Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək.
Bu barədə Paralel.az -a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, Günəşin səthində bir sıra aktiv oblastlarda güclü X sinif (radiodalğaların yayılmasına güclü maneələr yaradan) alışmaların baş verdiyi müşahidə olunub. Oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib. Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) 10-12 oktyabr tarixlərində Yerə çatacaq.
Günəş aktivliyinin 11-12 oktyabr tarixinədək yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır. Yaranan Günəş qasırğaları (S1-S2 - nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək, sonrakı periodda fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyacanlaşmış vəziyyətdə olacaq.
X1.8 alışması səbəbindən yaranan TKA planetlərarası fəzada saniyədə 1200-1400 km sürətlə yayılacaq, Yer yaxınlığında isə sürəti 600-700 km/s təşkil edəcək. Yaranmış bir neçə TKA hesabına Günəş küləyi zərbə keçidində olacaq. TKA-ların təsiri 10-12 oktyabr tarixlərində hiss ediləcək, oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsi ilə qeydə alınacaq.
Oktyabrın 10-11-də Yerin geomaqnit sahəsi həyəcanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasıının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər.