Qızlar "lütkom"a ərə gedib həyatlarını çürütsünlər? - Faiq Ağayev
Xalq artisti Afaq Bəşirqızının 2 ay əvvəl dediyi "evi, işi, pulu olmayan oğlana ərə getməyin" sözləri hələ də müzakirə olunmaqdadır.
Paralel.az xəbər verir ki, sosial şəbəkə istifaəçiləri bu cür fikirləri səsləndirən şəxsin Xalq artisti olmasından məyusluğunu ifadə edib.
Digər bir Xalq artisiti Faiq Ağayev isə tənqidlərə cavab olaraq A.Bəşirqızının fikirlərini müdafiə edib.
"Neyləsin qızlar? "Lütkom"a ərə gedib, özünün də, onun da həyatlarını çürütsünlər?
Vizyon və insaniyyətlə qidalanıb, əyin-baş alıb övlada yiyə duracaqlar?
Ev əsas şərt deyil, kirayə də qalmaq olar. Amma işsiz (avara, müftəxor) adam mənən özü də sınacaq, yoldaşını da bədbəxt edəcək.
Əndrəbadi bir şey yoxdur burada, acı reallıqdır. Məişət istənilən ülvi məhəbbəti məhv edəcək. Ailə çətinliklərə sinə gərər, amma çarəsizliklə, problemlə evlənməz, ailə qurmazlar.
Bədbəxtlərin sayını belə "romantik" üsyanlarla çoxaltmayaq, lütfən".
Xalq artisti ölkədə evlənmək üçün 20-30 yaş arasındakı gəncə ev şərti qoymağı "əxlaqsızlıq" adlandıran sosial şəbəkə istifadəçisinə bu cür cavab verib:
"Əxlaqsızlıq deyil, sərt (əslində, başadüşülən) istəkdir. Onu baş şərt kimi tutmazlar, razıyam. Amma iş, qazanc vacibdir, qaçılmaz şərtdir" - o söyləyib.