Dini bir, qanı bir qardaşımız gəlir...

Dini bir, qanı bir qardaşımız gəlir...
 

                                                            O tarixi gündə - 15 iyunda 

 Nəhayət, sədaqətli qardaşın ölkəmizə gələcəyi tarix dəqiqləşib. Səfər iyunun 15-də gerçəkləşəcək. Əgər ölkəmizin başbəlasına çevrilmiş «5-ci kalon» bu səfərə maneə olmasa!...

44 günlük savaşda Türkiyənin mənəvi dəstəyilə qazandığımız qələbədən sonra dünyada hər iki qardaş dövlətə qarşı münasibət dəyişib.

Türk-islam dünyasının düşmənləri Türkiyə - Azərbaycan münasibətlərinin doğmalığından narahat olmağa başlayıblar. Müharibəyə qədər bizə və qardaşlarımıza qarşı fərqlı münasibətdə bulunan, dost olmayan ölkələr bu gün artıq hər iki ölkəyə - Azərbaycan və Türkiyəyə eyni mənfi münasibət canım sərgiləyir. Ona görə böyük qardaşın Azərbaycana may ayında gerçəkləşməsi planlaşdırılan səfərinin baş tutmaması üçün var gücü ilə çalışan daxili və xarici düşmənlər birləşiblər. Lakin səfərin vaxtının elan olunması düşmənlərin  müqavimətinin qırılması anlamına gəlir.

Azərbaycan əhalisi və türk dünyası Rəcəb Tayyib Ərdoğanın səfərini böyük coşqu və sevinclə gözləyir. Xalqımız bu səfərdən məmnundur. Səfərin baş tutmasına əngəl yaradan səbəblərin aradan qalxması xalqımızda yaranmış pessimistliyi ortadan qaldırıb. Türkiyə prezidenti özü elan etdiyi kimi, Azərbaycana gələcəyini və qardaşı İlham Əliyevlə Azərbaycanın mədəniyyət mərkəzi elan edilmiş Şuşaya birlikdə gedəcəklərini hələ ötən ilin dekabr ayının 10-da Bakıda keçirilən "Zəfər paradı"nda söyləmişdi. Qardaşın ikinci məmləkətinə səfəri xəbərinin  dünya mətbuatında yayılması düşmən Ermənistanın və havadarlarının yuxusuna haram qatıb.  Xüsusilə, özünü dost adlandıran, amma əslində xalis koramal münasibət sərgiləyən qonşu Rusiya, İran, Fransa və mənfurları dəstəkləyən digər dövlətlər Türkiyə prezidenti R. T. Ərdoğanın Azərbaycana və Şuşaya səfər etməsindən çox narahatdırlar.

Səfərin vaxtının elan olunmasına baxmayaraq, düşmənlərin səfərə maneə olmaq məqsədilə göstərdikləri çabalar yenə də davam edir.

Səfərlə bağlı Ermənistanı və onu dəstəkləyən digər düşmən dövlətləri başa düşmək çətin deyil. Lakin islam ölkəsi olan, sözdə özünü Azərbaycana dost-qardaş sayan, əməldə isə Ermənistana yardım edən, 40 milyon azəri türkünün yaşadığı İranın dövlət rəsmilərinin bu səfəri həzm etməməsinə haqq qazandırmırıq.

Ermənistanın 9-10 noyabr anlaşmasını mütəmadi olaraq pozduğunu, ölkəmizə qarşı terrorçu dəstələrdən istifadə edib fürsət düşdükcə ərazilərimizə mina basdırmağa davam etməsinə kor olanların gözünü açmağın vaxtı çoxdan çatıb...

