Dünya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya şuralarının sayı açıqlandı

Dünya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya şuralarının sayı açıqlandı
 

Dünya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya şuralarının sayı 16-ya çatıb.

Bu barədə Paralel.az a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Görüşə Malayziya, İndoneziya, Tailand, Filippin, Vyetnam, Kamboca və Cənubi Koreyadan olan diaspor nümayəndələri qatılıblar.

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov diaspor tarixində ilk dəfə olaraq reallaşan bu toplantı münasibətilə azərbaycanlıları təbrik edib, diaspor fəaliyyətinin səfirliklərin gücünə güc qatdığını bildirib.

Səfir Elçin Bəşirov Tailandda Azərbaycan səfirliyinin yeni fəaliyyətə başladığını, diaspor fəallarına hər zaman dəstək verməyə hazır olduğunu söyləyib.

Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olunub. Elçin Hüseynov Malayziya, Əli Hüseynli İndoneziya, Gündüz Qasımlı və Elşən Bənnayev Tailand, Təranə Babayeva Filippin, Əli Əlizadə Vyetnam, Fuad İmamquliyev Kamboca, Cəmil Vəliyev Cənubi Koreya üzrə AKŞ-nin koordinatorları seçiliblər. Bununla da dünya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya şuralarının sayı 16-ya çatıb.

Tədbir çərçivəsində malay dilində çap olunmuş Azərbaycan ədiblərinin əsərlərindən ibarət “Ürəkdə yazı” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Malayziya parlamentinin Qərbi Asiya regionu üzrə Dostluq Qrupunun rəhbəri Zahir bin Hassan, Malayziyanın Turizm Nazirliyinin baş katibi Vira Roslan Tan Sri Abdul Rahman, Milli Birlik Nazirliyinin baş katibi Hasnol Zam Zam, Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif, xarici ölkələrin Malayziyada akkreditə olunmuş səfirləri, universitet rektorları və kitabxana direktorları iştirak edib.

Malayziya Tərcümə və Kitab İnstitutunun (Malaysian Institute of Translation & Books) rəhbəri Nur Amin Əhməd çıxışında bildirib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlığın səmərəli nəticəsi olaraq ortaya çıxıb.

Toplantı Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” musiqi qrupunun ifaları ilə başa çatıb.

 

0.019248008728027