Bəqərə surəsinin mesajları - XXI yazı

Bəqərə surəsinin mesajları - XXI yazı
 

Siracəddin Hacı

(əvvəli ötən sayımızda)

2) “... Aman diqqət, (əmin olun ki), onlar məhz fəsadçıdırlar, ancaq bunun fərqində belə deyillər”

Münafiqlər yalançıdırlar, insanları aldadırlar, həqiqəti qəbul etməyə inad göstərirlər. Onlar həm də həyasızdırlar, fəsad çıxarırlar, biz fəsadçı deyilik, üstəlik, biz islah edirik deyirlər.

Ayədə “biz” vurğusu var, bu qəlib bir də münafiqlərin içindəki fərqli kimlikləri (onların yüzlərlə kimliyi, maskası var) nəzərdə tutur. Onların inancları yanlış olduğundan hər işləri yanlışdır, cahil olduqlarından bundan xəbərləri yoxdur. Qəflət yuxusundadırlar, özlərini unutmuşlar. Onların ölçüsü Allahın rizası deyil, şəxsi çıxarlarıdır. Təkəbbürlüdürlər (təkəbbürlü kor olar, həqiqəti, öz halını görməz, yanlış hökmlər verər), islah etdiklərinə inanırlar, öz adlarını başqalarına qoyurlar: “Firon: (Onu) mənə verin, Musanı mən öldürüm!” – dedi və əlavə etdi: “(Qoy) O, Rəbbinə yalvarsın, ancaq mən onun sizin həyat tərzinizi dəyişdirməsindən və ölkədə nizamın pozulmasından qorxuram (mənim əsl qorxum budur)” (Mömin, 40/26).  

Fəsadçılar Allah Rəsulunu ittiham edirdilər:

- bizə problem yaradırsan;
- dinimizi təhqir edirsən;
- ilahlarımızı kiçildirsən;
- birliyimizi pozursan;
- bizi atalarımızın yolundan ayırırsan;

“Biz ancaq islah edirik” deyən münafiqlərdir, bu söz onlara qarşı irəli sürülən ittihamlara cavabdır. Onlar öz inanclarına görə doğru iş görürlər, yer üzünü fəsaddan təmizləyir, kafirlərlə möminlərin arasını düzəltməyə çalışır, əsl möminlərin onlar olduğunu iddia edirlər, yəni bizi ittiham etməyə haqqınız yoxdur demiş olurlar (müasir münafiqlər, insanların haqlarını əllərindən alanlar da deyirlər ki, biz sizə sabitlik, mədəniyyət, azadlıq gətirmişik).

Ayənin “biz ancaq islah edənlərik” hissəsinin mənasını izah edən Abdullah bin Abbasın bu təsbiti var: münafiqlər dedilər ki, biz ancaq möminlərlə kitab əhlinin arasını düzəltməyə çalışırıq. Mücahid isə ayəni belə izah etmişdir: münafiqlər bu sözləri ilə demək istəyirlər ki, biz ancaq hidayət üzrə olanlar və vəziyyəti düzəldənlərik, yəni gerçək islahatçı varsa, o da bizik.

Uca Allah münafiqlərə cavab verir, möminləri xəbərdar edir: yaxşı bilin, aman, aman, diqqətli olun, əsl fəsadçı onlardır, ancaq bunun fərqində deyillər. Onlar Allahın qoyduğu ölçüləri, toplumun əxlaqını pozur, küfrə girirlər.

ON ÜÇÜNCÜ AYƏNİN ŞƏRHİ

“Onlara: “Siz də insanların inandıqları kimi inanın!” – deyiləndə: “Biz axmaqların inandıqları kimi inanaqmı?” – dedilər. Baxın, onlar var ha, onlar həqiqətən də axmaqdırlar, ancaq bunun belə fərqində deyillər”

1) Onlar kimlərdir?

Ayədəki onlar münafiqlərdir. Möminlərlə münafiqlərin arasındakı dialoq davam edir. On birinci ayədə birinci dialoqa yer verilmişdi:

Möminlər:

- Yer üzərində fəsad çıxarmayın!

