Xalqı dövlətdən narazı salan
məmur düşməndən təhlükəlidir
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru
Rusiya və İran Azərbaycanı daxildə rüşvətxorlarla, narkobaronlarla, xaricdən erməni təcavüzü ilə təhdid edir
Azərbaycanın çoxsaylı xarici və daxili düşmənlərin hədəfində olduğu hər birimizə çoxdan bəllidir. Düşmən siyasətinə xidmət edən, rüşvət və narkotik maddələri yaymaqla məşğul olan qrupların sayı da ölkədə çoxdur. Hələ də dərk edə bilmirik ki, ölkəmizdə gündən-günə «çiçəklənən», yağışdan sonra göbələk kimi çoxalan rüşvətxorluq, narkoticarət və əxlaqsızlıq yuvaları xarici düşmənlərin ölkə hakimiyyətinin daxilində yuva quranların bəd əməllərinin məhsuludur.
Baxın, ölkəmiz müstəqilliyinin 30 illiyini bu ilin oktyabr ayında qeyd edəcək. Əslində dövlətimiz bu illəri xarici və daxili düşmənlərlə mübarizəyə həsr edib. Xalqımız bu gün, saysız verdiyi qurbanları hesabına qazandığı müstəqilliyinin hələ də səfasını görməyib, yalnız cəfasını çəkir.
Çünki 2 əsrdir Azərbaycanı öz aralarında ikiyə bölən Rusiya və İran rejimləri ölkəmizin inkişafına, xalqımızın azadlığa qovuşmasına imkan verməyiblər. Hər iki ölkədə rejimlər, hakimiyyətlər dəyişsə də, bu düşmən ölkələrin dövlətimizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti zərrəcə dəyişmir. İllər, qərinələr, əsrlər keçib, dünya düzəni, xalqların azadlığına münasibət yetərincə dəyişsə də, şovinist Rusiya və İran rejimlərinin xalqımıza qarşı "parçala, hökm sür" diskriminasiya siyasəti dəyişməyib, əksinə güclənib.
SSRİ dağıldıqdan sonra müstəqillik dövründə də Azərbaycan daim Rusiya və İranın təhdidlərilə üzləşib. Ölkə rəhbərliyi Rusiya və İranın təsir dairəsindən çıxmağa cəhd etsə də, bu məqsədə nail olmayıb. Lakin Azərbaycan, çox çətin də olsa, dövlətimizin qarşısında duran ən böyük problem - "düşmənlərin caynağından xilas olmaq"dan heç zaman geri çəkilməyib.
Cənubi Qafqaz regionunda Rusiyanın və İranın təchizatı və təlimatı ilə Azərbaycan ərazisinin 20 faizini 28 il işğal altında saxlayan, nəhayət 44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın qəhrəman ordusu tərəfindən Ermənistanın ağır məğlubiyyətə uğraması hər 2 düşmən dövlətin etirazına səbəb olub və onları çox qəzəbləndirib.
Rusiya Azərbaycana təxribat, hədə-qorxu və zorla imzalatdığı atəşkəs bəyanatına əsasən, işğalçı rus ordusunu sülhməramlı adı ilə yuxarı Qarabağa yerləşdirdi. Bundan sonra atəşkəs bəyanatında üzərinə götürdüyü öhdəlikləri nə özü yerinə yetirir, nə də Ermənistanı imzası ilə üstünə götürdüyü öhdəliyə əməl etməyə məcbur edir.
Buna görə, Qarabağda başı "dəmir yumruqla" əzilmiş Ermənistanı yenidən silahlandıran Rusiya və İran eyni zamanda, Azərbaycan hakimiyyətinin daxilinə yerləşdirdikləri "5-ci kalonun" nümayəndələrinin fəallaşmasına da xüsusi əhəmiyyət verirlər.
Diqqət edin, prezident ölkədə rüşvət və korrupsiyaya qarşı barışmaz mübarizə siyasəti aparır, bir ucdan yüksək vəzifəli məmurlar rüşvət və korrupsiya əməlinə görə, həbsə atılır! Digər tərəfdən, ölkədə rüşvət və korrupsiya sürətlə genişlənir, əhalini dövlətdən narazı salan proseslər güclənir, xüsusən qazın, suyun, elektrik enerjisinin, benzinin qiyməti müxtəlif bəhanələrlə artırılır! Bu da xalqın gündəlik istifadə etdiyi zəruri ərzaq və məişət mallarının, insanların həyatı üçün xüsusi əhəmiyyətə malik olan dərman pereparatlarının və digər vacib məhsullarının hər gün qiymətinin artması ilə nəticələnir.
Digər tərəfdən, damarında erməni qanı axan, əməl etibarı ilə düşmənə qulluq edən yüksək vəzifəli məmurlar ölkə əhalisinin yalnız 6 faizini təşkil edən 600 min əlilin təqaüdünü kütləvi şəkildə kəsir!
Qəhrəman Azərbaycan ordusunun düşmən üzərində qələbəsini təmin edən zabitlərin əmək haqqı 2 dəfə azaldılır! “COVİD-19” pandemiyasına qarşı mübarizə tədbirləri pərdəsi bəhanəsilə kasıb əhali kütləvi cərimə ödəməyə məcbur edilir!
Məmurların Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara sayğısız münasibətinə aid hər gün xeyli sayda şikayətlərlə qarşılaşırıq!
Lakin övladlarını düşmənlə döyüşən ordudan gizlədən, rüşvət və korrupsiya ilə dövləti və xalqı talayan milyoner və milyarder məmurların sərvəti, var-dövləti hər gün artır.
Ölkə prezidentinin xalqa və dövlətə ləyaqətlə xidmət etmək barədə ciddi tapşırıq və tövsiyyə verib, yüksək vəzifəyə təyin etdiyi məmurlar vəzifə kürsüsünə əyləşən kimi, sabiq TƏBİB rəhbəri Ramin Bayramlı kimi, dərhal rüşvət toplamağa başlayır! Xalq məəttəl qalıb, bilmir, bu açıqözlüyə nə ad versin?!
Media üzərindən apardığımız araşdırmaların nəticələri təsdiq edir ki, ölkənin bütün sahələrini alaq otu kimi bürümüş rüşvətxor və korrupsioner məmurların çirkin əməlləri ölkə prezidentinin tapşırığı ilə dövlət orqanları tərəfindən ifşa olunsa da, bu sahədə tam dönüş yaranmasından danışmaq mümkün deyil!
Müstəqil siyasətçilərlə, politoloqlarla, hüquqşünaslarla, iqtisadçılarla apardığımız söhbətlərə və xalqın ümimi rəyinə əsasən, demək olar ki, ölkə daxilində rüşvət, korrupsiya, işsizlik, qiymətartımı və digər mənfi fəaliyyətləri ilə xalqın dövlətə və hökumətə bəslədiyi inamı sarsıdan məmurlar dövlət və hökumət üçün xarici düşməndən daha təhlükəlidirlər.