Dünyada iqtisadi artım sürəti və biz: Adambaşına ÜDM-nin həcmini necə kiçildirik?
Uzun illər öyünülən bir makroiqtisadi bir göstəricimiz olub. ÜDM və ya adambaşına ÜDM-nin böyümə templəri. Bildiyimiz kimi hər bir ölkənin ölkənin iqtisadi inkişaf səviyyəsini əks etdirən amillərdən biri adambaşına düşən ÜDM (AQP) səviyyəsi hesab olunur.
Məlum olduğu kimi dünyada inkişaf etmiş dövlətlərdə ortalama olaraq adambaşına ÜDM həcmi 50-60 min dollar arasında dəyişir. Dünya rekordları qıran Qətərdə, Lüksenburda bu rəqəm 100 min dolların üzərindədir.
Lakin dünya üzrə 50 min dollarlıq ÜDM-nin median həddinə gəlib çatmış dövlətlərin bu prosesə sərf etdikləri zaman fürsətləri tədqiq olunub. Araşdırmaların nəticələrinə görə, adambaşına düşən ÜDM-nin həcminin 10 min dollardan 25 min dollara çatdırılmasını hədəfləyən bu dövlətlər həmin hədəfə aşağıdakı illərdə çata biliblər:
İngiltərə 55 il, Avstraliya 45 il, ABŞ 44 il, Kanada 43 il, Yunanıstan 35 il, Fransa 32 il, Hollandiya, Belçika, İspaniya, Almaniya 31 il, Yaponiya 22 il, Cənubi Koreya 19 il və Tayvan 18 il.
Bu ölkələr adambaşına düşən 10 min dolları 25 min dollara çatdırmalaraı üçün ortalama olaraq 33 il zaman xərcləyiblər.
Müqayisədən də görmək olur ki, 20 ilə bu hədəfi yaxala bilən 3 ölkə olmuşdur: Yaponiya, Tayvan və Cənubi Koreya.
Qərb ölkələrində artım sürəti digər iqtisadi coğrafiyalara nisbətdə aşağı templə getmişdir. Avropa Birliyi ölkələrində isə bu proses 32 ildə yekunlaşmışdır. Fransa, İtalya, İspaniya və Yunanıstan məhz Avropa Birliyinin dəstəyi sayəsində bu hədəfə daha tez nail olublar.
Rəsmi mənbələrdən əldə etdiyim məlumatlar əsasında adambaşına düşən ÜDM-nin dinamikasını müqayisə etmək üçün müxtəlif illər üzrə həmin göstəriciləri təqdim edirəm:
2008-ci ildə adambaşına düşən ÜDM 9183 ABŞ dolları
2012-ci ildə adambaşına düşən ÜDM 7594,3 dolları
2013-cü ildə adambaşına düşən ÜDM 7977 dolları
2022-ci il üzrə adambaşına düşən ÜDM 6 842 ABŞ dolları
2023-cü ildə isə adambaşına düşən ÜDM həcmi 7126 dollar
2013-ci ildə yuvarlaq olaraq adambaşına 8000 dollarlıq ÜDM təşkil etmişdisə, 2023-cü ildə bu rəqəm 7126 dollar olmuşdur.
Demək son 10 ildə adambaşına düşən ÜDM həcmi 11 faiz azalmışdır.
İldən-ilə adambaşına düşən ÜDM həcminin kiçilməsi fonunda biz 25 min dollarlıq hədəfə yaxınlaşa bilmərik. Çünki öncə biz 5 rəqəmli artım hədəfinə(10000+) nail olmağı bacarmalıyıq.
İndi bildiniz, biz hardayıq?
Hara yön alırıq? Hansı sürətlə və “skorostla” gedirik?
Neftdən sonrakı dövrlər ağlamalı olacaq, dəsmallarınızı hazırlayın...
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı
Paralel.az