Quş qayası

Quş qayası
 


"Qısa qeydlər" silsiləsindən
Bizim dağlar meşəli dağlardır, hara baxsan meşədir, təkcə Quş qayasının başından başqa. Quş qayasının yay-qış qarlı olan başı keçəldir, lap bizim çobanların pendir motalı kimi. Mən bir dəfə atamla Quş qayasının lap başına kimi çıxmışam. Heç vaxt yadımdan çıxmaz...
*** *** ***
Səhər tezdən çıxsaq da, gün qalxanda yolu ancaq yarı eləmişdik. Bu zaman hündür ağacların sıx kölgəsi altında getmək çox xoş idi. Bura günəşin bircə şüası da düşmürdü, ayağımızın altında isə meşənin öz qonaqları üçün saldığı və ildə bir dəfə, payızda dəyişdiyi qızılı-qırmızılı meşə xalısı xışıldayırdı. Hardasa yaxınlarda quq-qu quşu quqquldayırdı. Bizi neçə yüz illik ağacların gövdələri əhatə etmişdi. Başımızın üstünü topa buludlar təki bu ağacların nəhəng çətirləri örtmüşdü...
Bu əzəmətli, möhtəşəm mənzərəyə baxdıqca qəlbim fərəh hissi ilə dolur, amma təbiətin bu yabanı gözəlliyi, şabalıd, qoz ağaclarının nəhəngliyi məni heyrətləndirir. Hər yerdə alçaq, iki-üç metrlik kol boyda olan fındıq ağacı burda göylərə baş çəkir, fısdıqla, qızılağacla bəhsə girir. Mən burda cır alma, cır armud, hətta cır gilas görürəm, kiçik dağ çayının sahilində doyunca böyürtkan yeyirəm.
Yuxarı qalxdıqca, meşələr seyrəlir və gün başımıza od ələyirdi. Dörd yandan bizi əhatə edən dağlara sanki yaşıl otlardan xalı salınmışdı, gün altında yaşıl atlas kimi parıldayır, göz işlədikcə hər tərəfə uzanır, üfüqlərədək bütün dünyanı doldururdu. Lakin bu yaşıl sonsuzluq adamı sıxmır, qorxutmur, onu yaşamağa, yaratmağa səsləyirdi. Yaşıl sonsuzluq gözləri yormasın deyə, təbiət ona təbii rənglərdən naxış da vurmuşdu: qırmızı, göy, sarı... Bu al-əlvan naxışlara baxdıqca dünyamız qədər qədim oğuz dastanı yada düşürdü – ana südü, dağ çiçəyi...
Biz yavaş-yavaş qalxırıq və günorta üstü dağın başına çatırıq. Quş qayasının aşağıdan şiş kimi görünən başı burda yastı, qarlı bir taladır. Kəndimiz burdan baxanda əl boydadır, ağ şiferli, qırmızı kirəmidli evlər dırnaqdan da balacadır. Yəqin heç kim inanmaz, avqust ayında atamla qartopu oynayırıq. Arada yıxılıram, dururam, atalı, analı günlərimin ləzzətini çıxarıram. Eh, hanı indi o günlər?! İndi bu hadisədən onillər keçib, amma gördüklərim, hiss etdiklərim indi də yaddaşımın qızıl fondundadır…
Sən dağın başında durmusan, bütün dünya sənin ayaqların altındadır. Əlini uzatsan, buludlara çatar. Hətta qartal, məğrur dağ qartalı səndən aşağılarda süzür. Sən zirvədəsən, sən xoşbəxtsən. Amma təəssüf içindəsən: Şimalda daha hündür dağlar görünür. Sən hələ ora getməmisən, o dağları fəth etməmisən. Bəlkə də heç zaman fəth etməyəcəksən...
Sakitliyi daha aşağılardan, dumanlı, meşəli dərələrdən axan çayın şırıltısı azca pozur. Bəzən bu şırıltı da eşidilməz olur, sən dağın başında tək-tənha qalırsan. Səni nə isə narahat edir, elə bil ki, xoflanırsan. Birdən gün çıxandan, dağın yamacından tütək səsi gəlir. Sən rahatlanırsan, bir ciyər dolusu nəfəs alıb üzünü o yana çevirirsən. Dağın döşündə bir topa qar kimi görünən qoyun sürüsü diqqətini cəlb edir. Deyəsən itlər də səni hiss ediblər, üzlərini bu tərəfə çevirib hürürlər. Ulduza hürən kimi - nə səsləri, nə xofları gəlib sənə çatır...
Sənin nəzərlərin onların da üzərindən keçir və axtardığını tapmayınca dayanmır. Nəhayət... Qara daşın üstündə güclə seçilən qaraca çoban dünyanı yaddan çıxarıb, sürünü itlərə tapşırıb, özü isə tütəyi ilə sehrli bir aləmə çəkilib. Səni də bir anlıq çəkir aparır... Tütək səsi ilə Vətən sevgisindən ibarət bu aləmə...
Qalib ARİF
Paralel.az

0.015838861465454