Qacarlar - İlhami Cəfərsoy
Azərbaycan və Türkiyə tarixçilərinin yazdıqlarına inansaq, qacarların adı tarixi mənbələrdə ilk dəfə 1492-ci il sənədlərində çəkilmişdir (Faruk Sümər. Oğuzlar. 1992.s. 235). Bizlərdən fərqli olaraq Türk beyinli rus alimi N.A.Baskakov yazır ki, Kaçarev knyaz nəsli Xəzər mənşəlidir. X əsrin ortalarında Xəzər xaqanlığı süquta uğrayanda qacarların bir hissəsi Moskvaya gəlmiş, xristian dinini qəbul edərək tədricən ruslaşmışdır. Həmin nəsildən Rusiyanın bir neçə tanınmış elm və dövlət xadimləri çıxmışdır (Баскаков Н.А. Русские фамилии тюркского происхождения. Москва.1979. с.135). Qacarlar əslində Xəzər dövlətinin yaranışından çox qabaq gürcülərin Kaxeti dedikləri Albaniyanın Qax mahalında yaşayırdılar. Qədim İber salnamələrindən birində deyilir: Müqəddəs Nina lV əsrin sonlarında Yerusəlimdən ölkəmizə gələrək Kaxetidə yaşayan Kaçar xalqını xristian edib onlara tək allahı tanıtdı (Джанашвили М.Г. История грузинской церкви. Тифлис.1898. с.54). Gəlin, ali və orta məktəb dərsliklərimizi yenidən yazaq, özgələrin özləri üçün yazdıqları tarixi əzbərləməyək. Biz, Qafqaz və Ön Asiyanın qədim sakinləri İsa peyğəmbərlə ilk xristian mədəniyyətinin, Musa peyğəmbərlə ilk yevrey mədəniyyətinin yaradıcılarıyıq. Tələbələrimiz bilsələr ki, Sarı Çin alpları e.ö.Xlll əsrdə Sinay dağında Musa hümmətini firon zülmündən qurtarmışdır, dinlərin tarixini ərəb, fars təfəkkürü ilə yox, Azərbaycan düşüncəsi ilə öyrənəcəklər. Müəllimlərimiz bilsələr ki, Süleyman peyğəmbərin adı yəhudicə Solomon yox, türkcə Ər Pun olmuşdur, Qarabağ Universitetində anqlo-rus aşiqləri yox, milliyyətçi gənclər yetişdirəcəklər. İnanmaq istərdim ki, Təhsil Nazirliyimizin başbilənləri mənim əsərlərimi oxuyub görsələr ki, Dağlıq Qarabağ rus işğalına qədər Ağbağ adlanırdı, bizi ağ günə çıxardacaqdır.
Paralel.az