Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov
 

Paralel.az Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun "Azərbaycan romanşünaslığına qiymətli töhfə" məqaləsini təqdim edir.

Minilliklərdən bəri qrammatik ənənələrin yaşadılması, linqvistik kateqoriyaların qüsursuz şəkildə bu günümüzə gəlib çatması bəşəriyyət tarixinin vacib nailiyyətlərindəndir. Yunan filosoflarından bəri qrammatiklər ayrı-ayrı dilləri, ümumiyyətlə, dili təsvir etmək üçün bu kateqoriyalardan istifadə etmişlər. Bildiyimiz kimi, bugünkü Qərb qrammatikasının kökləri Aristotel ənənəsinə dayanır və dil fenomenini fəlsəfi araşdırma üsulu ilə dərk etmək cəhdini əks etdirir. Por-Royal qrammatikasında və klassik dillərin XVIII-XIX əsr qrammatikalarında dominantlıq edən bu ənənə linqvistikanın fundamental bazasını təşkil edir. Müxtəlif dillərdə nitq hissələri, cümlə üzvləri, söz birləşməsi və cümlənin tədqiqinin çoxminillik tarixi vardır. Bu qəbildən olan tədqiqatların ilkin motivasiyası deduktiv səciyyə daşıyır və dilin təbiəti haqqında xüsusi fəlsəfi konsepsiyalara əsaslanır.

Qrammatika fəlsəfə ilə olduğu kimi məntiqlə də sıx əlaqədardır və fikir çox vaxt məntiqi çərçivədə dəyərləndirilir. Dil təfəkkürün ifadə vasitəsi olduğu üçün dilin strukturu ilə təfəkkürün strukturu arasında əsaslı paralellərin mövcudluğu şübhəsizdir. Bu, məntiqi vahidlərə paralel olan linqvistik vahidlərin postulat kimi qəbul edilməsinə gətirib çıxarır. Beləliklə, əsas təfəkkür vahidi, yəni mükəmməl düşüncə qrammatikanın təməl vahidində, yəni cümlədə və mətndə linqvistik əmsala malik olur. Hər bir düşüncədə fikrin subyekti və həmin subyektə aid olan predikat vardır. Ona görə də hər bir bitmiş cümlə subyekti və predikatı ehtiva edir. Bununla belə, ənənəvi kateqoriyaların induktiv mahiyyətini də qeyd etmək lazımdır. İntibah dövrü qrammatikləri aydın şəkildə etiraf edirdilər ki, faktiki dil istifadəsində linqvistik formaların təzahürü legitim empirik problemlərin yaranmasına səbəb olur.

Məsələn, isim və əvəzliklərin hal morfologiyasına malik olduğu klassik yunan və latın dillərində “nominativ – subyektin halı”, “akküzativ – vasitəsiz tamamlığın halı”, “dativ – vasitəli tamamlığın halı” kimi xarakterizə olunur. Qrammatiklər həmişə dilin empirik problemlərinə nəzəri cəhətdən əsaslandırılmış izahatlar verməyə çalışmışlar.

Por-Royal qrammatikasının məqsədi qeyri-rasional prinsiplər üzərində qurulan ayrı-ayrı dillərin kateqoriyalarını və strukturlarını müəyyənləşdirmək deyil, danışıq sənətinin əsasında dayanan universal və rasional prinsipləri aşkar etməkdir. Por-Royal qrammatikləri dilin qrammatik modellərində təfəkkürün rasional strukturunu fərqləndirirdilər. Qeyd etmək lazımdır ki, qrammatikanın mahiyyətini aydınlaşdırmaq və ayrı-ayrı dillərin qrammatikasını öyrənmək üsullarını asanlaşdırmaq məqsədilə təkcə bu ümumi və rasional prinsiplərin mahiyyətini qavramaq kifayət deyil, həm də onların müəyyən dillərin işlənməsində müxtəlif konstruksiyalarla bağlılığını aşkara çıxarmaq zərurəti vardır.

XVII əsrdə müxtəlif Qərb ölkələrində, xüsusən, Fransada və Britaniyada universal dil layihələri dilçilik tarixinin və dil fəlsəfəsinin anlaşılmasına böyük töhfələr vermişdir. Fransada təkcə Por-Royal qrammatikasını göstərmək olar ki, bu günə qədər öz əhəmiyyətini qoruyub saxlamış və müxtəlif qrammatika təmayüllərinin yaranması üçün bazis rolunu oynamışdır.
Təsadüfi deyildir ki, Ümumi və rasional qrammatikanın mərkəzində dil və təfəkkürün qarşılıqlı əlaqəsini şərtləndirən məntiqi-qrammatik paralellik dayanırdı.

Tarixin müəyyən dövrlərində “Por-Royal” qrammatikası sanki diqqətdən yayınmışdır. XVIII əsrin ortalarına doğru bu kitabı kitabxanalarda tapmaq belə, çətinləşmişdir. Sonrakı dövr “ümumi və rasional qrammatika” ənənəsinin çiçəklənməsi ilə bağlıdır. Həmin dövrdə bu qrammatikaya dair xeyli sayda əsərlər yazılmış və diskussiyalar aparılmışdır. Por-Royal qrammatikası məntiq qanunlarına əsaslanan rasional qrammatikanın predmeti qismində ümumi qrammatikanın predmetini müəyyənləşdirirdi. Məsələn, bu qrammatikada cümlənin üçlü strukturu (başa düşmək; mühakimə etmək; nəticə çıxarmaq) ideyası, demək olar ki, XIX əsrin ortalarına qədər bütün ümumi qrammatikaların aparıcı xətti olmuşdur. Por-Royal qrammatikası qədim linqvistik ideyaları müasir linqvistik tədqiqat nəzəriyyələri ilə əlaqələndirən mühüm mənbədir.

