İnkarçılığın anatomiyası

İnkarçılığın anatomiyası
 
 
Ərəstun Oruclu: 
"Yəqin ki, ilk baxışdan hər kəsə bəlli olan tarixi faktları dananlarla hamımız rastlaşmışıq. Belələrinin Qədim Roma İmperiyasından tutmuş bugünkü müasir texnoloji cəmiyyətlərədək hamısının ictimai-siyasi "reallıqları" haqda söylədikləri "tarixin" unikal versiyalarını da eşitmişik.
Öncə hamınızdan üzr istəyirəm ki, bu, uzun yazıda çoxlu " " işərəsi olacaq, çünki başqa cür alınmır. Məsələn, illər əvvəl bir müəllim hüzr məclisindəkilərə izah etməyə çalışırdı ki, İslamı sionistlər parçalayıblar və buna "ciddi dəlillər" də gətirirdi. Balaca bir detal da odur ki, müəllim danışdıqca məclisdə əyləşənlərin çoxu razı tərzdə başını yırğalayırdı.
İştirakçısı olmadığım söhbətə müdaxilə etməyə məcbur qaldım və müəllimə xatırlatdım ki, sionizm İslam parçalanandan çox sonra - XIX əsrin sonunda meydana çıxıb. Kürəyini yerə verməyən müəllim burda başqa (təəssüf ki, bəzən daha "keçərli") "arqumentə" əl atdı: onlar gizli təşkilat kimi həmişə mövcud olublar, sadəcə siz (yəni, mən) deyən dövrdə üzə çıxıblar.
Almaniyada 90-ların sonunda Vermaxtın əsgəri olmuş 80 yaşlı bir alman yaxın tanışım olan oğluna və mənə "sübut edirdi" ki, Hitlerin heç bir həbs düşərgələri olmayıb, onları müharibədən sonra amerikalılar və britaniyalılar təbliğat məqsədilə yaradıblar. Uzaq bir qohumum isə and-aman edirdi ki, Stalin müsavatçıların agenti olub, ona görə də əsasən bolşevikləri güllələyibdir.
Hələ "Azadlıq" radiosu FM dalğalarda yayımlananda bir "siyasətçi" canlı yayımda israrla mənə və dinləyicilərə sübut etmək istəyirdi ki, Hitleri hakimiyyətə hansısa yəhudi bankirlər gətiriblər ki, onun əlilə öz soydaşlarını Fələstinə köçürməklə İsrail dövlətinin qurulmasına nail olsunlar. "Fakt" kimi də müharibədən sonra İsrail dövlətinin yaradılmasını göstərirdi.
Əminəm ki, sizlərdən bir çoxunuz da Atatürkün mason "olmasını" eşitmisiniz. Mən hələ İkinci Dünya Müharibəsində bir-birinə qarşı döyüşən ölkələrin ümumiyyətlə hamısının liderlərinin mason olması haqda "tutarlı iddiaları" demirəm. Yeri gəlmişkən, bunun internetdə minlərlə "sübutlarını" da tapa bilərsiniz.
Çox misallar gətirə bilərəm, amma düşünmürəm ki, əksəriyyətinizin buna ehtiyacı var. Biz hamımız indi sosial şəbəkə istifadəçiləriyik, ona görə də onları eşitmək və onlardan "həqiqətləri" öyrənmək üçün nəinki Almaniya və ya Rusiyaya, heç çayxanaya və ya hüzr mərasimlərinə də getməyə ehtiyac yoxdur.
Onlar özləri bizim ətrafımızdadır, onlar evimizə, həyatımıza, gözümüzə, beynimizə girirlər. Özü də bizdən soruşmadan, razılığımızı almadan soxulurlar. "Beynimizə" dediyimə bir az aydınlıq gətirim: baxır hansı beyinlərə əlbəttə. Onlar həmişə olublar və hər zaman da olacaqlar. Onlar hər şeyi "bilirlər", özü də dərindən.
