Hakimiyyət üçün "səmərəli" məsləhət, yaxud seçki abırsızlığına son!

Hakimiyyət üçün
 

Hər seçkidən seçkiyə ölkədə nifrət sindromu qabarir. Sanki süni, amma idarəolunan şəkildə qonşunu, qohumu, dostu, el- obani salırlar bir-birinin canına. Yaşlı, gənc qadınları karusellərə cəlb etməklə, müəllimləri komissiyalarda saxtakarlığa sürükləməklə onları hörmətsiz duruma salmaq gerçəkdən cəmiyyətdə qəzəb, nifrət və aqressiya hisslərini artırır. Bəs mövcud şərtlərdə seçkidə müşahidə etdiyimiz həmin idbar səhnələri necə önləmək olar ? Hətta ölkədə seçkinin hazırkı durumunda belə bu xoşagəlməz mənzərəni nisbətən dəyişmək mümkündür. Necəsini yazacam.
Ümumiyyətlə hər seçkidə qarşılaşdığımız "karusel" əməliyyatları, topa bülletenlərin atılması kimi üsullar iyrənc olmaqla yanaşı, həm də primitivlik əlamətidir. Bu da bir gerçəkdir ki, seçici seçkiyə gəlmir, gələn üçün də bu rəqəm 15 faizi keçmir. Yəni hakimiyyətin əlində kifayət qədər resurslar olduğu halda bu primitiv usullara - "karusel", topa bülleten əməliyyatına əl atmadan da seçkini qazana bilər. Amma necə? Əlbəttə ki, əsasən kənd rayonlarında daha çox effekt verə bilən bu metodu YAP-çılar gözəl bilirlər və sınayıblar da...
2016-cı ildə keçirilmiş bir təkrar seçkidə bu metoda yaxından şahid oldum. Hakimiyyət namizədi inzibati resurslardan maksimum istifadə edərək seçkini "qazandı". Qələbə ədalətsiz, qeyri bərabər şərtlərdə əldə olunsa da, zahirdə seçkinin demokratikliyi təmin edildi, topa bülletenlərin atılmasına da, "karusel" kimi insan ləyaqətini alçaldan hərəkətlərə da ehtiyac qalmadı.
Bəs, həmin metod nədir və nədən ibarətdir?
Çox sadədir. Deməli, icra nümayəndələri öz komandası ilə kənddə hamı tərəfindən tanınan və qəbul edilən 5-10 nəfəri bu işə cəlb etməklə onları xüsusi ayrılmış maşınlarla evlərə göndərir və səhər saatlarından onları məntəqələrə daşıyırdılar. Əlbəttə yol boyu onları "təlimatlandıraraq". Beləliklə hər kənddə yarım saata orta hesabla 40-50 nəfər səsverməyə cəlb olunur və 10 saatliq seçki prosesində təxminən 1000 təlimatlanmiş seçici sandıq başına cəlb edilə bilirdi.
Gerçəkdən belə bir sadə və hakimiyyət üçün mümkün olan metod varsa, bəs, kameralar önündə iyrənc səhnələrin yaranmasına niyə imkan verir? Niyə xalqı bir-birinin canına salır?
Yəni görünən budur ki, hakimiyyət bu sadə üsulu belə gerçəkləşdirməkdə acizdir artıq. Ya da belə resurs imkanları artıq tükənib. Tükənməsəydi, ölkənin qanunverici orqanı təmsilçilərinin əsasən əlacsız JEK işçilərinin, müti müəllimələrin primitiv və çirkin seçki saxtakarlığı ilə "seçilməsi" rüsvayçılığına yəqin ki, razı olmazdı.
Ədalətli, rifaha söykənən cəmiyyətin yolu azad, demokratik seçkidən keçir. Görünən budur ki, mövcud hakimiyyət belə sistemi istəmir, heç onun işartıları belə görünmür. Amma bu olacaq, bunu mütləq edəcəyik, gec, ya tez!
Ölkəmdə azad, demokratik seçki diləyilə...

Müəllif:Rüfət Muradlı

Paralel.az 

0.0086550712585449