Jurnalistlərin "Formula 1" qayğısı

Jurnalistlərin
 

"Formula 1" kimə və nəyə faydalıdır?

Bir neçə il əvvəl məşhur Bayıl türməsinin qəsəbədən köçrülməsi ilə düşündük ki, daha bu məkanın bədnamlıq etiketi üstündən götürüldü, Bayıl azad və abad məkana çevriləcək. Düşüncələrimizin abadlığa aid olan hissəsi təsəvvür etdiyimizdən də yüksək səviyyədə doğruldu.

Qəsəbədə gözəl parklar və xiyabanlar salındı. Bulvar uzadılaraq qəsəbəni əhatə etdi. Salyan yolu genişləndirilərək prospekt görkəminə salındı, keçidlər, yol ötürücüləri və s. tikililər də Bayıla yeni gözəl görkəm verdi. Bu çox gözəldir, qiymətləndirmək gərəkir, amma Bayıl, Bibiheybət qəsəbəsi və 20-ci sahə adlanan ərazi sakinləri yaradılan bu gözəlliklərdən, sözün həqiqi mənasında zövq ala bilmir. Çünki sözügedən ərazi Bakı şəhərinin qədim qəsəbələrindən biri, həm də şəhərə bitişik ərazi olsa da, şəhərin əsas hissəsi ilə əlaqə yalnız Yeni Salyan Yolu vasitəsi ilə mümkündür.

Həmin yol isə müxtəlif məqsədlər üçün həftədə azı bir dəfə bağlanır. Sərnişinlər avtobuslarda saatlarla tıxacda qalmaq məcburiyyətini yaşayır. İyirimi mindən çox əhalisi olan, ən azı 450 jurnalist ailəsinin yaşadığı bir ərazidə şəhərlə əlaqə çox həssasdır, yol müxtəlif tədbirlər səbəbi ilə elan edilmədən günlərlə qapanır. Dünyanın istənilən payğaxt şəhərlərində bu cür ərazilər şəhər mərkəzi ilə bir neçə alternativ yolla birləşir.

Bayıl isə bu baxımdan blokadadadır desək, yanılmarıq. Elə bil simvolik olaraq buradan məşhur Bayıl türməsini köçürməklə, bütün ərazini bütövlükdə türməyə çeviriblər - dövlət adamları bölgələrə gedir, yol qapanır, "Formula 1" yarışları keçirilir, yol qapanır, "Jara" festifalı keçirilir, yol qapanır, "Evrovisyon" müsiqi yarışması keçirilir, yol qapanır,

"Kristall Holl"da ("Billur Saray" - çox təəssüf ki, Bakı şəhərində tikilən ünlü-dürlü tikililərin Ana dilində mənasını vermək məcburiyyətindəyik) keçirilən bütün tədbirlər zamanı yol qapanır və s. Bu siyahını sonsuza qədər uzatsaq, mətnimiz bir qəzet səhifəsinə yerləşməz.

Hazırda bildiyiniz kimi, paytaxt sakinləri və dünya Ralli azərkeşləri "Formula 1" həyəcanı yaşayır. Lakin bu iki həyacan arasında təzad yaranacaq qədər böyük bir fərq var. Sözsüz ki, paytaxt əhalisinin bir faizdən də az hissəsi olan Ralli azərkeşləri yarışlardan alacaqları həzzin həyacanını yaşayır, düşüncələrində Şumaxerin və digər pilotların yeni tryuklarını xəyallarında canlandırır və s. Lakin bu yarışlara ev sahibliyi edən Bakı şəhərinin sakinləri isə axşam işdən sonra necə evinə gedib çatacağını düşünərək həyacanlanır, əsəblər gərilir, gözlər kəllədə dörd olur.