Münafiqlər:

- Biz yalnız islahatçılarıq!

On üçüncü ayədə ikinci dialoqa yer verilmişdir:

Möminlər:

- Siz də insanların inandığı kimi inanın!

Münafiqlər:

- Ya, biz axmaqların inandıqları kimi inanaqmı?

2) İnsanlar kimlərdir?    

İnsanlar Allah Rəsuluna, Onun gətirdiklərinə iman edən səhabələrdir, insanlıqda kamil olanlar, möminlərdir (mömin demək insan deməkdir, o, Allahın buyurduğu kimi insan olandır. O, inkarçılara “aşağıların aşağısı” deyir, onları heyvanlardan da aşağı mərtəbəyə yerləşdirir). İnsanlar ağılın hökmünü yerinə yetirənlər, kamal dərəcəsinə qovuşanlardır. İnsanlar Allah Rəsulu və səhabələrdir.

Qeyd edək ki, insanlar deyilərkən yəhudi əsilli, sonradan müsəlman olmuş Abdullah bin Səlam və onun kimi islamı qəbul edənlərin nəzərdə tutulduğunu deyən alimlər də var.

1) Möminlər münafiqləri nəyə dəvət edirlər?
- siz də Allah Rəsulunun səhabələri kimi gizli və açıq halınızla iman edin: “Əgər onlar da sizin inandığınız kimi inansalar, doğru yolu taparlar”(Bəqərə, 2/137);
- Allah Rəsulunun gətirdiklərinin doğru və həqiqət olduğunu təsdiq edin;
- ixlaslı olun;
- Qurani-Kərimi təsdiq edin;
- şəxsi çıxarlarınızı bir kənara qoyun;
- sadəcə Allaha yönəlin;
- İslama təslim olun;
- qəlbiniz, diliniz, əməliniz bir olsun;
- şübhələrdən qurtulun;
- Allah Rəsuluna ürəkdən bağlanın;
- yanlış inanc və davranışları tərk edin;
- Allahın buyruqlarını yerinə yetirin;
- mənəvi kirlərdən təmizlənin;
- doğru yola tabe olun;

Münafiqlərin çoxu elit, varlı təbəqənin nümayəndələridir, siyasi gücləri var. Müsəlmanların çoxu isə yoxsuldur, onların içində kölə olanlar da var. Münafiqlərə görə müsəlman olmaq yoxsullara, zəiflərə aid bir işdir, şöhrət, vəzifə sahibi olanlara yaraşmaz.

4) “Səfeh” sözünün mənası nədir?            

Münafiqlər möminləri ələ salır, xor görür, bəyənmir, onlara “səfeh” deyirlər. “Səfeh” (cəmi “süfəha”) sözünün bu anlamları var:

- axmaq;
- beyinsiz;
- cahil;
- xeyir və zərəri seçə bilməyən;
- dar düşüncəli;
- ağlı qıt/əskik olan;
- ağlı keyfiyyətsiz olan;
- ağlı doğru çalışmayan;
- yüngül;
- anlayışsız;
- qavrama gücü zəif olan;
- həqiqəti düşünə bilməyən;
- doğru yoldan azmış;
- hikmətdən məhrum olan;
- yanlış olduğunu bilə-bilə eyni işə davam edən;
- eyni işi təkrar edib fərqli nəticə gözləyən;
- düşüncə zəifliyi;
- dəlaləti hidayət hesab edən;
- hidayətə dəlalət / azğınlıq deyən;
- cahil olduğundan xəbərsiz;

“Səfeh” / “axmaq” sözü söyüş / təhqir kimi də işlədilir. Münafiqlər möminlərə “səfeh” deyərək onları alçaldır, ələ salırdılar.

