"Xalqın yaddaşında, şeirin ən dərin qatlarında QASIM QASIMZADƏ adlı bir şair yaşayır" - NÜSRƏT KƏSƏMƏNLİ

 

Qasım Qasımzadə - 100

NÜSRƏT KƏSƏMƏNLİ

XALQIN YADDAŞINDA, ŞEİRİN ƏN DƏRİN QATLARINDA QASIM QASIMZADƏ ADLI BİR ŞAİR YAŞAYIR

Ömrümüzdə yaxşı adamların xatirələri olmasaydı, ömür tarixçəmiz, yəqin ki, çox kasıb və mənasız görünərdi. Yaxşılıq özü də bir istedaddır. Ümumiyyətlə, yaxşılıq hissi istedadlı adamlara məxsusdur. Bir az da bəxt, tale işidir. Bu, daha çox ikinci tərəfə aiddir. Çünki hər adamın qarşısına yaxşı adam çıxmır...
Şəxsən mən eybəcər adamların yaxşı olacağına inanmıram. Nəsiminin təbirincə desək, hər kəsin daxili onun xarici görünüşündə öz əksini tapır. Onları eybəcərləşdirən bəlkə də içlərindəki xəbislik, paxıllıq duyğularıdır. Qəribədir ki, heç bir saqqal maskası da bu çirkinliyi gizlədə bilmir.

Yaxşı ki, bu dünyada yaxşılar var. Yoxsa pislərin çirkabı içində itib-batardı bu fani dünya! Mən isə dünyaya yaxşı adam, istedadlı şair, alim-ədəbiyyatşünas, xeyirxah insan kimi gəlmiş, gedərkən özündən sonra unudulmaz xatirələrə həyat vermiş Qasım müəllim haqqında danışmaq istəyirəm.

TƏBİƏTİN QIZ VAXTI İDİ...

Çoxdan şeir yazmağıma baxmayaraq mətbuata yaxın düşə bilmirdim. Redaksiyalara böyük ümidlə göndərdiyim yazılarıma çox soyuq, ürəksiz cavablar alırdım: “Bədii cəhətdən zəif və qüsurlu olduğu üçün çap olunmadı”. Tələbə dostum, şair, o zaman gənc olmasına baxmayaraq kifayət qədər populyar olan Seyran Səxavət bir gün mənə dedi ki, gedək Qasım müəllimin yanına. Yeri gəlmişkən onu da deyim ki, S. Səxavəti ilk dəfə mətbuatda təqdim edən də Qasım Qasımzadə olmuşdu. Məhz onun xeyir-duasından sonra mətbuatın qapıları Seyran Səxavətin, Ramiz Rövşənin üzünə açılmağa başlamışdı. Doğrusu, bu təklif mənim ürəyimcə oldu.
Bir bahar axşamı, Qasım müəllimin təbirincə desəm, “təbiətin qız vaxtı” sonralar xeyirxahlığını heç vaxt unuda bilməyəcəyim bu xeyirxah insanın evinə gəldik. Ilk dəfə idi ki, canlı şairlə üzbəüz otururdum. Onun sərt görkəmi nə qədər zəhmli idisə, həyat yoldaşının təbəssümlü çöhrəsi o qədər mülayim idi. Mənə elə gəldi ki, Allah bu evə ideal bir tarazlıq bəxş edib. Mümkün qədər bu tarazlığa uyğunlaşmağa çalışırdım. Araya mənim üçün cansıxıcı bir sükut çökmüşdü. Bu sükutu Qasım müəllim pozdu:

- Seyran, şeirlərini təriflədiyin oğlan budumu?

Seyran özünəməxsus ikibaşlı cavab verdi:

- Yaxşı şeirləri var.

Qasım müəllim:

- Oxu görək nəyin var? – dedi.

Utana-utana, sıxıla-sıxıla çaydan bir qurtum içib özümün ən çox bəyəndiyim şeirlərimdən oxumağa başladım. Sevgi şeirlərimi oxuyanda qızardığımı özüm də hiss etdim.

Hər dəfə özümün yaxşı bildiyim misraları oxuyarkən, Qasım müəllimin üzünə baxaraq necə təsir etdiyini bilmək istəyirdim. O isə... görünür, hislərini biruzə vermək istəmirdi, üzünün ifadəsində heç nə dəyişmirdi... Nəhayət, beş-altı şeir oxuyub dayandım. Ilk dəfə Qasım müəllimin üzündə təbəssüm gördüm. Sevindim. Lakin bu uzun sürmədi. O, ev sahibi etikası ilə:

- Çayını iç, soyutma... – dedi, sonra da əlavə etdi ki – şeirlərin də qoy qalsın, baxaram.

