Ankara və Bakı Kiyevlə Moskvanı barışdıra biləcəkmi?
Çavuşoğlu Moskvada Lavrovla Ukrayna məsələsini müzakirə etdikdən sonra Bayramovla danışdı: Ankara anlaşmanın əldə edilməsinə çalışır və Bakı bu prosesə dəstək verən oyunçulardan, həm də Kiyev-Moskva görüşünün keçirilməsi üçün alternativ kimi saxlanılan məkanlardan biridir;
Türkiyənin tərəflər arasında anlaşma əldə etmək imkanı zəif qiymətləndirilirdi, lakin indiyə qədər kiçik də olsa irəliləyiş ehtimalının Ankaranın masasında ola biləcəyi müşahidə edilir: Moskva razılaşmanın mümkün olduğunu, Kiyev Rusiyanın əvvəlki “ultimatum mövqeyinin” dəyişdiyini bildirir; tərəflər bu fikrə Belarusdakı üç raundda və iki onlayn formatdakı görüşdə gəlsələr də, mümkün razılaşmanın xüsusilə Ukraynanın istəyinə uyğun olaraq, Türkiyənin vasitəçiliyi ilə olması istisna deyil;
Ərdoğan da Zelenski ilə telefonda bunu müzakirə etdi və Putinlə də müzakirə edəcəyi gözlənilir.
Açıqlamalar masada əlavə detalların da olduğu əsas müzakirə mövzusunun Ukraynanın “neytral status”nun olduğunu deməyə əsas verir. Moskva Kiyevin “İsveç modeli”nə mənfi münasibət bəsləmədiyini deyir. Kiyev qeyd edir ki, anlaşma olacaqsa, bu, başqa yox, məhz “Ukrayna modeli” olacaq.
“İsveç modeli” Finlandiya modelinin bir başqa formasıdır: ölkə tərəfsiz olur, lakin tərəfsiz olacaq Ukrayna öz ordusu və donanmasına sahib olacaq.
Kiyevin dediyi “Ukrayna modeli” isə daha yüksək səviyyəli təhlükəsizlik qarantını özündə ehtiva edir:
- Ukraynanın təhlükəsizliyinə ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə kollektiv zəmanət verilir;
- Ukraynaya hücum olacağı təqdirdə, zəmanət verən ölkələr sözdə yox, əməldə dəstək verməlidir: münaqişədə birbaşa iştirak edir, hava qüvvələrinin dəstəyi də daxil olmaqla silah-sursat verir;
- Hava məkanının bağlanması da əsas şərtlərdən biridir;
Danışıqların hər iki tərəf üçün zaman qazanmaq manevri olduğu da istisna deyil, xüsusilə “ultimatum mövqeyi”ni dəyişdirən Rusiyanın muzdlular vasitəsilə qüvvələrini cəmləşdirib, hücumu genişləndirəcəyi mümkündür. Qərb də Ukraynaya hərbi yardımlarını genişləndirir. Və belə görünür ki, müharibənin növbəti, bəlkə də son mərhələsi hələ qabaqdadır. Lakin hazırda müharibənin dayanmasını istəyən yeganə tərəf kimi Türkiyə görünür və hər iki tərəfin əsas anlaşmanı Ankara masasında əldə edə biləcəyi ehtimalı daha böyükdür. Təbii ki, Bakı da bu prosesin iştirakçılarından olacaq.
Asif Nərimanlı