Uca Allah münafiqlərə cavab verir, buyurur ki, əsl səfehlər onlardır. Fəxrəddin Razi həqiqi səfehlərinmünafiqlər olduğunu üç dəlillə belə açıqlamışdır:

Birincisi, münafiqlər həm dəlildən / sübutdan üz çevirmişlər, həm də dəlili olanlara ağılsız/ səfeh demişlər. Gerçək ağılsızlıq budur;

İkincisi, münafiqlər axirəti verib bu dünyanı satın almışlar. Bundan böyük səfehlik yoxdur;

Üçüncüsü, Allah Rəsuluna düşmənlik edən Allaha düşmənlik etmişdir. Bu, səfehlik deyil də, bəs nədir?(Fahruddin er-Razi, Tefsiri-kebir, c.II, s. 43);

5) Onlar səfeh olduqlarını niyə bilmirlər?  

Doğru olanı / həqiqəti bilmək (Allah məhz “bilmirlər” feilini seçmişdir: “la yələmunə”) ağıl işidir, ağılı doğru çalışdırmaqla, düşünməklə bağlıdır (oxumadan, araşdırmadan, düşünmədən, qulaqdan dolma iman olmaz). Münafiq cahildir, təkəbbürlüdür, ona görə də doğru düşünmək imkanı yoxdur, səfehdir. O dərəcədə cahildir ki, halını, dəlalət, cəhalət, qəflət içində olduğunu, mənəvi korluğunu anlamır. Özünü, onu yaradanı, niyə yaratdığını, bu dünyadakı varlıq səbəbini, axirəti unutmuşdur.

Həqiqi iman doğru düşünməklə birbaşa bağlıdır, bilmək anlamaqdır, münafiq səfeh olduğundan bu imkandan məhrumdur.

“Ancaq bilməzlər”, yəni əsl səfehin özləri olduqlarını bilməzlər, “səfehlikdən ötrü başlarına gələcək əzabı bilməzlər” (Maturidi, Tevilatul-Kuran, c.I, s. 69).

6) Dinimizdə ələ salmağın hökmü nədir?    

- Allah insanları ələ salanlara: “Sizə yazıqlar olsun” / “Vay sizin halınıza”, - deyir: “Vay o bəndələrin halına! Onlar elə bir elçi gəlmədi ki, onu ələ salmasınlar!” (Yasin, 36/30); 

- bütün elçilər ələ salınmışdır;
- həqiqət uğrunda cihadın bir bədəli var, elçilər ələ salınmalarına baxmayaraq, doğru yoldan ayrılmamışlar;
- Allahın buyuruqları ələ salınmışdır;
- bir sıra qövmlər elçiləri və onların gətirdiklərini ələ saldıqları üçün həlak olmuşlar (Ənam, 6/10; Rəd, 13/32; Nəhl, 16/33-34);
- Ad (Hud, 11/50-58), Səmud (Şuəra, 26/141-158), Lut (Əraf, 7/80-82), Firon (Zuxruf, 7/80-82), Nuh(Hud, 11/25-44) qövmləri ilahi mesajları və elçiləri ələ saldıqları üçün həlak olmuşlar;
- Allah Rəsulunu, səhabələri, Qurani-Kərimin ayələrini müşriklər, münafiqlər ələ salmışlar (Maidə, 5/57-58; Saffat, 37/12);
- Allah da ələ salanları ələ salar (Bəqərə, 2/15);
- onlara axirətdə alçaldıcı əzab var: “Həqiqətən, günahkarlar iman etmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök olurdu. Onları (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yolundan) azanlardır!” – deyirdilər... Bu gün isə (axirətdə) möminlər kafirlərə güləcəklər...” (Mutəffifin, 83/29-36);
- Allah buyurur ki, dininizi ələ salanlarla dost olmayın (Maidə, 5/57);
- Allah buyurur ki, dininizin ələ salındığı yerlərdən uzaqlaşın (Nisa, 4/140);
- Allah möminlərə buyurur ki, başqalarının dəyərlərini ələ salmayın (Ənam, 6/108);
- zarafatla olsa belə başqalarına, onların dəyərlərinə lağ etməyin;
- müsəlmanların bir-birini ələ salması da yasaqdır;
- ləyaqət, şərəf, namus, can, mal toxunulmazdır;
- ələ salmaq insanları bir-birinə düşmən edər;
- insanların fiziki özəlliklərini ələ salmaq da yasaqdır;
- insanı xoşu gəlməyən adla çağırmaq onu təhqir etməkdir;
- insanlara ləqəb taxmayın;
- başqasını ələ salmaq təkəbbür əlamətidir;
- “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan, Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd etməsinlər). Bəlkə, onlar (ələ salınanlar) o birilərindən (ələ salanlardan) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!” (Hucurat, 49/11);
- Allah Rəsulu buyurur: “... Bir müsəlmana öz müsəlman qardaşına xor gözlə baxmağı şər əməl olaraq yetər” (Müslim, Birr, 32);

