Gələn ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edilib

Gələn ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edilib
 

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlir proqnozu 36 milyard 616 milyon manatdan 38 milyard 316 milyon manata, xərc proqnozu isə 39 milyard 667,6 milyon manatdan 41 milyard 367,6 milyon manata yüksəldilib.

O, cümlədən, mərkəzləşdirilmiş gəlirlər 37 milyard 520 milyon 952 min manat, yerli gəlirlər 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərclər 40 milyard 567 milyon 265 min manat, yerli xərclər 800 milyon 335 min manat məbləğində təsdiq edilib.

Bundan əlavə məlumatda deyilir ki, növbəti ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 811 milyon 769,907 min manat vəsait nəzərdə tutulub. Bu da 2024-cü illə müqayisədə 420 milyon 339,411 min manat və ya 9.6% çoxdur.

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri Natiq Cəfərli gələn ilin dövlət büdcəsini şərh edib.

"2025-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Bu 2024-cü ilə nisbətən müvafiq olaraq 0,6% çox və 0,2 % azdır. Yəni, gəlirlər cəmi 0,6% artacaq, xərclər isə 0,2% azalacaq. Xülasə, maaş və təqaüdlərdə ciddi artım olmayacaq, ən yaxşı halda 8-10% civarında artımlar ola bilər", o qeyd edib.

Onun fikrincə büdcə gəlirlərinin, demək olar ki, artmaması onu deyir ki, biznes yaxşı durumda deyil.

"İqtisadi aktivlik yox dərəcəsindədir. İqtisadi artımın əsas "driver"-i yenə neft gəlirləri və büdcə xərcləri olacaq - başqa sözlə, son 20 ilin "qısır döngəsindən" çıxa bilmirik..." , Cəfərli əlavə edib.

0.0063331127166748