Sarı taksi və Molla əmi

Sarı taksi və Molla əmi
 
 
“Qısa hekayələr” silsiləsindən
Dostlar, mən təbiətcə və təfəkkürcə ateist deyiləm, Allaha ( rusca Boq, ingiliscə God da demək olar) inanan adamam. Amma hər cür dini xurafatdan, molla nağıllarından uzağam, yəni teist də deyiləm. Hardasa deistəm, Allaha inansam da, materialist dünya görüşlüyəm. Ateist olmağa mənə təfəkkürüm, teist olmağa isə, dünya görüşüm imkan vermir. Aşağıda mən fikrimi sadə bir insanın dili ilə çatdırmağa çalışacağam...
90-ların ortaları, yaz ayları idi. Mənim gənclik dostum və “Meydan” yoldaşımın anası rəhmətə getmişdi. 3-ü və 7-ni həyətdə çadırda vermişdilər, cüməaxşamlarını evdə keçirirdilər. Deyəsən, 1-ci cümə axşamı idi, adam çox idi. Keçmiş “Xruşovkalar”da iki otaq iç-içə olur, ara qapını açanda 30-40 adam yerləşdirmək olur. Məclisin axırları idi, qonşular, tanışlar getmişdi, dostlar və qohumlar qalmışdı. Qalanlar bir otağa, mollanın başına yığışmışdı...
Siz indiyə baxmayın, o vaxtlar cavan, savadlı mollalar az-az rast gəlirdi. Bizimki nisbətən cavan, savadlı idi, hikmətli və məntiqli dini rəvayətlər deyirdi. Amma məclisin axırında hardasa dindən uzaq, cəmiyyətə yaxın bir mövzuya keçmişdi, şərabın, arağın ziyanından danışırdı. Camaatı da onun başına yığan, deyəsən, maraqlı və “qadağalı” mövzu idi. İnsafən, bəzi radikal mollalar kimi, “Quranda şərab qadağandır” demirdi, amma “haramdır, ziyandır” deyirdi. Şərabın ziyanı haqqında Həzrəti Peyğəmbərdən bir neçə ibratamiz kəlam da dedi...
Mənim qulağım mollada olsa da diqqətim başqa yerdə idi. Cavan, qara, tökmərək bir oğlan (mən bakılı taksi sürücülərini həmişə belə təsəvvür edirəm) mollanı dinləyirdi. Amma onun diqqəti dinləmək üçün deyildi, mollanın susmağını gözləyirdi. Molla çay stəkanını ağzına aparan kimi, sağ əlini azca qaldırdı, özü yaşda kişiyə “Molla əmi, bir kəlmə olar?” deyə müraciət etdi. Molla ağzı məşğul olduğundan başı ilə razılıq verdi. Qəhrəmanım məclisə xəzri kimi girdi...
-Molla əmi, sənin ağzın isti yerdədir, ağlın özünə gedib. Gəlirsən məclisə, təsbeh çevirirsən, bir-iki ağız Yasin deirsən, Allah verəndən yeyirsən. Gedəndə də cibinə 5-3 şirvan qoyurlar, gedirsən. Evdə də arvad bir-iki stəkan pürrəngi çay verir, rahar yuxuya gedirsən. Sən arağı neynirsən?!..
Qəhrəmanım bir anlıq söhbətinə ara verdi, sanki molladan cavab gözləyirdi. Onun gözlənilməz müdaxiləsindən (daha ağır ifadə işlətmək istəmirəm – Q.A) molla özünü itirmişdi, camaat da gözləyirdi...
-Molla əmi, mən “taksi şoferi”yəm, “sarı taksilər”də işləyirəm. Sən bilməzsən, camaat yaxşı bilir. “Vıxodnoy”suz, filansız, sutkada 18-20 saat, “rul”un dalındayam. İnan Allaha, planı vermək olmur, özümə bir şirvan qalmır, mayadan yeyirik. “Koroçe”, gecə yarıdan keçmiş evə gəlirəm, leş kimi düşürəm. Ağzıma bir-iki tikə atıram, 200-300 qram vururam, 3-4 saat ölü kimi yatıram. Əgər mən bu 200-300 qram arağı içməsəm, yata bilmərəm. Səhər durub işə gedə bilmərəm, hər gün 18-20 saat maşın sürə bilmərəm... Sənə nə var e, deyirsən arağ haramdır, ziyandır...
Dostlar, arayış verim ki, bizim qəhrəmanın dediyi “sarı taksilər”i hamımızın yaxşı tanıdığı yüksək çinli molla öz qohumunun əli, dostunun zəmanəti ilə yaxın xaricdən minlərlə gətirmişdi. Bakıda minlərlə soydaşımızı aldatdılar, “2 il bazarsız-bayramsız işləyin, pulunu verin, maşın sizə qalsın” dedilər. İki ilə maşınlar da, bizim soydaşlar da töküldü, pullar da mollaya qaldı...
Qalib ARİF
0.017615079879761