Oyunudur - Məmməd Qədir
Bu dünya vergisiz bir qumarxana,
Bələk fırıldağı, bez oyunudur.
Bəxti qanadsızı qovar axına,
"Buyur bat, ya da ki, üz" oyunudur.
Oyun da anlamır nəfs sarlatan,
Məhşərdə dadına catmaz heç atan,
Bilirsənmi nədir başını qatan,
Bir olan həyatın yüz oyunudur.
Ağıl dostlarına ürək yağıdı,
Göz görür, əriyən ürək yağıdı,
Qış fəsli tikanın fırıldağıdı,
Bahar çiçəklərin öz oyunudur.
Sözü sərt olanın ruhu incədir,
Enincə qartala dağ əyləncədir,
Oyun bilməyənlər sanar Gəncədir,
Lalələr düzlərin köz oyunudur.
Can suyu gur axar ölüm öncəsi,
Armuda toy tutar ayı pəncəsi,
Məhəbbət ruhunun nur əyləncəsi,
Sevgi də ürəyin göz oyunudur.
Bir günün xətrinə neçə ay keçər,
Yöndəmsiz əməllər çox qolay keçər,
Gicbəsər düşünər, dəli çay keçər,
Aqilin "səbr elə, döz" oyunudur.
Yasxana xeyirin, toyxana şərin,
Çox acı versə də bu həyat şirin,
Yaxşı oynayırsan, Məmməd, şeirin,
Fikir əyləncəsi, söz oyunudur...
Paralel.az