"Prezident İlham Əliyev Putinin göstərişi ilə hərəkət etmədi"
Siracəddin Hacı:
"a) Nə baş verdi?
- Rusiya Ermənistan tərəfdən Azərbaycana hücum təşkil etdi, Ermənistan ordusundakı Rusiyaya bağlı qüvvələrdən yararlandı, Azərbaycanın itkisinin çox olmasını istədi ki, Azərbaycan cavab verməyə məcbur olsun – Azərbaycanın itkisinin çox olmasının bir səbəbi də ordudakı sıxıntılardır;
- Azərbaycanın cavabı gecikmədi, o, cavab verməyə məcbur idi, ağır itkiləri var idi, Ermənistan ordusuna ciddi zərbələr vurdu, sərhəddəki mübahisəli bölgələri - Ermənistan bu bölgələrin onun olduğunu söyləyir –erməni ordusundan təmizlədi;
- Sərhədlər müəyyən olunmadığına görə Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, bütün xəritələrdə Azərbaycana aid olduğu göstərilən ərazilərə bayrağını sancıb;
b) Niyə baş verdi?
- Rusiya hər gün zəifləyir, bilir ki, Ukraynada istədiyini əldə etmək imkansız olacaq, Ukrayna əldən çıxsa – çıxacaq, Güney Qafqazda Rusiyadan uzaqlaşmaq meyilləri güclənəcək, Rusiyaya qarşı ikinci cəbhə açılacaq, bölgədə Rusiyanın ən zəif nöqtəsi Ermənistandır – Paşinyan hökumətidir, Güney Qafqazda Rusiyanın mövqeyini gücləndirmək üçün gecikmədən bu hökumətdən qurtulmaq şərtdir;
- Rusiya Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti gərginləşdirdi, Ermənistan ordusu ağır itkilər verdi, mənimdir dediyi əraziləri tərk etməyə məcbur oldu, nəticədə, Ermənistan qarışdı, xalq küçələrə çıxdı, Paşinyanı satqın adlandırdı, istefasını tələb etdi, parlament binasını tutmalıyıq dedi;
- Rusiya qanlı münaqişəni Qarabağda deyil, sərhəddə təşkil etdi, belə ki, Qarabağdakı münaqişənin məsuliyyəti Rusiyanın üzərindədir;
- Brüssel görüşünün nəticələri Rusiyanı ciddi narahat etdi, bu görüşdə razılaşma əldə olunmuşdu:
a) barış anlaşması ən qısa müddətdə müzakirəyə çıxarılacaq;
b) sərhədlərin müəyyən olunması ilə bağlı yaradılmış komissiyanın iclası Brüsseldə keçiriləcək;
c) iki dövlət başçısı noyabr ayının sonunda Brüsseldə görüşəcək;
d) Brüssel görüşündən sonra Prezident İlham Əliyev də, Paşinyan da bəyanat verdilər ki, ilin sonunadək barış anlaşması imzalana bilər;
- Bu qərarların icra olunması Rusiyanın Güney Qafqazdakı mövqeyinin zəifləməsi anlamını daşıyırdı, savaşdan, münaqişədən bəslənən, bu bölgədə olmasam, iki xalq bir-birini qırar deyən Rusiyanın tezisi barış müqaviləsi ilə çökərdi. Elə buna görə də Rusiya gecikmədən hərəkətə keçdi, Brüssel görüşündən dərhal sonra Paşinyanın alternativini – Ruben Vardanyanı tanıtmağa başladı, sonra da sərhəddə qanlı münaqişə təşkil etdi;
- Rusiyanın əldə etdikləri bunlardır:
a) iki xalqın düşmənliyi daha da artdı;
b) Brüssel görüşünün nəticələri sıradan çıxdı;
c) Paşinyanın mövqeyi zəiflədi;
d) Rusiyanın Ermənistandakı siyasi işlərə təsir imkanı artdı;
e) Güney Qafqazın Rusiyanın təsirindən çıxmaq müddəti uzandı, uzanacaq, ancaq gec-tez baş verəcək, Rusiya o qədər zəifləyəcək ki, Güney Qafqazı əldə tutmaq imkanı olmayacaq;"
Paralel.az