ON DÖRDÜNCÜ AYƏNİN ŞƏRHİ

“Ancaq inanan kimsələrlə qarşılaşdıqlarında: “Biz iman etdik”, - deyirlər. Şeytanları ilə baş-başa qaldıqlarında isə: “Biz sizinlə bərabərik, biz (onları) sadəcə ələ salırdıq”, - deyirlər”  

1) Möminlərlə qarşılaşdıqlarında...

Uca Allah münafiqləri, münafiqliyi tanıtmağa davam edir. Münafiqlik ümməti içindən gəmirən bəla, qara yara, qorxunc xəstəlikdir (xəstəlik bu gün də davam edir). İnanan kimsələrlə qarşılaşdıqlarında, yəni Allah Rəsulunun səhabələri ilə üz-üzə gəldiklərində deyirlər ki, biz iman etdik. Ayənin nüzul (endiriliş) səbəbi ilə bağlı bu rəvayət var (nüzul səbəbi özəl ola bilər, mesaj ümumidir). Rəvayət olunur ki, münafiqlərin başçısı Abdullah bin Übey bir gün dostları ilə Mədinə şəhərinin kənarına çıxdı. Onlar yolda bir qrup səhabə ilə qarşılaşdılar. Abdullah bin Übey dostlarına dedi: - İndi görəcəksiniz ki, bu beyinsizləri (əs-süfəha) necə aldadacağam. O, sonra Əbu Bəkirin əlini tutdu və dedi: - Ey Siddiq, ey Təmim qəbiləsinin seyidi, İslamın piri, Allah Rəsulunun ikinin ikincisi olan seçkin dostu, Rəsulullah uğrunda malını və canını verən şəxs, sənə salam olsun!”. O, sonra Ömər bin Xəttabın əlindən tutdu və dedi: - Ey bəni Adiyy qəbiləsinin seyidi (başçısı), dinində Faruq və güclü, Rəsulullah uğrunda malını və canını verən şəxs, sənə salam olsun!”. O, sonra Əli ibn Əbu Talibin əlindən tutdu və ona dedi:- Ey Rəsulullahın əmisi oğlu, kürəkəni, Allah Rəsulundan sonra bəni Haşim qəbiləsinin seyidi, sənə salam olsun!”. Bir rəvayətə görə hz.Əli ona belə cavab verdi: Ey Abdullah, Allahdan qorx, münafiqlik etmə, şübhəsiz, münafiqlər Allahın yaratdıqlarının ən pisidir. Abdullah bin Übey bu cavabı verdi: Ey Həsənin atası, diqqətli ol! Sən bu sözləri mənim üçün söyləyirsən? Vallah, bizim imanımız da sizin imanınız kimidir, bizim təsdiqimiz də sizin təsdiqiniz kimidir.Tərəflər bir-birindən ayrıldıqdan sonra Abdullah bin Übey dostlarına dedi: Etdiyim xoşunuza gəldimi? Siz də onları gördüyünüz zaman mənim etdiyim kimi edin, onları tərifləyin!”. Dostları dedilər: Sən yaşadıqca bizə zaval yoxdur!”. Səhabələr Allah Rəsulunun yanına qayıtdılar, hadisəni Ona danışdılar. O zaman bu ayə nazil oldu.

Ardı var...

Paralel.az

 

0.013853073120117