İstintaq materiallarından... - Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..
“İstintaq materiallarından...
Bağırov Azərbaycanın Mərkəzi İcraiyyə komitəsinin sədri Sultan Məcid Əfəndiyevə olan düşmənçilik münasibətini gizlətmirdi, müxtəlif yığıncaqlardakı çıxışlarında və replikalarında onu təhqir edir, acılayır, lağa qoyurdu. 1937-ci ildə Bağırov artıq təhqirdən birbaşa hədəyə keçdi. Belə ki, 1937-ci ilin iyununda Azərbaycan Kommunist partiyasının XIII qurultayında Bağırov Əfəndiyevin çıxışını kobudcasına pozaraq dedi:
“Əfəndiyev istəyir ki, biz onun əldə silah açıq-aşkar bizə qarşı vuruşmasına icazə verək. Sən gəbərəcəksən - ancaq biz buna yol verməyəcəyik. Səninlə vaxtında haqq-hesab çəkməyi bacararıq”.
Əfəndiyevin hansı “silah”la açıq-aşkar “vuruşmağının” və bu “vuruşmaq” cəhdinin nədən ibarət olduğunu Bağırovun çıxışının stenoqramından aydın olur. O, Əfəndiyevə müraciətlə bildirirdi:
“Siz bizim- Azərbaycan K (b) P MK rəhbərlərinin əleyhinə yazılmış ərizələri dırnaqarası qohumlarınızla Moskvaya göndərmisiniz”.
Bağırov Əfəndiyevi Bakıda 1937-ci ilin 24 iyununda, yəni Azərbaycan KP XIII qurultayından dərhal sonra Sumbatovun əli ilə həbs etdirmişdi. İstintaq zamanı Əfəndiyev əks-inqilabi milli təşkilat mərkəzinin üzvü kimi ittiham edilib təqsirləndirilirdi. Bir sıra istintaq protokollarında Əfəndiyev günahkar olduğunu boynuna alırdı, məhkəmə zamanı isə bu ifadələrdən imtina edirdi.
Azərbaycan XDİK əməkdaşlarının tərtib etdiyi aktlardan aydın görünür ki, Əfəndiyev yalan ifadələr verməyə məcbur olmuşdur. Məsələn, 1937-ci il avqustun 16-da Daxili işlər komissarlığının əməkdaşı Tsinman tərəfindən tərtib olunmuş aktda göstərilir:
“İstintaqa çıxarılmış müttəhim Sultan Məcid Əfəndiyev bildirdi ki, əks-inqilabi fəaliyyətdə iştirak etməsə də, hazırkı siyasi vəziyyəti nəzərə alaraq, Azərbaycandakı milli əks-inqilabi təşkilatda iştirakı barədə ifadə verməyə hazırdır”.
S.M. Əfəndiyevin və daxili işlər komissarlığının əməkdaşı Qvozdevin imzaladığı 1937-ci il 25 sentyabr tarixli aktda məhbus Əfəndiyevin “heç vaxt əks-inqilab üzvü olmadığına baxmayaraq, onun həmin təşkilatın üzvü olması barədə qondarma ifadə verməyə məcbur olduğunu, bunun üçün bir neçə günlük möhlət verilməsini xahiş etməsi barədə” ərizəsi öz əksini tapıb.
Həqiqətən də 1937-ci ilin 5 və 6 oktyabrında daxili işlər komissarlığının əməkdaşları Qvozdev və Sonkinin protokollarını imzalayan Əfəndiyev əks-inqilabi təşkilat üzvü olmaqla özünü müqəssir hesab edir, Ruhulla Axundov və başqaları ilə birgə təxribatçılıq fəaliyyətləri barədə ətraflı izahat verirdi. Qabaqcadan tərtib olunmuş bu istintaq protokollarını Əfəndiyev məruz qaldığı amansız işgəncə və cəzalardan sonra imzalamışdı. Bunu daxili işlər komissarlığının keçmiş əməkdaşları Vozniçuk, Dudiyev, Xaldıbanov, Ananyev, Əliyev, Zahid Bağırov və başqalarının şahidlik ifadələri də təsdiq edir. Məsələn, keçmiş baş həbsxana nəzarətçisi D.P.Vozniçuk 1954-cü il mayın 21-də istintaq zamanı bildirmişdi:
“MİK sədri Əfəndiyev, keçmiş orqan işçisi Pavlov amansız cəzalara məruz qalırdılar. Əfəndiyevi elə möhkəm döyürdülər ki, sonra onu yerdən qaldırmaq mümkün olmurdu”. Şahid V.M.Dudiyevin ifadəsindən:
“Bir dəfə mən Sonkinin kabinetinə daxil oldum... Otaqda əməliyyat müvəkkili Nikolay Musatov (boksçu), Tsinman, xalq komissarı Sumbatov və bir də işçilərdən kimsə var idi. Dustaqlardan yalnız Sultan Məcid Əfəndiyev
otaqda idi.
