Sən ağa, mən ağa

Sən ağa, mən ağa
 

 

 

Dos. İlham Əhmədov:

İndi bir çox sahələrdə menecerlərin sayı, mütəxəssislərin sayından dəfələrlə çoxdur, ona görə də iş getmir. 

İndi  konkret  sahədən xəbəri olmayanları  bu  sahələrə rəhbər təyin edirlər və deyirlər:  " ...nə olsun bu adam sahəni bilmir, o menecerdir. İdarəetməni  aparacaq.  Amerikada da belədir." 

Bu səhv düşüncə indi bir çox sahələrdə özünü göstərir, 8-10 ildir ki,  belədir. Nəticədə  bir çox sahələr xeyli geriləyib. Amerikada v.s. ölkələrdə  özünü doğruldan bu yanaşma, niyə  bizdə özünü doğrultmadı? 

Çünki,  bir çox məsələlərdə Amerikadan, Avropadan biz  hələ 50- 100 il geriyik. 

Orda, bizdən fərqli olaraq  kütləvi korrupsiya yoxdur.  Kadrlar öz yerindədir, öz işini bilir və  icra edir,  məsuliyyətlidirlər, savadsız və  saxta diplomlular yoxdur,  dövlət büdcəsi  hesabına qohum, dost-tanışa vəzifə, yüksək maaş və əlavələr təyin etmirlər. Hamı dövlətin inkişafını düşünür, şəxsi mənafeyini yox.  Orda az maaş alıb daim oğurluq haqqında düşünən məmurlar yoxdur. 

Yəni, bizim Amerika olmağımıza lap çox  var. 

Sahəni bilməyən  naşı menecerlər dövlət idarəetməsinə gələndən sonra  bizdə  tənəzzül  sürətləndi. 

  ABŞ -da normal fəaliyyət göstərən təhsil sistemi,  universitetdir hamısı. Onları idarə etməyə nə var ki?  Onlar menecerlərsiz də yaxşı fəaliyyət göstərə bilərlər  uzun müddət. Orda ənənə, normal strategiya, normal maliyyələşmə var,  müsbət təcrübə var, hərə öz yerindədir, öz işini  bilir və icra edir. 

Bizdə təhsil sistemi    universitetlərin əksəriyyəti bərbad haldadır.  Menecerlər bu müəssisələri əvvəl işlək hala gətirməlidir, sonra öz  menecerlik  məharətini göstərməlidir. Amma sahəni bilmədiyi üçün o, heç vaxt xarab mexanizmi işlək hala sala bilməyəcək.

Konkret  olaraq  təhsildəki   vəziyyət sınmış, motoru dağılmış avtomobilə oxşayır, avtomobili söküb, yenidən yığmaq lazımdır.  Bunu sürücü edə bilməz, bu çilingərin və  mototistin işidir. Sonra sürücü avtomobili idarə edə bilər. Bu halda  sürücü  menecer rolundadır.

Konkret  halda,  əgər menecerdə islahat ideyası yoxdursa, sahəni mükəmməl bilmirsə, o  çökmüş  sistemi necə yenidən yığa bilər?

Sovet vaxtının elmi və təhsili öz vaxtında dünyanın ən qabaqcıllarından olub. Yoxsa sıfırdan yeni qurulan, savadsızlar diyarı 40-50 ilə necə sürətli inkişaf edərdi? Sovet vaxti bu  sahəyə  aidiyyatı olmayan adamı heç vaxt elm ya təhsil təşkilatçısı qoymazdılar. İndi bir naşı adamı rəhbər  təyin edirlər, o da bütün peşəkarları çıxardıb özü kimiləri ilə əvəz edir (guya komanda yaratdılar),  sahə də tam batır. İdarədə 1 menecer olar, qalanları peşəkar olmalıdır ki, menecerə işi öytətsinlər, yol göstərsinlər, məsləhət versinlər, ideya versinlər. İndi hamısı menecerdir, mütəxəssis yoxdur kollektivdə.  Bəs işi  kim aparacaq?  

Buna el arasında deyirıər: " Sən ağa, mən ağa, inəkləri kim sağa?"

Paralel.az

0.18047380447388