Aman, dilim, dolaşma - Tahirə Həbibi
Bu həyatın xeyir-şər məclisində
Rast gəlmişəm min sifətli üzlərə.
Bir xislətin sahibiyəm əzəldən,
<Mən-mən> deyib dürtülmərəm gözlərə.
Duyğularım səhər mehi – nəsimdi,
Vicdan ki var, içimdəki səsimdi,
Ocağımın azca qoru bəsimdi,
İsinmərəm yad ocaqda közlərə.
Düz olmasa tərbiyədə təməlin,
İz qoyarmı el içində əməlin?
Məzar qazar sahibinə öz əlin,
Yalandan don geyindirsən düzlərə.
Xoş kəlamlar qida olar, ac olsan,
Şirin dillə kimsəsizə tac olsan,
Yandıracaq, fikrin qaynar sac olsa,
Çalış, qələm, ipək geydir sözlərə.
Şöhrət üçün çətin dağdan yol aşma,
Tərif üçün çirkablara bulaşma,
Sən arifsən, aman, dilim, dolaşma,
Bircə səhvin kölgə salar yüzlərə.
Həbibinin söz quyusu dərindi,
Təşnə könül içsə, suyu sərindi,
Könül, ilham pərin dan ülkərindi,
Zülmətlərdən çıxarsan gündüzlərə.
"Paralel.az"