O, döyülüb-əzilmiş, köynəyi çırıq-çırıq olmuş halda döşəməyə çökmüşdü. Müstəntiqlərdən kimsə onun üstünə su tökərək, özünə gətirməyə çalışırdı, o birisi isə “ifadə ver”- deyə dümsükləyirdi”.
Şahid X.P.Xaldıbanovun dediklərindən: “Şəxsən mən Tsimanın və əməliyyat müvəkkili KolyaMusatovun Azərbaycan Ali Sovetinin sədri S.M.Əfəndiyevi necə istintaq etdiklərini, döyüb, əzab verdiklərini öz gözümlə görmüşəm. Tsiman onu istehsa ilə “prezident” adlandırıb ələ salırdı”.
Şahidlər T.E.Ananyev və Zahid Bağırov da bu deyilənləri təsdiq etdilər. Ananyev bir də onu dedi ki, Əfəndiyev müstəntiqlərin onu ələ salması barədə Sumbatova şikayətlənəndə, Sumbatov onun üzünə bir yumruq vurub getdi, müstəntiqlər isə döymə əməliyyatını davam etdirdilər.
Əfəndiyevin müqəssir olduğuna “sübut” kimi Ruhulla Axundovun saxtalaşdırılmış istintaq protokolları da, digər buna bənzər “sənədlər” işə əlavə olunub. Bu saxtalaşdırılmış materiallar əsasında Sultan Məcid Əfəndiyev 1938-ci ildə güllələnib. Əfəndiyevin işinə xitam verilib və o, ölümündən sonra tam bəraət alıb.
***
İstintaq müəyyənləşdirdi ki, Beriyanın köməkliyi ilə Azərbaycanda rəhbər vəzifələrə yüksəlmiş Bağırov, Beriyanın Gürcüstanda etdiyi kimi, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik orqanlarında rəhbər işlərə qabaqlar törətdiyi cinayət əməlləri ilə onunla sıx bağlı olan ünsürləri təyin edirdi. Bağırov məhbuslardan yalan ifadələr almaq məqsədilə verilən işgəncə və cəzalarda bilavasitə iştirak edirdi.
Eləcə də müyyən olunub ki, Bağırov öz əlaltılarına günahsız adamlar barədə məhkəmə işlərinin kütləvi şəkildə saxtalaşdırılması barədə birbaşa göstəriş verirmiş. Bağırovun bu cinayətkar göstərişini yerinə yetirməklə onun əlaltıları yalançı ittiham dəlilləri yaratmağa nail olurdular. Kolxozçuları hər hansı əksinqilabi fəaliyyətdə ittiham etmək məqsədilə Bağırovun əlaltıları bu şəxslərin həyətinə, evlərinə gizlincə silah qoyurdular, beləliklə də həmin kolxozçuların üsyançıtəşkilatlarda iştirakını sübut etmiş olurdular. Həmin kolxoz- SSRİ Ali məhkəməsinin qərarı ilə Əfçuların evində axtarış aparılır, silah “aşkara çıxarılır”, bu da adamların həbs olunması üçün əsas olurdu. Sonra həbs olunanlar döyülür, onlara işgəncə verilir, nəticədə yalan ifadələr alınırdı. Bu cür cinayətkar metodlarla Şamaxı, Əli Bayramlı, İsmayıllı, Salyan və Azərbaycanın digər rayonlarının yüzlərlə sakini barədə cinayət işləri saxtalaşdırılmış, həbs edilənlərin böyük hissəsi güllələnmişdi.
Bağırov və əlaltıları tərəfindən neft mədənlərində, Xəzər gəmiçiliyində, Azərbaycanını kənd, rayonlarında namuslu kadrlara kütləvi şəkildə divan tutulurdu. Eyni zamanda Bağırov və Beriya əsl əksinqilabçıları, o cümlədən xarici kəşfiyyatın agentlərini məsuliyyətdən uzaqlaşdırıldılar...
(Ardı var)
Təqdim etdi: Sultan Laçın