Nə üçün Elmira Axundovanın "özfəaliyyətinə" heç bir reaksiya verilmir?

Nə üçün Elmira Axundovanın
 

Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərgilədiyi diplomatik məharət, yürütdüyü qüsursuz xarici siyasət böyük qələbəmizi təmin edən əsas şərtlərdən biridir. Uzun illər əsas məqsəddən bir addım geri atmadan böyük dövlətlərin təzyiqləri, təhdidləri qarşısında aparılan diplomatik mübarizə sonda öz uğurlu nəticəsini verdi. Mübaliğısiz demək olar ki, İlham Əliyev diplomatik bacarığı ilə dünya liderləri arasında xüsusi çəkisi olan dövlət başçılarındandır.
Düşünmək olar ki, dövlət başçısının uğurlu xarici siyasət kursunu davam etdirmək üçün Xarici İşlər Naziri daha böyük çaba sərf edər, Prezidentin diplomatik məharətini çevik fəaliyyəti ilə tamamlayar. Amma Ceyhun Bayramovun fəaliyyətinə azacıq da olsa nəzər salsaq bunun tamamilə əksini müşahidə edərik. Bu gün bəşəriyyət üçüncü dünya müharibəsi ilə üz-üzədir, Ukraynada başlayan qanlı savaş eyni zamanda diplomatik cəbhədə daha amansızcasına davam edir. Ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova isə müharibə zonasındakı həmvətənlərimizi taleyin umuduna buraxaraq ortadan qeyb olub. Bu sadəcə olaraq diplomatik fiasko deyil, həm də dövlətə, onun vətəndaşlarına qarşı hörmətsizlikdir. Amma Ceyhun Bayramov nədənsə Elmira Axundovanın bu özfəaliyyətinə heç bir reaksiya vermir, heç nə baş verməmiş kimi davranır. Xarici İşlər Naziri kimi bilavasitə məsulliyyət daşıdığı halda Elmira Axundovaya gözün üstə qaşın var belə deməyə cəsarət tapmır (hesab edirik ki, bu məsələdə diplomatik toxunulmazlıq rol oynamır). Bəlkə bu çətin günlərdə öz sələfi kimi evdən işləməyə üstünlük verən nazirin səfirə də söz deməyə üzü yoxdur?
Cənab Bayramovun Təhsil naziri olarkən Məhəbbət Vəliyevaya göstərdiyi böyük diqqət və məhəbbət hələ də unudulmayıb. Elə bu səbəbdəndir ki, paytaxt məktəblərini şəxsi müəssisəsinə çevirən M.Vəliyevanın bu sahədəki monopoliyasına hələ də son qoymaq mümkün olmayıb. Görünür Ceyhun müəllim öz centlmen təbiətini Xarici İşlər Nazirliyində də davam etdirmək fikrindədir. Amma, hörmətli baş diplomatımız unutmamalıdır ki, dünya müharibə təhlükəsi ilə üz-üzədir. Müharibədə isə centlmenləri bağışlamırlar...

Paralel.az

0.027409076690674