Yolum bura düşüb işimlə bağlı - 
Hikmət Məlikzadə 

Yolum bura düşüb işimlə bağlı - Hikmət Məlikzadə 
 

 

Yolum kəndə düşüb on ildən sonra,
Giriş tablosuna heybə çəkilib...
Nur üzlü babalar, nənələr kimi
Həyat da burada qeybə çəkilib...

...Hanı o gen düşən divanə çağım?
Ruhum yad hislərə bulaşır elə.
Mənim doğulduğum bu kənddə indi,
Acı xatirələr ulaşır elə.

Tində dayananlar üzümə baxmır,
Təkgöz papirosa hək* gəlib yenə.
Atam ta ağaca söykənib demir:
- Bu itin balası tək gəlib yenə...

Anam əllərini dizinə çırpıb
Yel kimi üstümə cummur, eh, həyat.
Qonşu həyətdəki qız da qocalıb,
Məndən ta məhəbbət ummur, eh, həyat.

Hanı xoş xatirə qayığım, bəlkə
Əzrayıl görüb ki, ölüb, aparıb?!
İki ad cızdığım “elçi daşı”nı
Kimsə balta ilə bölüb aparıb.

...Yolum bura düşüb işimlə bağlı,
Axşamın şehinə batır küçələr.
Elə bil duyur ki, kəndə gəlmişəm,
Səsini başına atır küçələr.

Bəlkə gecə düşsün, sonra görünüm,
Ay, bu yad adamı gecə bağışlar?
İndi necə deyim: - mən bu kənddənəm,
Məni bu adamlar necə bağışlar?

"Paralel.az"

0.026947021484375