“Xətai” təxəllüsü günahla bağlı deyil, bu daha müqəddəs anlam daşıyır - İmran Verdiyev
“Xətai” sözünün təxəllüs kimi daha çox qılınc və qələm sahibi Şah İsmayılla məşhurlaşdığını söyləsəm, yəqin etiraz edən olmaz.
Akademik Fuad Qasımzadə Axund Hacı Kərbalayi Soltan Hüseynqulu oğlunun “Şah İsmayıl Xətai (xronoloji-tarixi məlumatlar” kitabına yazdığı “Siyasət, sənət, elm müsəxxiri” adlı ön sözdə həmin kitabın müəllifinə istinadən qeyd edir ki, Şah İsmayılın 11 təxəllüsü, 29 ad və ləqəbi olmuşdur. Əsl adı Əbül-Müzəffər İsmayıl ibn Heydər əs-Səfəvi olan şairimiz bunlardan daha çox “Xətai”-dən istifadə etmişdir. Filologiya üzrə fəlsəfə doktoru L.Faiqqızı yazır ki, son zamanlar bu ad və təxəllüsün “Xətai” yox, “Xətayi” olduğu təsbit edilmişdir. Bizcə də, bu, ən doğrusudur.
Şah babamızın “Xətai” təxəllüsü barədə çoxlu versiyalar vardır.
Bunların, demək olar ki, əksəriyyəti barədə sizlərin məlumatınız var. Bəri başdan deyək ki, versiyaların bir qisminin heç bir əsası, yəni sübutu yoxdur. Onları təsdiq edən yazılı mənbələr də mövcud deyil. Bəzilərini isə faktlar özləri təkzib edir. Bizcə, bu versiyalar (əfsanələr) insanların böyük şairə olan hörmət və ehtiramından, onun təxəllüsünün leksik mənasını öyrənmək istəyindən irəli gəlmişdir.
Biz bütün versiyaların yox, bəzi versiyaların üzərində xüsusi olaraq dayanmaq istəyirik.
Bunlardan biri Hatay təkkəsi versiyasıdır. Təkkə dindarların toplanıb ilahi hikməti və Allah sevgisini öyrənib anladıqları məkandır. Əssəyyid Ahmed Mekki Üşışık “Tam İlmihal” kitabında yazır ki, İsmayıl atası Şeyx Heydərdən qalan Xətay təkkəsində təhsil alımış və bu təkkədə Şeyx İsmayıl Xətai olmuşdur. Həmin zamanlarda yetişən şeyxlərin yetişdikləri təkkələrin adları ilə çağrılması ənənəsi isə çoxlarına məlumdur. Məsələn, Əmrə təkkəsindən çıxmış Yunis Əmrə və Tapdıq Əmrə özlərinə “Əmrə” təxəllüsünü götürmüşdülər. Və ya onları belə çağırmışlar.
Bir başqa versiyada isə belə hesab edilir ki, təxəllüsün kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub.
Ayrı bir versiyada Ş.İsmayılın təxəllüsü Ərdəbil yaxınlığındakı Xətai kəndi ilə əlaqələndirilir. Və bu adın da Xatay türkləri ilə bağlı olduğu bildirilir.
Əgər fikir versək, bu versiyaların hər üçündə “Xətay” türklərindən bəhs olunur. Bəs tarixdə belə türk qəbiləsi (tayfası) olmuşdurmu? Bəli, E.ö.II minilliyə aid Xett və e.ö.I minilliyə aid Urartu kitabələri, o cümlədən XI əsrdə yaşamış türk alimi M.Kaşğarinin “Divani Lüğat-it-Türk” əsəri, XIII yüzilliyin Tibet yazıları belə bir türk qəbiləsinin olduğunu təsdiq edir.
Xətay qəbiləsinin adı N.Gəncəvinin, onun ədəbi məktəbinin davamçısı fars şairi Xacu Kirmaninin əsərlərində də çəkilir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən çap olunmuş “Nizami Gəncəvi və folklor” kitabında qeyd edilir ki, “Nizaminin qənaətinə görə, xəta işlədiyi üçün cənnətdən qovulub yer üzünə göndərilən ilk insan – Adəm türk olmuşdur. Nizami hətta onu Xatay türkü hesab edir. Şairin «Sirlər xəzinəsi» poemasında oxuyuruq: “O, ay kimi (təmiz, günah etməyən, gözəl – İ.V.) Xətay türkü oldu, Və xəta zülfünü papağının altında gizlətdi.”