Diversiya törətmək məqsədilə ərazimizə soxulan terroristlərin hərbçilərimiz tərəfindən zərərsizləşdirilməsi, əsir götürülməsi, erməni hərbçilərin Naxçıvan, Kəlbəcər, Şuşa və Laçını atəşə tutması bir daha göstərir ki, Ermənistan rəhbərliyi ölkədə dramatikləşən seçkiqabağı duruma nəzarət edə bilmir. Məhz bu səbəbdən ölkəmizə qarşı təxribat və terror törədir. Nəticədə mülki insanlar, jurnalistlər, hərbçilər minaya düşüb həlak olurlar. Azərbaycan ordusunu Ermənistanın ərazisini işğal etməkdə suçlayır, şantajla münaqişəni həll etmək barədə deyil, məhz  beynəlxalq ictimaiyyətin diqqətini 30 ildən sonra həllini tapmaqda olan münaqişəyə cəlb etmək planı həyata keçirir.

Beynəlxalq qanunları və çağırışları qulaqardına vuran Ermənistan minalanmış ərazilərimizin xəritəsini verməkdən imtina edir. Nəticə göz önündədir - 6 ay ərzində 34 nəfərin - hərbçilərin, iki nəfər jurnalistin və xeyli mülki vətəndaşımızın minaya düşüb həlak olması...

Amma beynəlxalq qanunlara məhəl qoymayan, Rusiyanın, Fransanın himayəsinə arxayın olub, çox təhlükəli yol seçən Ermənistan rəhbərliyi Azərbaycan ordusunun ərazimizdə hər an antiterror əməliyyatı keçirmək hüququndan istifadə edə biləcəyini unudur.

Ermənistanın faşist rəhbərliyindən fərqli olaraq, müxalifət partiyasının lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan mətbuata verdiyi açıqlamada Qarabağı Azərbaycandan qoparmaq ideyasının Ermənistan dövlətini məhvolma mərhələsinə gətirdiyini bildirir. Bu məsələdə Ermənistanın tək qaldığını qeyd edir.

Erməni politoloqlar açıqlamalarında etiraf edirlər ki, Ermənistanın iqtisadi, hərbi baxımdan güclü olan Azərbaycana qarşı təcavüzkar mövqeyi onlar üçün yaxşı heç nə vəd etmir.

Onlar etiraf edir ki, Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, nəyi necə və nə zaman etməyi bilirəm! Və müharibə göstərdi ki, o, ölkəsini müharibəyə ciddi hazırlayıb. Lakin Ermənistanın əvvəlki və indiki rəhbərləri xalq qarşısında hər zaman populist çıxış ediblər, xarici himayəyə arxalanıb yalan vədlər verməklə məşğul olublar. Ermənistanın ordusu inkişafdan çox geri qalıb, əhali dolanışıq üzündən xarici ölkələrə miqrasiya edib, ordunun tərkibi zəifləyib. Xarici yardımlara arxayın olan Ermənistan sabiq rəhbərləri rüşvət və korrupsiyaya qurşanıblar.

Azərbaycan rəhbəri isə əksinə, ölkənin neft-qaz sərvətlərini xarici bazara çıxarıb satdı, həm dövləti gücləndirdi, həm də müasir hərbi texnikaya malik modern ordu qurdu və 44 gün ərzində Ermənistanı ağır məğlubiyyətə uğratdı.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan da mətbuata açıqlamasında Nikol Paşinyanı xəyanətdə suçlayaraq, yanlış siyasətlə Ermənistanı dərin uçuruma apardığını bildirib. Və bildirib ki, əgər Paşinyan yenidən baş nazir postuna əyləşərsə vay bizim halımıza... Çünki bu Ermənistanı daha pis duruma salacaq. .

Qardaş Türkiyə prezidenti R. T. Ərdoğanın Azərbaycana - Şuşaya səfəri Ermənistan rəhbərliyini hədsiz təşvişə salıb. Son günlər Rusiya prezidenti Vladimir Putinlə telefonla danışan Türkiyə prezidenti Ermənistanın atəşkəs anlaşmasını dəfələrcə pozduğunu bildirib və Zəngəzur koridorunun açılmasını qısa zamanda təmin etməyin vacibliyini vurğulayıb.

Bəli, sonda bir daha vurğulayım ki, gözümüz yolda, qulağımız səsdə ən  çətin anımızda yanımızda olan QARDAŞIMIZIN yolunu səbirsizliklə gözləyirik. O tarixi günü - 15 iyunu.

 Şahnaz Salehqızı

[email protected]

0.023469924926758