kəsməkdir. Rusiya baş nazir Nikolay Paşinyanın davranışından çox narahat olsa da, öz fikrini dəyişməyə və Azərbaycandakı vəziyyəti yenidən qiymətləndirməyə başlayıb, eyni zamanda iki gün əvvəl KTMT üzvü İrəvanın NATO manevrlərində iştirakına aydınlıq gətirilməsini istəyib”.

Mənbə hazırda Ermənistan və Azərbaycanla sərhədlərdə 100 mindən çox İran əsgərinin olduğunu və ermənilərin özlərini müdafiə edə, Sünik üzərində nəzarətin itirilməsinin qarşısını ala bilməyəcəyi təqdird,ə müdaxilə etməyə hazır olduqlarını vurğulayıb, baxmayaraq ki, Tehran “belə bir ssenarini arzulamır”.

Bununla yanaşı Müdafiə Nazirliyinin sızdırmasında deyilir ki, minlərlə iranlı erməni də Ermənistan ordusunun tərkibində döyüşməyə hazırdır.
Proksi nəşrlər xatırladır ki, Azərbaycanda şiə müsəlmanlar əksəriyyət təşkil edir, lakin ölkədə ciddi dünyəvi rejim var.

Azərbaycan bir neçə gün əvvəl Tehranı cənubi azərbaycanlıların İrandan ayrılaraq Azərbaycan Respublikasına birləşməsini dəstəkləyən anti-İran baxışlı millətçi deputata qarşı sui-qəsddə açıq şəkildə suçlayıb. Bundan sonra Bakı İranın dəstəyi ilə dini çevriliş planlaşdırdığı deyilən bir dəstənin yaxalandığını bildirib. Xatırladılır ki, azərbaycanlılar İranda farslardan sonra ikinci çoxsaylı millətdir və İran əhalisinin 25 faizini (19,4 milyon nəfərə qədər) təşkil edir (əslində rəqəm daha yüksəkdir) 

Beləliklə, ilk dəfədir ki, İranın rəsmi qurumu Ermənistana açıq hərbi dəstək göstərildiyini etiraf edir. Üstəlik, erməni ordusunun tərkibində döyüşəcək minlərlə İran vətəndaşı hazırlandığı haqda təhdid səsləndirilir. Hərçənd onların erməni əsilli olduğu deyilsə də, bu, İranın savaşa dolaysı ilə qoşulması üçün istifadə oluna biləcək aldadıcı gedişdir.

Bir müddət əvvəl İranın Azərbaycanla Ermənistan arasında mümkün toqquşmalarda iştirak ssenarilərinin müzakirə olunduğu, ssenarilərdən birinin də erməni ordusunun tərkibində ekspertlər və hərbi təlimatçılar vasitəsilə iştirak olduğunu yazmışdıq. Görünür, həmin ssenariyə indi bu şəkildə düzəliş edilib.

Lakin hələ ki, İran rəsmi mediası və bizdəki iranpərəstlər inadla Tehranın Ermənistana birbaşa dəstəyini inkar edirlər. Azərbaycan üçün bu təhdidlər əhəmiyyətsizdir; bizim ordu əslində həmişə erməni ordusu adı altında gizlənmiş üçüncü qüvvələrlə döyüşüb və qalib gəlib. Ardıcıl sızdırmaların, təhdidlərin bir məqsədi də Azərbaycanı yanlış qərarlar qəbuluna məcbur etmək, İranın bu və ya digər addımlarına qarşı bəhanə əldə etmək ola bilər.

Xatırlayaq ki, bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı etdiyi zaman İranın onlara silah verməsini, hərbi texniki yardımını təkzib etmiş, bu xəbərləri Azərbaycanın apardığı informasiya siyasəti adlandırmışdı. Odur ki, İran Müdafiə Nazirliyinin bu sızdırması həm də Paşinyanı çıxılmaz vəziyyətə salır.

Paralel.az

0.0089130401611328