Adama elə gəlir ki, Nizami Adəm peyğəmbərdən deyil, Ay kağanın bətnində ikən Allaha tapınan Oğuzdan danışır. Ola bilsin ki, böyük türk sərkərdəsi Şah İsmayıl da özünə bu səbəbdən «Xətai» ləqəbini götürmüşdü. Maraqlıdır şairin qənaətinə görə, Adəm ay kimi Xətay türkü olub xəta zülfünü papağının altında gizlədir. Papağın məhz çox əski çağlardan Türkün qeyrət, namus rəmzinə çevrilməsinin kökündə bu qənaət dayanır”. Onu da deyək ki, bu ad “Xəta” kimi “İskəndərnamə” poemasında da çəkilir.
X.Kirmani isə qəzəllərinin birində ustadı Nizamini “Xətay türkü” adlandıraraq yazırdı: “Məndən o Xətay türkünə bir deyən kəs yoxmu, günahım varsa, Geri dön ki, ümidimiz sənədir…”. (sətri tərcümə)
Xataylar igid və qəhrəman olduqları qədər, zahiri cəhətdən də N.Gəncəvinin yazdığı kimi “Ay kimi”, gözəl və yaraşıqlı olmuşlar. Bu mənada “Elə gözəllər var bunlar içində, Ələ düşməz hərgiz Çinü-Maçində”, - söyləyərək Qarabağ gözəllərini onlarla müqayisə edən Vaqif tamamilə haqlı idi.
Görkəmli alimimiz, filologiya elmləri doktoru, professor M.Seyidov özünün “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində mənbələrə əsasən yazır ki, “Xəta//Xətayi azərbaycanlıların soykökündə duran qəbilələrdən biridir”.
O qeyd edir ki, “Xətay//Xatay sözü “xət//xat” və “ay” tərkiblərindən ibarətdir. Xat//xət” bir sıra türk dillərində “qatı”, “qatı eləmək”, “təpə”, “güclü külək” anlayışları mənasındadır. “Ay” isə əski saq, Yaqut dillərində çoxanlamlı sözdür. “Ay” Yaqut dilində “yaratmaq, yaradıcı, başlanğıc”, tanrı, yaradan və s. mənalarında işlənir.
Bu anlamlar göstərir ki, azərbaycanlıların soykökündə duran bu qəbilənin həmin adda –Xətayi adında insan yaradan, yaradıcı tanrısı olmuşdur. Bu tanrı yalnız dünyanı, insanı yaratmamışdır. O həm də bədii söz və sənət yaradıcısıdır. Həmin tanrını yaradan qəbilə öz adını da Xətay tanrısından götürmüşdür.
Təsadüfi deyildir ki, türk əsilli (bəli, türk əsilli) S.Nova Xətayi ilə bağlı şeirlərindən birində onu açıqdan-açığa “aləmi yaradan”, söz-kəlam yaradıcısı kimi öyür. Bu həm də onu göstərir ki, XVII-XVIII əsrlərdə Xətayi adlı tanrı aşıqlar arasında hələ də hörmətlə anılırmış.
Bəs bu xatay qəbiləsi harada yaranmışdır. Onların ilkin vətəni hara olmuşdur?
Türk etnonimlərinin ən görkəmli tədqiqatçısı olan, filologiya elmləri doktoru İ.Cəfərsoy göstərir ki, Çin hüdudlarında yaşayan türk tayfaları içərisində “Katay”lar da olmuşdur. Onların VI əsrdən başlayaraq Çinin siyasi həyatında mühüm rol oynadıqlarını tarixi faktlar sübut edir.