Bu yazını yazmağımın səbəbi yəqin ki, aydındır: bu günlərdə biz hamımız həmin inkarçılığın tipik nümunəsi ilə üzləşməyə məhkumuq. O, bizə hər tərəfdən hücum edir, bizi öz "həqiqətlərinə" inandırmağa, bu da alınmayanda susdurmağa çalışır, küncə sıxır, ittiham edir. İnkarçılıq hamımızın gözlərimiz önündə baş verənləri bizə tamamilə fərqli bir qiyafədə təqdim etməyə çalışır.
İnkarçılıq silah kimi soyuq baxışları ilə alnımıza tuşlanır. Görüklərimizi görməməyə, görmədiklərimizi isə deməyə məcbur etməyə çalışır. İnkarçılıq hər tərəfdən üzərimizə gəlir, vaxtımızı alır, əsəblərimizi tarıma çəkir, vampir kimi enerjimizi sümürür. Bizi qatığın ağ olduğunu sübut etməyə məcbur edir və sonda da "qatıq qaradır" deyib gedir.
Bu gün Ukraynada baş verənlər böyük insanlıq dramıdır. Dünyanın gözü qarşısında bütöv bir xalq, onun dövləti, illər boyu min bir məşəqqətlə qurmağa çalışdığı həyatı, zəngin mədəni irsi, hətta təbiəti və torpaqları belə barbarlar tərəfindən darmadağın edilir. Bəli, məhz barbar Rusiya İmperiyası tərəfindən.
Bunlar da hamımızın gözümüz qarşısında fevralın 24-də həmin şər imperiyasının paranoik liderinin bütün dünyaya açıqladığı əmri əsasında baş verir. Şər imperiyası bu gün də israrla deyir ki, sona qədər gedəcək və istəyinə nail olmayınca dayanmayacaq. Bu da azmış kimi, o, dünyanı atom bombası ilə təhdid edir.
Bütöv şəhərlər, məktəblər, evlər, minlərlə insanın xilas olmaq üçün gizləndiyi sığınacaqlar, xəstəxanalar, çörək növbələri amansızcasına bombalanır və... birdən 200 ildir həmin şər imperiyasından əziyyət çəkən Azərbaycanda bütün bu cinayətlərə bəraət qazandıranlar tapılır. Özü də 3-5, 10 nəfər yox, yüzlərlə, bəlkə də minlərlə.
"Fenomeni" anlamaq asan deyil, çünki problem siyasi, sosioloji, psixoloji və hətta tibbi də deyil. Ona görə də onu nə politologiya, nə sosiologiya, nə psixologiya, nə də psixiatriya izah edə bilməz. Bu, elmə, nəzəriyyəyə, təcrübəyə bəlli olmayan nəsə fərqli bir şeydir. Fərqli, amma həm də çox təhlükəli.
Bu, "belədir, çünki başqa cür ola bilməz" sindromunun ağırlaşmış formasıdır. Yeri gəlmişkən, yeni də deyil. Dramatikləşdirmirəm, sizlər bunun simptomlarını dəfələrlə görümüsünüz. Xatırladım? Buyurun! Azərbaycanda hüquq-mühafizə orqanlarının "Məişət zəminində" adlandırdığı və qadınlara qarşı törədilən cinayətlərə azmı bəraət qazandıranlar görmüsünüz?
Adamı qardaşı, atası, əri, ya da çoxdan ayrıldığı keçmiş əri qətlə yetirib və buna nə qədər bəraət qazandıranlar tapılır. Özü də tanımadan-bilmədən. Ortaya namus, qeyrət, milli mentalitet söhbəti atılır və onların ətrafında şıdırğı alver başlayır. Amma minlərlə hərbçiyə qarşı törədilmiş cinayətlərə gəldikdə ölü sükut çökür belələrinin canına...
Bəs namus, qeyrət, mentalitet, milli qürur necə oldu? Burda inkarçılar pat vəziyyətinə düşürlər, çünki istər cinayətkarları, istərsə də onların qurbanlarını qınamaqdan qorxurlar. Ona görə də belə məsələlərdə qorxaqların ən işlək silahı olan "susmaq qızıldır" instinkti işə düşür. İnstinktləri isə "dəyərlərindən" daha güclü olur.