Hüseyin Cavid və Parlament prospektindən Badamdardan gəlib, 20-ci sahəyə doğru hərəkət edən 53 saylı xətt marşrutunda bir ayağını qoymağa yer tapan paytaxt sakini özünü çox «xoşbəxt» sayır. Ona görə ki, o, avtobusa minmək arzusunda olan, evinə tələsən, haçan evinə çatacağını bilməyən yüzlərlə Bayıl sakinlərindən, artıq bir saata evinə çata biləcəyinə əmin olan 53 saylı xətt marşrutu ilə hərəkət edən avtobus sərnişinlərindən biridir.

"Gülüstan yolu" adı ilə məşhurlaşan bu alternativ yolda avtobus elə hərəkət edir ki, elə bil cəbhə bölgəsində KAMAZ frontal yollarla şəxsi heyəti cəbhənin bir bölgəsindən digərinə dislokasiya edir. Amma 53-ün sərnişinlərinin hərbiçi şəxsi heyətdən bir fərqi var - hərbiçilər KAMAZ-da yalnız otracaqlarda oturur, ayaqüstə qalan olmur, bizim yeganə marşrutumuz olan 53-də isə oturanlardan əlavə, hərəsi bir ayağının üstundə güclə dayanan ayaqüstü sərnişinlər də var və onların sayı otranlarınkından dəfələrlə çoxdur.

Belədə isə əli 53 saylı xətt marşrutuna minməkdən üzülən qəsəbə sakinlərinin bir hissəsi sözügedən avtobus dayanacağında, "İçərişəhər" metrostansiyasının və Heydər Əliyev adına "Əl Oyunları Sarayı"nın ətrafında manatlıq taksi axtarır. Bu həftə "Formula 1" ralli yarışması ilə əlaqədar taksiyə tələbat artdığı üçün "manatlıq" taksilər də qiyməti qaldırıb - adi vaxtlarda adamın birini iki manata aparırsa, qaş qaralandan sonra qiymətlər qalxır üç manata. Ölkə iqtisadiyyatının heç bir sahəsində bazar iqtisadiyyatı modeli işləməsə də, taksi biznesi sahəsində bu model özünü daha çılpaqlığı ilə göstərir.

Biz bilmirik, sözügedən problemi necə çözmək olar, bunu mütəxəssislər yaxşı bilər, amma elə məsələlər var ki, artıq burada mütəxəssis olmağa da ehtiyac yoxdur, çünki primitiv çarə tədbirləri belə görülmür, vətəndaşın hərəkət hüququ asanlıqla və kobud şəkildə pozulur.

Məsələn, şəhərə aparan bir yol bağlanırsa, mütləq alternativi açılmalıdır, amma bizdə buna da məhəl qoyan yoxdur. Elan edilir ki, 88, 6 və 5 saylı xətt marşrutlarının hərəkət istiqaməti dəyişdirilir, halbuki, bu xətt marşrutlarının heç biri sərnişini mənzil başına apara bilmir, yalnız Bayıl qəsəbəsinin daxilində hərəkət edərək 30 qəpiyə 2-3 km məsafə qət edir. Ən azı Bayıl-Badamdar yolu bərpa edilməli və bir qədər də genişləndirilməlidir ki, Bayıldan şəhərə alternativ yol olsun və s.

İkinci bir tərəfdən, paytaxtın mərkəzində bu formada yarışın təşkili həm qanunlara, həm də Ana yasamıza ziddir, çünki  vətəndaşın sərbəst hərəkət, işləmək, təhsil almaq və s. hüquqları kobud şəkildə pozulur. Vətəndaş hüquqlarını biz nəyə qurban verdiyimizin də fərqində deyilik.

Çünki bu yarışın ölkəmizə gətirə biləcəyi faydaları konkret olaraq ölçmək mümkün deyil, yəni kimsə asanlıqla sübut edə bilər ki, "Formula 1"in bizə zərərindən başqa heç bir faydası yoxdur. Elə isə bu yarışlar kimə lazımdır?

 Akif Nəsirli

1.0160930156708