Alim qeyd edir ki, “xatay” etnonimi xatay-qutaş quş adından (Totemdən törəmiş “xutay-kitai-qutan” sözləri eyni bir onqonun adını bildirir. Buradan aydın olur ki, Şah İsmayılın özünə təxəllüs seçdiyi “Xətai” sözü bu onqonla bağlı olduğundan qədim türk uluslarından sayılan Xatayların adını özündə yaşadır” (“Xətai” təxəllüsü. “Elm və həyat” jur. N2, 1982)
Filologiya elmləri doktoru A.Paşayev “Xəmsə”də işlənən xüsusi adların izahlı lüğəti” əsərində yazır: “…Çin mənbələrində isə “xi” adlanan bu tayfa ta qədim zamanlardan Çin hüdudlarında öz müstəqilliklərini qoruyub saxlamaq uğrunda çinlilərlə daima vuruşmuşlar…
Xatay ulusu X əsrdən başlayaraq Yapon dənizindən tutmuş Baykal gölünə, Orta Çindən İssık-kula (İsti göl) qədər imperiya yaratmağa başlamışlar. Artıq onlar X yüzilliyin sonlarına yaxın şərqi Çinin hakimləri olublar. Həmin əsrdə xataylar Buluci Apu Akanın başçılığı altında Monqolustanı və Çinin bir hissəsini tutmuşlar. XII yüzillikdən sonra müsəlmanlığı qəbul etmiş və yerli türk tayfaları ilə qaynayıb- qarışmışlar…”.
Xatay qəbiləsi barədə professor A.Paşayev özünün “Azərbaycan təxəllüsşünaslığının əsasları” adlı əsərində də maraqlı məlumatlar təqdim edir.
Məsələn, kitabda oxuyuruq: “Belə nəticəyə gəlmək olar ki, geniş mənada tanrı – yaradan mənasında olan Xətai etnonimdir. Müasir Çin, Qədim türk və bir çox müasir dillərdə “Kitay” adlanır. Demək, “Kitay” adı da məhz “xatay” etnonimindən yaranmış, Kitay e.ə. 221-207-ci illərdən mərkəzləşdirilmiş imperiya yaradan Sinin adı ilə adlanmışdır… Və ya əgər “Xatay”, “Kitay” toponim və ya etnonim kimi “tanrı – yaradan” mənası ilə əlaqədardırsa, onda fars dilində Xuda (Allah və ya Tanrı) teoniminin də elə “Xatay” sözündən yaranmasını ehtimal etmək olar”.
Çindəki tarixi Maçin (Tavğac) ərazisindən söhbət açan türkoloq B.Tuncay “I sahib Gəray xanın yarlıkları (fərman, əmr və buyruqları-İ.V.)” adlı yazısında göstərir ki, “Mahmud Kaşğarlının “Divan-i Lüğət ət-Türk”də yazılanlardan belə anlaşılır ki, “Tavğaç” Maçinin adıdır və həmin ərazi Çindən, daha doğrusu Çin səddindən dörd aylıq uzaqlıqda yerləşir. Bildirilir ki, əslində üç hissədən ibarətdir. Bunlardan birincisi Yuxarı Çindir ki, bura “Tavğaç” deyilir. İkincisi Orta Çindir ki, “Xətay” adı ilə tanınır.
Aşağı Çindir ki, “Barxan” adı ilə tanınır. Lakin indi “Tavğaç” Maçinə deyilir, Çin isə Xətaydır… 1550-ci ildə verilmiş yarlıqda yer alan “...məndən Cituqan çayı sahilindəki, cənubdan Xətay, şimaldan Kurlyaut, şərqdən Çiraq, qərbdən Çiqillə həmsərhəd olan Kiçi Sakal çölündə yerləşən şirin sulu quyunu onun istifadə etməsini xahiş etdi...” cümləsində yer alan “Xətay” coğrafi adının çəkilməsidir ki, bu da yarlığın yazıldığı dövrdə Krımda oturan Uluq Ulus (Turan) xanlarının hökmünün, eynən əvvəlki xanların dövründə olduğu kimi, Çini də əhatə etməsindən, yəni Çinin də Turan dövlətinin daxilində olmasından xəbər verməkdədir”. (i-sahib-gc999ray-xanin-yarliqlari (2).pdf)
