"Belə azərbaycanlı kişilər də olub" - Vaqif Yusifli

 

Belə azərbaycanlı kişilər də olub.
Azərbaycan yolunda "N"saylı qəhrəmanlıqlar ediblər.

"Professor Abbas Zamanov deyir: "Mən S.M.Qənizadə haqqında materiallar toplayırdım. Qori seminariyasının sənədlərinə baxmaq üçün Tbilisiyə, oradan da Yerevana getdim.Yerevanda bir azərbaycanlı müəllim mənə dedi ki, Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi haqqında sənəd hazırlayırlar. Bu məsələ ilə əlaqədar bir neçə dəfə mitinq də keçirilib. Hətta Meqri rayon partiya komitəsinin katibi Ali Sovetin sessiyasında çıxış edib deyib ki, Azərbaycan tərəfi tələbimizə razı olmasa, Naxçıvana bir qatar da buraxmayacağıq.

Yerevandan təzəcə qayıtmışdım. Elmlər Akademiyasının böyük iclas salonunda (1960-cı ilin mart ayıydı) S.Vurğunun xatirəsinə həsr olunmuş gecə keçirilirdi. Salon ağzına kimi dolu idi. Mənə söz verildi. S.Vurğundan, xalqlar dostluğundan danışdım. Sonra da dedim ki, bu dostluğu pozmaq istəyənlər var. Bu yaxınlarda Yerevana getmişdim. Orada Naxçıvanın Ermənistana ilhaq edilməsilə əlaqədar sənədlər hazırlanır, mitinqlər keçirilir. Əgər Səməd sağ olsaydı, şübhəsiz, deyərdi ki, Naxçıvanın bir qarışını da heç kimə verməyəcəyik...
Salonda elə bil bomba partladı. Bir gurultu qopdu ki, gəl görəsən. Milli hiss həm qüvvətli, həm də qorxuludur. Əgər axşam desəydim ki, Rəyasət Heyətində oturanların hamısını beşinci mərtəbədən atın, o dəqiqə atardılar".

Xatirə gecəsini akademik Məmməd Arif aparırdı. Həmin o gecədə İlyas Əfəndiyev məruzəçi idi. İlyas müəllimin oğlu Elçin - o zaman X sinif şagirdiydi və həmin xatirə gecəsində iştirak edirdi. Sonralar "Ədəbiyyat və cəsarət tərcümanı" adlı məqaləsində Elçin yazacaqdı: "Alovlu çıxışından sonra Abbas Zamanov xitabət kürsüsündən düşüb parterdə öz yerində oturdu.

Elə bil ki, bütün zal hipnoz olmuşdu.

Və birdən o hipnoz keçdi, alqışın hərarəti bütün zalı, hətta bütün o böyük daş binanı titrətdi.

Mülayim bir adam olan rəhmətlik Arif müəllim rəyasət heyətində ayaq üstə dayanmışdı və zalın sakitləşməsini gözləyirdi. Zal isə sakitləşmək bilmirdi. Nəhayət, Arif müəllimin səsi eşidildi:

- Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. Mən inanıram ki, o özü də bu çıxışından peşman olacaq.

Bu zaman Abbas müəllim yerindən qışqırdı:

- Çətin!

Və bu bir kəlmə sözə görə yenidən qopan alqış yenə aləmi lərzəyə saldı"

Bəs bu çıxışdan sonra nə oldu?

Abbas müəllim həmin müsahibədə deyir ki: "Səhəri günü məni partiyadan və universitetdən çıxardılar. Nizami İnstitutuna 83 manatlıq bir işə göndərdilər."

"Paralel.az"

0.018041849136353