GETDİ - Ramiz Əskər

GETDİ - Ramiz Əskər
 

 

Suyu bitən dəyirman,
Ürək əridi getdi.
Damarlara qovdu qan,
Özü qarıdı getdi.

Otuz il bundan öncə,
Sən bir fidan, bir qönçə,
Səni bağda görüncə,
Eşqdən yarıdı getdi.

Arı qonan çiçəkdi,
Sevgindən şirə çəkdi,
Əlvan bir kəpənəkdi,
İpək sarıdı getdi.

Nə ceyran, nə əlikdi,
Nə turac, nə kəklikdi,
Nə də şanapipikdi,
Telin daradı getdi.

Keçdiyi yolda daşlar,
Yolun yediyi başlar…
Yol bitər, yenə başlar,
Yolu yürüdü getdi.

Uyudu mışıl-mışıl,
Bir ağacdı yamyaşıl,
Yarpağı işıl-işıl,
Axır qurudu getdi.

"Paralel.az"

0.020205020904541