İbn-əl-Əsir (XIII əsr) “Əl-kamilfi-t-tarix” əsərində yazır: “Xatay Çinin bir mahalının və Xəta türklərinin adıdır”. Tədqiqatçı Ş.Samiyə və M.Əvhədi Ə.Bakuviyə və digərlərinə, əski Çin mənbələrinə istinad edərək bildirirlər ki, xataylar qədimdən uzaq Mancuriyada (qədimdə bu əraziyə Maçin də deyilib) yaşamış türk tayfalarından biri olmuşdur.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacı da Nizaminin yuxarıda göstərilən beytinə şərh verərkən deyir ki, Xətay bölgəsi Çində yerləşir və orada türklər yaşayırlar. (N.Yalçın: “N.Gəncəvinin kamilliyə gedən yolda ilk nəsihəti” məqaləsi, “Ədəbiyyat” qəzeti, 18 dekabr 2021-ci il)
Xataylar e.ə. III minillikdən miqrasiyalara başlamış Şərqi Türküstandan Suriyaya (Hataya) qədər uçsuz-bucaqsız ölkələrə yayılmışlar. İ.Cəfərsoy qeyd edir ki, “Kitay və ya Xatay ön Asiyanın çox qədim xalqlarıdır. Onların tarixi vətəni indi Türkiyə ərazisindədir və Hatay adlanır. Çünki müasir türk dilində “x” səsi yoxdur.” O, yazır: “Xatay eyni zamanda Türkiyə ilə Suriya arasındakı qədim mahalın adıdır…
Məlum olan odur ki, həm Çin Türküstanında, həm də Şimali Suriyada Xatay (O, I dünya savaşının yekunlarına görə Suriyaya verilmişdi-İ.V.) adlı mahal və şəhərlər olmuşdur. E.ö.II minilliyə aid Xett və e.ö.I minilliyə aid Urartu kitabələrində Xatay mahalının adı Xate kimi yazıya alınmışdır…
Xatayların bir hissəsini Urartu çarları e.ö.782-ci ildə Anadoludan İrəvan çuxuruna köçürmüşdülər. Əmir Teymur isə İldırım Bayazidlə döyüşdən sonra xatayların digər bir hissəsini Ərdəbildə və Təbrizdə yerləşdirmişdir. Şah İsmayıl Xətayinin əcdadları da Anadoludakı xataylardandır”. Ə.A. Mekki Üşışık isə “Tam İlmihal” kitabında yazır ki, Ş.İsmayılın babası Şeyx Cüneyd Ərdəbil şəhərindəki Hatay (Xətay) türklərindən idi.
Görkəmli yazıcımız Y.V.Çəmənzəminli də “Azərbaycan ədəbiyyatına bir nəzər” məqaləsində qeyd edir ki, “Xatayi İranda bir müddət hökumət sürən Səfəvi sülaləsinin bani və birinci padşahı Şah Ismayılın təxəllüsidir”.
İ.Şahbazov isə “Azərbaycan müəllimi” qəzetinin 05 sentyabr 1979-cu il tarixli sayında dərc olunmuş “Xətai” məqaləsində Şah İsmayılın təxəllüsü haqqında yazır: ”Qədim fars dilində yazılmış kitablarda Çin, Təklə Muğan, Orta Asiya və ümumiyyətlə Şərqdə azərbaycanlıların ərazisinə Xəta deyilmişdir. Beləliklə, Şah İsmayıl azərbaycanlıların yaşadığı Xəta ölkəsini vətəni hesab edib özünü Şah İsmayıl Xətai adlandırmışdır”.
AMK-nın dosenti V.Rəhimov “Səfəvilər dövründə təşəkkül tapmış “Şah Xətai” muğam guşəsinin mahiyyətinə dair” məqaləsində qeyd edir ki, “Xətai” təxəllüsü günahla bağlı deyil, bu daha müqəddəs anlam daşıyır. Xətai öz təxəllüsünü ulu babalarının yer-yurdundan, “Türküstan elinin” “Xatay” tayfalarının “Xatay” mahalının və ulu babalarının adından götürmüşdür”. (Onu da qeyd etməyi vacib sayırıq ki, “Xətai” təxəllüslü ilk yazarımız 4500 beytlik "Yusif və Züleyxa" poemasını qələmə almış Xətai Təbrizidir.)
Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan olan parlament üzvü Məhəmmədsadıq Aran 1942-ci ildə İstanbulda “Sənan Azər” imzası ilə çap etdirdiyi, lakin zamanında rəsmi dövlət qərarı ilə Türkiyədə qadağan olan “İran türkləri” əsərində yazırdı: “Xəta” deyil, Xətay, Xitay və yaxud Kitay şəklində istifadə edilməsi gərəkən bu kəlmə böyük bir saf türk boyunun adıdır ki, bu türk boyunun önəmli bir bölüyü İran Azərbaycanında yaşamaqdadır.
