Qurban dəyərlərinin mesajları - IV yazı

Qurban dəyərlərinin mesajları - IV yazı
 

 

Siracəddin Hacı:

QURBAN ibadəti ilə bağlı üçüncü yazımda dedim ki, QURBAN Allaha mənəvi yaxınlığı təmsil edir, kəsilən heyvan, qurban olan – Allaha yaxınlaşan insandır. Qurani-Kərim Qurbanla birgə insanları Allaha yaxınlaşdıran dəyərləri bir-bir saymışdır:

TƏQVA – təqva Allah qarşısında məsuliyyət şüurudur, qorunmadır. Təqvalı insan əhdinə, fitrətinə vəfalıdır, bağışlamağı sevir, ədalətlidir, malla, canla cihad edir. Təqva üstünlük ölçüsüdür, kimin təqvası varsa, üstün olan odur. Allah Rəsulu buyurur ki, təqva dinin yarısıdır, o, Allahın yardımına yol açar, cəhənnəmdən qoruyar, ruziyə səbəb olar, təqvanın əsası şübhəli şeylərdən qaçmaqdır.

Nəticə: təqva sizi Allaha yaxınlaşdırar, təqvadan imtina Allahdan uzaqlaşdırar.

İBADƏTLƏR – insanı Allaha yaxınlaşdıran hər şey ibadətdir, ya da QURBANdır. Allah Rəsulu belə buyurur: “NAMAZ QURBANDIR” (“ƏS-SƏLATU QURBANUN”). Belə ki, namaz insanı Allaha yaxınlaşdırır. İbadətlər Allaha qulluğun göstəriciləridir. Heç bir ibadət məqsəd deyil, hamısı vasitədir, yəni insan namaz, oruc, qurban, zəkat, həcc… üçün deyil, əksinə, namaz, oruc, qurban, zəkat, həcc insan üçündür, onun insanlığının artırmaq vasitələridir. İbadətlər insanın ağlını, imanını, qəlbini, vicdanını, iradəsini bəsləyir, onu Allaha yaxınlaşdırır, çətinliklər qarşısında dirəniş gücü verir. Allah insanın əsl güc qaynağına işarə edərək belə buyurur: “SƏBİR VƏ NAMAZLA ALLAHDAN YARDIM İSTƏYİN!”

Nəticə: ibadətlər insanı Allaha yaxınlaşdırır, ibadətlərdən imtina Allahdan uzaqlaşdırır.

DUA – bir mədəniyyətdir, insanı Allaha yaxınlaşdıran ən önəmli ibadətlərdən biridir, o, təslimiyyətin, acizliyin, Allahın yardımına möhtaclığın ifadəsidir. Dua hüzur, güvən, cəsarət, güc, ümid qaynağıdır. İnsan ümid etməsə, dua etməz. Allah buyurur ki, duanız olmasa, O, sizə niyə dəyər versin ki?!

Nəticə: dua insanı Allaha yaxınlaşdırır, duadan imtina Allahdan uzaqlaşdırır.

HƏMD – həmd edilən varlıq yalnız Allahdır, qüsursuz olan ancaq Odur, həmd öygülərin ən gözəlidir. Həmd deyir ki, ey insan, Allahdan başqa varlıqları da sev, ancaq sevilməyə layiq olan heç bir varlığı Allahı sevdiyin kimi sevmə. İnsana layiq olmadığı tərifi söyləmə, söyləsən, onu yoldan çıxaracaqsan. Ey insan, Allah nəyi tərifləyirsə, sən də onu təriflə, Allah nəyi tənqid edirsə, sən də onu tənqid et, həmdi – gözəl öygüləri ancaq Allaha həsr et ki, qüsurlu olduğunu anlayasan, nəticədə, Ona yaxınlaşasan. Qüsursuzluq iddiası insanı Allahdan uzaqlaşdırar, onu insanlıqdan çıxarar.

Nəticə: həmd insanı Allaha yaxınlaşdırır, həmdi Allahdan başqasına aid etmək Allahdan uzaqlaşdırır

İTAƏT – QURBAN BAYRAMI ƏT BAYRAMI DEYİL, İTAƏT BAYRAMIDIR. Dəyərin Allaha itaət etdiyin qədərdir. İtaət Allahın buyurduğu kimi yaşamaqdır.

Nəticə: itaət insanı Allaha yaxınlaşdırır, üsyan Allahdan uzaqlaşdırır.

TÖVBƏ – özünütənqiddir, şüur açıqlığıdır, ağlı doğru çalışan insan qüsurlarını görər, qüsurlarını görən onları islah edər, islah edən inkişafa yönələr. Tövbə deyir ki, insan dəyişə bilən varlıqdır, dəyişmək istəyirsənsə, ilk addım səmimi Tövbədir. Tövbə ümiddir, ümidi olmayan tövbə etməz. Tövbə edən təmizlənər. Təmiz olan Allaha yaxınlaşar.

Nəticə: tövbə insanı Allaha yaxınlaşdırır, təkəbbür Allahdan uzaqlaşdırır.

SALEH ƏMƏL – islah edən, xeyiri başqalarına toxunan, bir şeyi əslinə, fitrətinə, ilahi təyinatına, yaradılış ölçüsünə qovuşduran, xeyiri, bərəkəti, elmi çoxaldan əməllərdir, imana bağlıdır, imanın varlığının dəlilidir.

Nəticə: saleh əməllər insanı Allaha yaxınlaşdırır, fəsad-bir şeyin ilahi ölçüsünü pozmaq Allahdan uzaqlaşdırır.

İnsanın Allaha mənəvi yaxınlığı ona nə verər?

ARDI VAR…  

Paralel.az

0.01546311378479