“Qoy qalsın” sözü ürəyimcə olmasa da, başqa çarəm yox idi... Bir az da oturduq... və xudahafizləşib ayrıldıq. Pillələri enəndə Seyran qanıqara olduğumu görüb, deyəsən, vəziyyəti yumşaltmaq istədi:

- Təbrik edirəm, hər şey yaxşı olacaq.

- Nəyi yaxşı olacaq. Şeir haqqında bir kəlmə söz demədi. Yəqin Qasım müəllimin xoşuna gəlmədi.

- Dedi, niyə demədi... “Qalsın” dedi də... Qasım müəllim mənim şeirlərimə “qalsın” demişdi. Bir də ki, şair dostları Qasım Qasımzadəyə bir az ərk, bir az da zarafatla Qalsın Qalsınzadə deyirlər.

- Niyə?

- Qasım müəllim “Ədəbiyyat” qəzetində baş redaktor işləyəndə müəlliflərə ən çox dediyi sözlər bu olub. Fikir eləmə, indi baxarsan...
Doğrusu, üzümə gülə-gülə şeirlərimi tərifləyib o qədər vəd vermişdilər ki, heç birinin də nəticəsi olmamışdı. Nə isə...

Aradan bir müddət keçdi. Bir gün məni dekanlığa çağırıb dedilər ki, “Azərbaycan gəncləri” qəzetində Fikrət Qoca səni axtarır. Getdim redaksiyaya. Fikrət müəllim dedi ki, Qasım Qasımzadə sənə “Uğur olsun!” yazıb, şəklin lazımdır. Uçmağa qanadım yox idi. Bir şəkil tapıb gətirdim. Iki gün sonra “Azərbaycan gəncləri” qəzetində üç şeirim, şəklim və Qasım müəllimin mənim haqqımda yazdığı “Çətin sınaqlar yolunda” adlı xeyir-duası dərc olundu. Bundan sonra redaksiyalarda məni mehribanlıqla qarşılayırdılar. Deyəsən, şeirlərim daha “bədii cəhətdən zəif və qüsurlu” deyildi.

GECİKMİŞ MƏKTUB

Allah sənə rəhmət eləsin, Qasım müəllim! Sizin dünyaya gəlişinizlə bəşərin xeyirxahlıq tərəzisinin yaxşı gözü ağır gəldi. Azərbaycan söz sənətini gözəl şeirlərinizlə, misiqimizi şeirlərinizə bəstələnmiş mahnılarla, ədəbi tənqimizi və ədəbiyyatşünaslığımızı dəyərli, obyektiv elmi tədqiqatlarınızla zənginləşdirməklə ədəbiyyatımıza da əvəzsiz yaxşılıqlar etdiniz.

O vaxt deyə bilmədim. Əslində buna mənəvi haqqım yox idi. Deyə bilmədim ki, Sizin şeirlərdəki poetik ruh oxucuları bahar ilkinliyinə, dan əzəmətinə, sözün əsl mənasında insanlığa, insanlığın (Sizin fəth etdiyiniz) ən uca zirvələrinə aparır. Azərbaycan poeziyasında sizin öz yeriniz, öz ucalığınız var. Bu ucalıqda Səməd Vurğun, Süleyman Rəhimov, Mehdi Hüseyn kimi dahilərlə bir sırada dayanırsınız.
Xalqın yaddaşında, şeirin ən dərin qatlarında Qasım Qasımzadə adlı bir şair yaşayır. Bunu nə tarix, nə də keçmişə dar pəncərədən baxan bu gün unuda bilməz.

Xeyir-dua verdiyiniz şeirlərimdə, elə indi də Sizin imzanızı görürəm. Ruhun şad olsun, Qasım müəllim! Salonlarda qazandığım alqışlar Sizin alqış payınızdır. Mən isə Sizin əbədi tələbəniz olaraq qalıram.
Dünya “bir yandan boşalır, bir yandan dolur”. Yaxşıların yerləri isə həmişə görünür. Bu laqeyd cəmiyyətdə yerin görünür, Qasım müəllim!

Nüsrət Kəsəmənli, “8 GÜN” qəzeti, 19-26 noyabr, 1999-cu il

"Paralel.az"

0.018333911895752