Bu gün Ukraynaya qarşı misilsiz cinayət törədənlərə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxanlar eyni "təfəkkürün" daşıyıcılarıdır. Özünə "ABŞ belə gəldi", "NATO belə getdi", "Qərb ordan çıxdı", "Avropa burdan girdi" kimi qondarma arqument uyduranlar insanlığa qarşı cinayətin tərəfindədirlər.
Hə, lap razılaşaq ki, dediklərinin hamısı düzdür, amma Kiyevi, Xarkovu və Ukraynanın onlarla digər şəhərlərini bombalayan Rusiyadır! Rusiya! Amma gəl ki, bu kütləyə bunu da sübut edə bilməzsən. Özünə dünyəvi deyib də zorakılığa, işğala, qanunsuzluğa dəstək verənlərin ölkəmizdə görmək istədikləri budur?
Bəs özünü imanlı adlandırıb işğala, kütləvi qətllərə, minlərlə körpənin yetim qalmasına bəraət qazandıranların "imanı" hansıdır?
Bu yerdə yazdığım fikirləri bütün inanclılara şamil etməməyinizi istərdim, çünki bunun özü elə ən böyük haqsızlıq, imansızlıq olardı.
Amma dediyim qəbildən olanların da öz arqumenti var: bəs Fələstin, bəs Yamən, bəs İraq? Onlardan niyə danışmırsınız? Ədalət naminə deyirəm: haqlı arqumentdir. Belələrinə hesabat vermək fikrim və öhədliyim yoxdur, amma mütləq çoxluq təşkil edən sağlam izləyicilərim üçün xatırladıram:
Yaməndən, Fələstindən tutmuş Ayətullah Xamneyinin təhqir olunmasına və İranın nüvə alimlərinin qətlinə qədər mənim dediklərimi (özü də açıq mətbuatda və bəzilərini də dünya mətbuatında) belələri heç yorğanın altında da pıçıldaya bilməzlər.
Çünki bu, sosial mediada kiminsə profilinə soxulub sayıqlamaq deyil, buna rəhmətlik Yaşar Nuri demiş, "dövlət təminatı" lazımdır. Özü də bilirsiniz, nə boyda "dövlət təminatı"?! Belələri kimə bəraət qazandırırlar: 20 yanvarı, Xocalını törədənlərə, İrəvanı, Göyçəni, Zəngəzuru məhv edilən yüz minlərlə azərbaycanlıdan "təmizləyib" erməni dövləti yaradanlara?
Budur onların dəyərləri, imanı, siyasi baxışları, mövqeyi, yanaşması? Əgər budursa, onda belələrinin mənim üçün bircə adı var - düşmən! Düşmən isə o kəsdir ki, onunla elə həmin qəddar müharibənin qaydalarına görə davranılmalıdır, yoxsa o, heç gözünü də qırpmadan səninlə həmin qaydalarla "davranacaq".
Bunu isə görmək üçün onların püskürdüyü nifrətə, kinə, küdurətə nəzər yetirmək kifayətdir. Bunu indi görmək lazımdır ki, sonra gec olmasın. Belələrini inkar etmək, marginallaşdırmaq lazımdır. Onlara imkan yaradıb mənasız müzakirələrə çəkilməyə ehtiyac yoxdur, çünki bu, müzakirə deyil. Cinayətə bəraət qazandıranla nə müzakirə ola bilər?!
Rusiyanın Ukraynaya hərbi təcavüzü illərdir dediyimiz və ola bilsin ki, kimlərəsə hələ də tam mahiyyətilə çatmayan sadə bir həqiqəti bütün çılpaqlığı ilə üzə çıxardı: ölkədə xalqa, dövlətə qarşı ciddi təhlükə daşıyan bir kütlə var. Şər imperiyasının üzərimizə gələcəyi halda bəlkə də əli silahlı qarşımıza çıxacaq qansız bir kütlə.
Bəli, qansız, mərhəmətdən, insanlıqdan, ağrı-acıdan məhrum edilmiş, zombiləşdirilmiş bir kütlə. Siyasi mövqe, şəxsi baxış, ifadə azadlığı, dəyər, mentalitet və başqa nələrin arxasında gizlənsə də, əsl adı "5-ci kolon" olan acımasız bir kütlə."
0.033030986785889