"Bir tərəfdən varlılar sərinləyərkən, yoxsullar yanır"
Fransada aparılan bir araşdırma göstərir ki, isti hava dalğaları zamanı Parisdə bütün kondisionerlər işə salındığında, küçələrdəki temperatur normala nisbətən 2,4 dərəcə artır. Qlobal istiləşmə həddinin 1,5 dərəcə olduğu nəzərə alındığında, bu artış çox dramatikdir!
Paralel.az xəbər verir ki, bunu beynəxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O bildirib ki, kondisionerlər içəridəki isti havanı xaricə ötürərək, sərinlənməyənləri daha da cəzalandırır:
"Bir tərəfdən varlılar sərinləyərkən, yoxsullar yanır. Eyni iqlim böhranında yaşanan kimi, çünki dünyanı qızdıran karbon emissiyalarının demək olar ki, hamısı "inkişaf etmiş" zəngin ölkələrdən qaynaqlanır. İqlim böhranının ən sərt nəticələrini isə emissiyalarda ən az payı olan "az inkişaf etmiş" ölkələr yaşayır.
Kondisioner və soyuducu fanlar da daha çox inkişaf etmiş ölkələrdə yayılıb. Yaponiyada evlərin 91%-də, ABŞ-də 90%-də kondisioner var. Səudiyyə Ərəbistanı və Çində də bu faizlər 60-dan yuxarıdır. İsti hava dalğaları artdıqca, kondisioner istifadəsinin bütün dünyada artacağı proqnozlaşdırılır. 2050-ci ilə qədər dünya evlərinin təxminən üçdə ikisində kondisioner ola biləcəyi təxmin edilir. Bu isə inanılmaz bir enerji tələbi deməkdir. Beynəlxalq Enerji Agentliyi bu vəziyyəti "Soyuq böhran" adlandırıb. Onsuz da hazırda sərin qalmaq üçün kondisioner və elektrikli fan istifadə dünya üzrə binalarda istifadə olunan ümumi elektrik enerjisinin təxminən 20%-ni təşkil edir. Gələcək 30 ildə sahə soyutmaya yönəlik enerji tələbinin 3 dəfədən çox artacağı düşünüldükdə, sərinləşdikcə daha çox istilənəcəyimiz açıq-aşkardır".