Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVII yazı
 

Siracəddin Hacı yazır...

ORUCLA BAĞLI DÖRDÜNCÜ AYƏ: BƏQƏRƏ 2, 186
“Əgər qullarım səndən Məni soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər”
1) “ƏGƏR QULLARIM SƏNDƏN MƏNİ SORUŞSALAR, YAXŞI BİLSİNLƏR Kİ, MƏN ÇOX YAXINAM...”
a) Ayənin nüzul səbəbi
AYƏLƏRİN nüzul (eniş) səbəbini bilmək onları doğru anlamağın ölçülərindən biridir. Nüzul kitabları yazılsa da, bütün ayələrin endiriliş səbəbini bilmirik, ancaq Qurani-Kərimin nüzul səbəbini dəqiq bilirik: insanın ağlına yardım etmək, onun qəlbini, vicdanını, fitrətini qorumaq, əxlaqını gözəlləşdirmək, ona doğru yolu göstərmək, ümid vermək, həyatına dəyər, anlam qazandırmaq, azadlığa qovuşdurmaq.
Bu ayənin nüzul səbəbi ilə bağlı bir neçə rəvayət var:
- HƏSƏN BƏSRİ deyir ki, bir sıra səhabələr Allah Rəsulundan soruşdular: “Rəbbimiz haradadır?” Bu suala cavab olaraq ayə nazil oldu;
- bir insan Allah Rəsuluna dedi: “Rəbbimiz bizə yaxındırmı? Yaxındırsa, Ona gizlicə dua edim. Uşaqdırsa, uca səslə dua edim”. Ayə bu suala cavab olaraq nazil oldu;
- bir sıra insanlar soruşdular: “Rəbbimizə nə zaman dua edək?” Ayə bu suala cavab olaraq nazil oldu;
- MÜCAHİD deyir ki, “Mənə dua edin, duanızı qəbul edim” ayəsi endi. Bir sıra insanlar dedilər: “Harada dua edək?” Ayə bu suala cavab olacaq nazil oldu;
- KATADƏ deyir ki, bir sıra insanlar dedilər: “Ey Allahın Rəsulu, biz Rəbbimizə nə biçimdə dua edək?” Ayə bu suala cavab olaraq nazil oldu;
- İBN ABBAS deyir ki, Mədinə yəhudiləri Allah Rəsulundan soruşdular: “Ey Məhəmməd, sənin Rəbbin bizim dualarımızı necə eşidir?” Ayə bu suala cavab olaraq nazil oldu;
ALLAH RƏSULUNUN bu hədisləri də ayəni doğru qavramağımıza yardım edər: O, uca səslə (bağıraraq) dua edən, təkbir söyləyən səhabələrinə belə buyurdu: “Ey insanlar, özünüzə yazığınız gəlsin. Sizlər kar olan, itmiş (uzaqda olan) birini çağırmırsınız. Şübhəsiz ki, O, sizinlə bərabərdir. O, çox yaxşı eşidən, çox yaxın olandır” (Buxari, Cihad fəsli, 131).
“Bir müsəlman içində günah olmayan, qohumluq bağını kəsməyə təşviq etməyən dua ilə Allaha müraciət etsə, Allah o müsəlmana bu duasının qarşılığında üç mükafatdan birini mütləq verəcək: ya istədiyini dərhal verər, ya axirətdə verər, ya da duasının qarşılığında ondan bir pisliyi uzaqlaşdırar” (Əhməd bin Hənbəl, c.III, s. 18).
b) AYƏ NİYƏ ORUC AYƏLƏRİNİN İÇİNDƏ (BAĞLAMINDA) GƏLDİ?

BƏQƏRƏ surəsinin 183, 184, 185-ci ayələri RAMAZAN ORUCU ilə bağlıdır, arada indi şərh etdiyimiz 186-cı ayə var, sonra yenə orucla bağlı ayə gəlir (187-ci ayə). İlk baxışda şərh olunan ayə ilə oruc ayələri arasında bağ yoxdur. Ancaq ayənin bağlamını (kontekst) doğru düşündükdə, sağlam əlaqə qurduqda ayələr arasında qırılmaz məna bağı olduğunu görürük. Belə ki, Allah öncəki ayədə buyurdu ki, O, sizin üçün asanlıq istəyər, sizi sıxıntıya salmaq istəməz. O, sizdən üç şey istəyir: a) oruc günlərini tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın – təkbirə yönəlin (oruc tutmaq feili təkbirdir); c) şükür edin;
ALLAH sonra da buyurur ki, Mən qullarıma çox yaxınam, yəni bu əməlləri yerinə yetirsəniz:
- Allahın rəhmətini, bərəkətini, lütfünü hiss edəcəksiniz;
- O, sizi görür, bilir, eşidir;
- dualarınızı, təkbirlərinizi, şükürlərinizi bilir, eşidir, görür (duanın, təkbirin, şükrün sözlü olanı da, əməli olanı da var);
- O, sizi darda qoymaz;
- O, sizə ümid, cəsarət, güc verər;
- Allahdan xeyir, bərəkət, rəhmət istəyirsinizsə, öncə siz addım atın;
- ALLAHIN QANUNU QULDAN ALLAHA DOĞRU İŞLƏYİR, yəni, ey insan, sənə verilmiş ağıl və iradənin haqqını ver, tənbəl olma, çalış, nəticəni Ondan istə, dua et ki, qəbul etsin, istə ki, versin, qapını döy ki, açsın, Onu zikir et ki, O da səni zikir etsin, zəhmətsiz rəhmət, tikansız gül yoxdur, dəyərin əməyin qədərdir, hər kəsə çalışdığının qarşılığı var, qədərçilik (insandan bir şey asılı deyil düşüncəsi) ağıla, iradəyə, əməyə sayğısızlıqdır, insanı tənbəllik bəlasına sürükləyər, halal zəhmət ibadətdir, igidlikdir, axirət azuqəsidir, qarşılığı ilahi rəhmətdir;
- ayə buyurur ki, Allahla ünsiyyətin (hər ibadət Allahla ünsiyyətdir) varsa, oruc tutmaq asandır;
- oruc tutmaq Allahın insana nə qədər yaxın (mənəvi yaxınlıq) olduğunu hiss etdirən, rəhmət qapılarını açan ibadətdir;
- Allah Mən insana çox yaxınam ölçüsü ilə buyurur ki, ey insan, Mənimlə ünsiyyətini canlı, içdən (səmimi), davamlı tut;
Ardı var...

Paralel.az

0.015159845352173