Dilçi-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun Qızıl tədqiqatlar seriyasından “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və rasional Por-Royal qrammatikası” adlı növbəti monoqrafiyası Azərbaycan romanşünaslığı üçün böyük töhfədir. Bu qiymətli əsər müəllifin fədakar əməyinin bəhrəsidir. Əlimizdə olan monoqrafiya klassik dəyəri, elmi sanbalı, linqvistik məziyyətləri və filoloji siqləti ilə nadir işlərdən biridir. Kitabda, fundamental mənbələrə istinadən “Ümumi və rasional Por-Royal qrammatikası”nın elmi məziyyətlərindən bəhs olunur, əsərin dünya dilçiliyindəki layiqli yeri müəyyənləşdirilir.


Kitab 3 bölümdən, 31 fəsildən və 15 yarımfəsildən ibarətdir. Müqəddimədə müəllifin bəzi zəruri qeydləri, mülahizə və müddəaları öz əksini tapır, ümumi qrammatika – törədici qrammatika əlaqələri araşdırılır, ümumi qrammatikanın koqnitiv-semantik layında cümlənin strukturu və tranzitivlik məsələlərindən bəhs olunur. “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-¬¬Royal qrammatikası” adlı 7 fəsildən və 4 yarımfəsildən ibarət birinci bölümdə əhatəli tədqiqatlar aparılaraq orta əsr və İntibah dövrü Avropasında universal dil layihələrinin maraqlı nümunələri diqqətə çatdırılır. Müəllif qeyd edir ki, elmi inqilab üçün mühüm olan Kartezian metod XVII əsrdə linqvistik tədqiqatlara böyük ölçüdə təsir göstərmişdi. XVIII əsr qrammatikləri XV-XVI əsrin yerli qrammatiklərinin linqvistik tədqiqtalarına əsaslanaraq özlərinin dil universaliləri nəzəriyyələrini yaradıb inkişaf etdirmişlər.

Bu bölümün müvafiq fəslində Por-Royal qrammatik konsepsiyası ümumi və rasional dil ideyasını şərtləndirən bir sistem kimi XVII əsr rasionalizminin mürəkkəb mən¬zərəsində aparıcı xətt, hərəkətverici impuls – rasiona¬lizmin nəzəriyyədən metoda çevrilməsi şəklində xarakterizə olunur. Bu konsepsiya sonrakı əsrlərdə dilçilikdə elmi inqilablar üçün münbit zəmin hazırlamışdır. Qeyd olunur ki, universal qrammatika yaratmaq təşəbbüsləri orta əsrlərdə daha geniş vüsət almışdır. Bu işə modistlər və humanistlər öncüllük etmək istəsələr də, əsas uğur XVI-XVII əsr mütəfəkkirlərinin payına düşür və onlar Skandinaviya ölkələri daxil, bir sıra Qərb dövlətlərini əhatə etmişdir. Müəllif Fransada A.Arno və K.Lanslonun Por-Royal qrammatikası adlanan dünyaca məşhur Ümumi və rasional qrammatika (1660) kitabını həmin dövrdə bu mövzuda qələmə alınmış bütün əsərlərin fövqündə hesab edir və o, bunu Por-Royal qrammatrikasının XVII-XVIII əsrlərin linqvistik tədqiqatlarında dominantlıq edən universal qrammatikanın müasir ənənəsini kəşf etməsi ilə əlaqələndirir. “Por-Royal qrammatikası törədici qrammatika, koqnitiv linqvistika kimi bu gün dəbdə olan bir sıra aparıcı dilçilik istiqamətlərinin pioneridir”. Müvafiq mənbələri araşdıran İ.Abbasov dilçilərin bir-birinə zidd fikirlər səsləndirnməsinə baxmayaraq, cəsarətlə iddia edir ki, Ümumi və rasionalı Por Royal qrammatikası dilçilik tarixində Frans Boppdan tutmuş Vilhelm von Humboldta, Rasmus Raska, Noam Çomskiyə, hətta koqnitiv linqvistikanın baniləri Corc Lakof və Mark Conson kimi bir çox yaradıcı mütəfəkkirlərə böyük ölçüdə təsir göstərmişdir. O, fonetik, morfoloji, sintaktik, semio-koqnitiv, məntiqi-rasional və dərin fəlsəfi-semantik, linqvistik-psixoloji özəllikləri ehtiva edən Por-Royal qrammatikasının müasir dilçiliyin mütərəqqi siması və stimulverici ruhi-müqəddəsi olduğu qənaətinə gəlir.

II bölümdə müəllif “Ümumi və rasional Por-Royal qrammatikası”nı (1660) 1803 və 1846-cı il nəşrləri ilə müqayisədə, III bölümdə isə Şarl Düklonun həmin Qrammatikaya yazdığı mükəmməl şərhləri ilk dəfə olaraq fransız dilindən Azərbaycan dilinə tərcümə edib monoqrafiyaya daxil etmişdir. Qeyd edək ki, romanşünaslığın 1660-cı ilə dair bu şah əsəri indiyədək dilimizə tərcümə olunub tədqiq edilməmişdir. Bu mənada təqdim edilən əsər Azərbaycan romanşünaslığında ilkdir.

Beləliklə, filologiya elmləri doktoru, professor İdris Abbasovun 364 il bundan əvvəl fransız dilində yazılmış nəhəng dil abidəsinin Azərbaycan dilinə tərcüməsi də daxil olmaqla Qızıl tədqiqatlar seriyasından “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və rasional Por-Royal qrammatikası” adlı monoqrafiyası yüksək elmi-linqvistik məziyyətləri ilə Azərbaycan romanşünaslığına və ümumi dilçiliyə qiymətli hədiyyədir.

0.011065006256104