Təbriz şəhərinin kamilən türk olan 300 min əhalisinin 40 minə yaxın bir qismi xətaylıdır. Onların məhəllə adı Xətaylı məhəlləsi, küçə, hamam, məscid və hətta əsrlik çinar ağacının adı belə xətaylı çınardır. Xətaylıların bir qolu da Ərdəbil şəhəri və ətraf kəndlərində yerləşmişdir”.
Müəllif davam edərək göstərir ki, “Türkiyə-Fransa arasında dörd-beş il əvvəl Xətay məsələsi alovlandığı əsnalarda bir fransız qəzetinin mühərriri Antakyadakı türklərdən bu sualı soruşmuşdu: “...siz xətaylılar, əski yurdunuz olan İrandakı Azərbaycan ölkəsinə - Təbriz bölgəsinə - dönmək istəyərsinizmi?” Bu sual xətaylılardan böyük bir qisminin Azərbaycanda yerləşmiş olduğunu və avropalıların bunu bizdən daha yaxşı bildiyini göstərən bir dəlildir… Şah Xətai, Şah İsmayıl Səfəvinin atası dəxi bugünkü İranın Ərdəbil şəhəri çevrəsində yerləşən xətaylı bir türk bəyinin nəslindən törədiyi üçün özünə əcdadından yadigar qalan bu türk adını bir şərəf və fəxr ləqəbi olaraq almışdır”. Digər bir sıra tədqiqat əsərlərində də bu fikir dəfələrlə vurgulanır.
Gördüyünüz kimi, tədqiqatçılarımızın əksəriyyəti Şah İsmayılı əsil-nəcəbcə xatay türkü hesab edir və onun təxəllüsünü də həmin adla bağlayırlar. Təsadüfi deyil ki, A. Paşayev “Xəmsə”də işlənən xüsusi adların izahlı lüğəti” əsərində yazır ki, “Son tədqiqatlar da göstərir ki, XVI əsr görkəmli Azərbaycan şairi və ictimai dövlət xadimi Şah İsmayıl Xətainin təxəllüsü Xatay tayfasının adı ilə bağlıdır”. (Düzdür, buna inamsız yanaşanlar da var.) Amma həqiqət budur. Və onun bir üzü var.
M.Seyidov yuxarıda adı çəkilən əsərində yazır: “Araşdırma aydınlaşdırmışdır ki, bu qəbilədə - soyda, soybirləşməsində mədəniyyət, çağına görə inkişaf etmişdir. Xətay qəbiləsindən onlarca tanınmış sənətkarlar, bilicilər çıxmışdır. Kökü Xətay//Xatay soyu ilə bağlı bilicilərin, sənətkarların çoxusu özlərinə xətay+ı təxəllüs, ikinci ad kimi qəbul etmişlər. Elə Şah İsmayılın təxəllüsü Xətayi də bu soyun adı ilə bağlıdır. Ş.İ.Xətai özü yazırdı ki, “Mənim adım vəli, “Şah İsmayıldır” Təxəllüsüm Xətaidir, Xətai”.
Ümumiyyətlə, tarixdə “Xətay” soyundan olan onlarla sənətkar var. Onların içində Şərqdə tanınmış Altun Boğa Xatay, Sulti Xətay, Xətai Təbrizi və Şüştəri, Səmərqəndi, Sui, Yəzdi, Kocrati və Mir Qurani kimi “Xətai” təxəllüsü ilə yazan şairlər olmuşdur.
Türkdilli xalqlarda, o cümlədən azərbaycanlılarda qəbilənin baş onqonunun – totemin adının götürülməsi adəti olub. Adətə görə onların adlarını xaqanlara, sərkərdələrə, ağsaqqalara verirmişlər. Belə ad qoyma Azərbaycanda geniş yayılıbmış.
Bunun ən bariz nümunələrindən biri də qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoymuş böyük şəxsiyyət Şah İsmayılın götürdüyü Xətai təxəllüsüdür. Bu isə onun Xatay tanrısının adı ilə adlandırılan Xatay qəbiləsindən olduğuna işarədir. Yəni əslini və nəslini bildirir. Sözün sonundakı “i”-nin (və ya ”yi”-nin) nisbət və mənsubiyyət bildirməsi də bunun təsdiqidir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.