Əli Əsədov Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın Ermənistanla sülh gündəliyini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın Baş naziri Əli Əsədovun Ankarada baş tutan görüşü zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə edilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğan Azərbaycanın Ermənistanla sülh prosesində əldə etdiyi irəliləyişlərin qənaətbəxş olduğunu, mayın 10-da Almatıda keçiriləcək görüşdən müsbət nəticələr gözlədiyini, sülh sazişinin ən qısa zamanda imzalanmasının vacibliyini və regionun razılığa gəlməli olduğunu bildirib.
O, birtərəfli və qərəzli kənar müdaxilələrin regionun geosiyasi qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığını davam etdirəcəyini, Türkiyənin Azərbaycana dəstəyinin hər sahədə davam edəcəyini vurğulayıb.
Bundan əlavə, tərəflər İsrailin Qəzzaya hücumları, bölgədəki son vəziyyət, regional və qlobal hadisələr ətrafında da fikir mübadiləsi aparıb.